J.P.Sartra görə yalan və özünüaldatma – Qumral Məmmədli

9 Baxış

 IMG_0116

J.P.Sartrın fəlsəfi görüşlərində ən önəmli yer tutan anlayışlardan biri də “özünüaldatmadır”. Çox vaxt bunu yalana bənzədirlər, yalan – mənfi, inkari mövqedir. Amma bu cür inkar şüura yönəlməmişdir. Yalanın mahiyyəti əslində onu nəzərdə tutur ki, aldadan gizlətdiyi həqiqətə tam şəkildə malikdir. Bilmədiyimiz şeylər barədə yalan demirik, səhv etdikdə yalan demirik. Buna görə də yalançılıq – özündə həqiqəti təsdiqləyən, onu öz sözlərində inkar edən və özü üçün bu inkarı inkar edən bir şüurdur. Özünüaldatma isə özünçün həqiqətin təsdiqinə uyğun olaraq etdiyin daxili inkardır. J.P.Sartra görə, özünüaldatma zamanı yalançının daxili ovqatı müsbətdir, yalançı aldatmaq niyyətinə malikdir və o, nə bu niyyəti özündən gizlətməyə, nə də şüurun şəffaflığını maskalamağa can atır, o aşkar surətdə bütün başqa mövqelərə münasibətdə tənzimləyici rol oynayır.

Beləliklə, yalan iştirakçı şüurun daxili strukturunu hərəkətə gətirmir, yalan onu əmələ gətirən bütün inkar obyektlərə aiddir. Buna görə də bu obyektlər şüurdan qovulurlar. Yalançı az ya da çox dərəcədə öz yalanının qurbanına çevrilir, yarımçıq da olsa özü ona inanır.

J.P.Sartr özünü aldatmaya aşağıdakı nümunəni verir: “ … ilk görüşünə gəlmiş bir qadın. O onunla danışan kişinin onu barəsində bəslədiyi niyyətləri yetərincə yaxşı bilir. O həm də bilir ki, gec ya tez ona hansısa bir qərar qəbul etmək lazım gələcək. Amma o bununla bağlı tələsmək istəmir; o yalnız tərəfdaşının ona ehtiramlı və təvazökar münasibətində maraqlıdır. O, bu davranışı “ilk addımlar” adlandırılan şeyi reallaşdırmaq cəhdi kimi başa düşmür, yəni o bu davranışının zamandakı inkişaf imkanını görmək istəmir, o onu hazırda olduğu şeylə məhdudlaşdırır; o, ona deyilən sözlərdə onların bəlli ifadə olunmuş mənasından başqa heç nəyi görmək, oxumaq istəmir.” [1.s, 118]

J.P.Sartrın verdiyi nümunədə bir qadın kişi ilə ilk dəfə görüşə çıxmışdır. Qadın kişinin niyyətini bilir, bununla yanaşı, bir qərar verməli olduğunu da bilir, lakin bunu görməzlikdən gəlir. Kişinin hərəkətlərinin sonunun nəyə gələcəyini də bilir, lakin bunu görmürmüş kimi, hiss etmirmiş kimi davranır. Kişi qadının əlini tutur. Əini onun əlində saxlamaq münasibətə razılıq əlamətdir, əlini çəkmək isə münasibəti bitirmək, harmoniyanı pozmaq deməkdir. Qadın əlini çəkmir, amma bunun fərqinə də varmırmış kimi davranır. J.P.Sartra görə, qadın özünüaldatma hissi içindədir və bu vəziyyəti qoruyub saxlamaqdan ötrü müxtəlif yollar axtarır.

Özünüaldatma göründüyü kimi yalanın qurluşuna malikdir. Burada özünü xırda bir nüans göstərir ki, özünüaldatmada insan həqiqəti özündən gizlədir. Burada yalançı və aldadılan ikiliyi yoxdur. Əksinə, özünüaldatma tək bir şüurun vəhdətini təşkil edir.

J.P.Sartra görə insan özünü başqa insanların düşüncələrinin müdaxiləsinə, eləcə də ilahi iradə tərəfindən yaradılması fikrinə icazə verərək, azadlığını inkar edərək, bu azadlıqdan imtina edərək, yalan deyərək, həqiqəti özündən gizlədərək özünü aldatmanı formalaşdırır. Bu zaman insan öz seçim və məsuliyyətindən üz döndərir. Əgər məndən əvvəl dəyərlərin mövcud olduğunu düşünürəmsə, digər bir tərəfdən bu dəyərlərin özlərini mənə məcburi şəkildə qəbul etdirdiklərini fikirləşirəmsə, bu zaman özümü aldatmış oluram.

J.P.Sartra görə heçlik, azadlıq və sıxıntı özünüaldatmanı şərtləndirirlər. Özünüaldatma azadlıqdan istifadə edərək, onu aradan qaldıran özü-özünü aldatmadır. Yalan danışan insan həqiqəti başqalarından gizlətdiyi halda, özünüaldadan insan həqiqəti özündən gizlədir. Əvvəlkində aldadan və aldanan cütlüyü, ikincidə isə tək bir şüurun birliyi iştirak edir.

KÖŞƏ YAZARLARI
TOP 10