IV Bakı Beynəlxalq Teatr Konfransı – Son plenar iclas

6 Baxış

147851575117

Ötən gün IV Bakı Beynəlxalq Teatr Konfransında Tuncer Cucenoğlu və İnna Afanasyevanın moderatorluğu sonuncu plenar iclası olub. Senet.az-ın məlumatına görə, Azaliya Balqazina (Rusiya) “Çoxmədəniyyətlilik və teatrın nəzdindəki muzeylərin problemləri” məruzəsində teatrların nəzdində fəaliyyət göstərən muzeylərin teatrın arxivi rolu oynadığını qeyd edib. Bildirib ki, Başqırdıstan Akademik Teatrının nəzdindəki muzey 1939-cu ildən fəaliyyət göstərir. Teatr canlı sənət olduğu kimi teatr nəzdində muzey də müasir və çoxmədəniyyətli olaraq inkişaf etməlidir.

İranlı teatr xadimi Sayid Kazemianın “Teatr və sosial şəbəkələr” məruzəsi də maraqla qarşılanıb. Məruzədə müasir teatrın insanları cəlb etmə yolları, sosial şəbəkələrdən istifadə prinsipləri diqqətə çatdırılıb. Vurğulanıb ki, teatr və sosial şəbəkə heç biri digərini sıxışdırıb aradan çıxarmamalıdır. Əksinə, qarşılıqlı şəkildə inkişaf yolları axtarılmalı, innovativ yeniliklər teatra müsbət təsirini göstərməlidir. Bu isə yaxın gələcəkdə teatrda yeni kommunikasiya dilinin formalaşması ilə nəticələnə bilər.

Alman Peter Paxl “Bayrot və Bakı – Reynin qızılı və təmiz neft” adlı məruzəsində Almaniya və Azərbaycanın incəsənət aləmindən bəhs edib.

İclasda həmçinin Şuntaro Yoşido (Yaponiya) “Əcnəbi və qarışıq mədəniyyətlərin təqdimatı”, Vasil Vovkun (Ukrayna ) “Musiqli teatrlarda qarşılıqlı layihələr”, Atis Rozentals (Latviya) “Alvis Xermanisin “Brodski-Barışnikov” tamaşasına ətbuatının reaksiyası” mövzusunda məruzələrlə çıxış ediblər.

Məruzələrdə musiqili teatrda rejissor və aktyor münasibətləri, rəqslər, Avropa, Amerika və Şərq musiqisinin sintezi mövzusunda fikirlər səsləndirilib. Yaponiyalı teatrşünas yapon teatrında musiqi və rəqs, müasir rəqslər və baletin teatr səhnəsində təcəssümü problemlərinə toxunub.

Bölmə : Sənət, Teatr