Jurnalistika fakültəsində ədəbiyyat söhbətləri – FOTOLAR

31 Baxış

30581567_817177401810224_1938751239596539904_n

Yazıçı, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq 10 aprel tarixində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb.

Aldığımız məlumata görə, tədbiri fakültənin dekanı Vüqar Zifəroğlu açıb. Şəmil Sadiq yaradıcılığına qısa şərh verib, “Odərlər” romanının timsalında müasir ədəbiyyatımızdakı tarixi-roman janrına diqqət çəkib. Nəyə görəsə tarixi mövzulara az müraciət olunmasına, təkcə ədəbiyyatda deyil, ümumiyyətlə sənətdə bu konseptdə işlənən əsərlərin həddindən az olmasına diqqət çəkib.

Sonra söz alan tədbirin qonağı Şəmil Sadiq Jurnalistika fakültəsilə bağlı xatirələrini bölüşüb, gənc tələbələrə səmimi tövsiyələr verib: “Mən əsasən ədəbiyyatçıyam, Cavidşünasam. Yaxşı, vicdanla işləyən qələm əhlini xalqı üçün çalışan insan hesab edirəm. Jurnalistika da bu yöndə önəmli sənətdir. Sizə gələcək fəaliyyətinizdə əsasən xalq üçün işləməyi, yaşadığınız cəmiyyətə səmərəli olmağı hər şeydən üstün tutmağınızı diləyirəm”.

Sonra mövzu ilə bağlı geniş çıxış edən Şəmil Sadiq bildirdi ki, biz istənilən sənət sahəmizə dəyər verə bilmirik. “Kino sənəti dünyada artıq sənaye kimi qəbul olunub, ona görə də onlarda inkişaf qaçılmazdır. Biz də sənət məsələlərindən başqa, kinoya bir biznes sahəsi kimi yanaşmalıyıq. Üstəlik, mövzu tarixi filmlərdirsə, bu cür filmlərin çəkilməsi üçün böyük maliyyə tələb olunduğunu unutmamalıyıq. Həm də bu cür filmlər ədəbiyyatdan qida alırlar. Bu da o deməkdir ki, ədəbiyyatımız da tarixi-roman janrı baxımdan xeyli geri qalır. Ədəbiyyatımız 90-larda – Sovetdən qurtulandan sonra bəzi milli məsələləri mövzuya çevirən yazıçılarımız yetişdi. Amma inkişaf hələ də ürəkaçan səviyyədə deyil. Biz hər şeyə tez adaptasiya oluruq, kənar mədəniyyətlərə qucaq açan toplumuq. Belə istiqanlılığımız milli məsələləri arxa plana atmağımıza gətirib çıxarır.

Hesab olunur ki, sənət xalqdan yüksəkdədir. Onu xalqın səviyyəsinə endirincə, xalqı sənətin səviyyəsinə qaldırmaq lazımdır. Bizi tarix boyu aşağılarda görüblər deyə, həmişə özümüzü oralarda hiss eləmişik. Özümüzü o zirvələrdə görmək istəyirəm. Bu millətin qəhrəmana ehtiyacı var. Ədəbiyyatımız da, ümumilikdə sənətimiz də buna çalışmalıdır. Xalqın şüuraltına özgüvənini aşılamalıdır.”

Daha sonra Şəmil Sadiq tələbələrin müxtəlif suallarını cavablandırıb, gətirdiyi kitablarını imzalayaraq tələbələrə hədiyyə edib.