Jurnalistdən jurnalistsayağı cavablar

236 Baxış

Hikmət HəsənovSənət.az “Məşhur oxucu” layihəsində növbəti müsahibəsini təqdim edir. Müsahibimiz Rezonans verilişinin redaktoru və rejissoru, tele-jurnalist Hikmət Həsənovdur. 8 il ANS-də, jurnallarda baş redaktor kimi çalışan Hikmət Həsənov hazırda televiziyaların fəaliyyətindən narazıdır. Mütaliəyə marağın az olmasında ən böyük günahın televiziyaların və sponsorların üzərinə düşdüyü qənaətindədir.

Mütaliəni necə edirsiz, elektron versiyada, yoxsa ənənəvi kağız kitablardan.

- Mütaliəni əsasən ənənəvi kağız kitablardan etməyə üstünlük verirəm. Çünki elektron versiyada böyük əsərləri oxumaq mənim üçün mümkün deyil. Gözlərim ağrıyır. Kitab daha yaxşıdır və maraqlıdır. Elektron versiyada xəbərləri və kiçik məqalələri oxumaq daha yaxşıdır. İri həcmli əsərlər, romanlar, povestlər klassik qaydada daha yaxşıdır. Bu məsələdə konservativ fikirliyəm

Hansı janrlarda oxumağa üstünlük verirsiniz?

- Ən çox tarixlə bağlı əsərlərə üstünlük verirəm. İndi də hər ay bir neçə kitab alıram. Əsasən də tarixi mövzularda olan kitablara üstünlük verirəm. Bəzən də Qız Qalasının yanındakı Elman dayının dükanından 5-10 kitab alıram. Bu kitabları özümdən sonra övladlarım üçün yığıram.

Bu gün kimləri yaxşı yazıçı hesab edirsiniz?

- Müasir yazarlardan yaxşı yazanlar var. Bunu inkar etmək ədalətsizlik olardı. Adlarını çəkmək istəmirəm. Ola bilər ki kiminsə adı yadımdan çıxar, inciklik olar. Amma kifayət qədər qələmi yaxşı olan nəsil yetişir. Sadəcə hər sahədə olduğu kimi, bu sahənin də şou-biznes ulduzları var. Qalmaqalla, mənasız əsərlərlə, +18 söhbətlərlə gündəmə gəlmək istəyənlər də kifayət qədər çoxdur.

Klassiklərlə müasir yazarların işləri arasında fərqi nədə görürsünüz? Ümumiyyətlə belə bir fərq olmalıdırmı?

- Fərq sadəcə əsərlərində ola bilər. İşlədikləri mövzularda ola bilər. Belə bir fərq məncə olmamalıdır. Çünki uzun illər sonra indiki gənc yazarlar da əsərləri ilə klassik yazıçıya çevrilə bilərlər. Təbii ki bunun üçün öz üzərlərində işləməlidirlər. Yaradıcılıq elə bir sahədir ki, orda son yoxdur. Əgər kimsə özünü dahi, peşəkar saydısa, deməli o adam bitib. Mən 16 ildir mətbuat televiziya sahəsindəyəm, amma hələ də öyrənirəm. Məncə də ömrümün sonuna qədər öyrənəcəm.

“Məşhur oxucu”nun əvvəlki müsahibələrindəki cavablar Sizdə hansı qənaəti formalaşdırır? Mütaliənin bugünkü vəziyyəti ilə bağlı. Onların fikirlərində razılaşmadığınız məqamlar oldumu?

- Açığı deyim ki, heç birini oxumadım.

Müasir yazarlardan oxuduğunuz hansı əsər dünyaca məşhur əsərə çevrilə bilər? Və ya Siz istərdiniz.

- Bu barədə düşünməmişəm. Amma məncə son illər oxuduğum əsərlərdən Vüsalə Məmmədovanın əsirlərlə bağlı yazdığı kitab dünyaca məşhur ola bilər.

Bir jurnalist kimi müxtəlif tədbirlərdə iştirak edirsiniz, işıqlandırırsınız. Kitaba, mütaliəyə maraq yaradan tədbirlərin keçirilməsini necə qiymətləndirirsiniz?

- Kitaba, mütaliəyə maraq yaradan tədbirlər sıfır səviyyədədir. Bir-iki nəfərin keçirdiyi tədbirlərə hər zaman 5-10 nəfər eyni adam qatılır. Bilirsiz, bu sahədə ən böyük vəzifə televiziyaların üzərinə düşür. Televiziyalar maraqlı layihələr etməli, həftəlik proqramlar hazırlamalıdır. Bir neçə dəfə kitaba aid layihə etməyə cəhd etsəm də, sponsor məsələsində dalana dirəndim. Ümumiyyətlə, bu gün də dünən də Azərbaycandakı şirkətlərə maarifləndirici verilişlər maraqlı deyil. Bu sahədə ən böyük günah televiziyaların və sponsorların üzərinə düşür. Televiziya ən böyük təbliğat vasitəsidir. Əgər tv-lər bu gün səhərdən axşama qədər çal-çağır və müğənni təbliğ edirsə, kitaba 2 dəqiqə yer ayrılmırsa, cəmiyyətdən nə gözləmək olar?

“Oxu günü” adlı layihə bu il növbəti dəfə keçiriləcək. Ötən il iştirak etmişdinizmi? Etmisinizsə təəssüratınız. Bu il iştirak etməyi düşünürsünüzmü?

- Təəssüflər olsun ki, iştirak etmə imkanım olmadı. Çalışacam bu il iştirak edim.

Necə düşünürsünüz, uşaqlarda kitaba marağı daha çox valideyn yarada bilər, yoxsa müəllim?

- Hər şey ailədən başlayır. Əgər uşaq bu gün baxıb görür ki, atası və anası başını telefondan, planşetdən qaldırmır, hansı maraqdan danışa bilərik? Bizim ailədə əsasən həftə sonları kitab oxuma saatı var. Mən özüm də gün ərzində, əsasən də axşam saatlarında heç olmasa 10 səhifə nəsə oxumalıyam. Təbii ki, evdə uşaq da bunu görür və zamanla onda da kitaba maraq yaranır.

Uzun müddət təsirindən çıxa bilmədiyiniz və tövsiyyə etdiyiniz kitablar.

- Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”, Vüsalə Məmmədovanın “Cəhənnəmdə böyük çığırtı kitabları” və Şərif Ağayarın “Şəkil hekayəsi”.