Jurnalistlər üçün müsabiqə elan edildi

36 Baxış

ib

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 140 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında “Milli mədəniyyətimizin təməli” adlı məqalə müsabiqəsi keçirilir.

Senet.az xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd xalqımızın yüzilliklər boyu yaratmış olduğu yüksək milli mənəvi dəyərlər, Bakıətrafı qəsəbələrin milli adət-ənənələri, folkloru, görkəmli və tarixi şəxsiyyətlərin həyat və yaradıcılığı, tarixi abidələrin araşdırılması və təbliği, mədəni dəyərlərin qorunaraq gələcək nəsillərə çatdırılması və müvafiq sahədə istedadlı şəxsləri əməkdaşlığa cəlb edərək onların yaradıcılıqlarına dəstək verilməsidir.

Müsabiqəyə iyulun 1-dən noyabrın 15-dək olan müddətdə gündəlik çap olunan qəzetlərdə dərc edilən məqalələr təqdim olunmalıdır. İştirak edən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.

Məqalə müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir.

Müəllif işlədiyini təsdiqləyən sənədin və şəxsiyyət vəsiqəsinin surətlərini, əlaqə vasitələrini (ev, iş və mobil telefonlar), məqalənin çap olunduğu qəzetin bir nüsxəsini, həmçinin A4 formatında ayrıca vərəqdə təqdim etməlidir.

Məqalənin elektron forması “Times New Roman” şriftində, müəllifin adı qeyd edilməklə təqdim olunmalıdır.

Müəlliflər hər nominasiya üzrə ikidən artıq məqalə təqdim edə bilməzlər. Məqalələr Azərbaycan dilində, həcmi 5 min işarədən çox olmamalıdır.

Müsabiqə qaliblərinin təqdimat mərasimi dekabr ayında baş tutacaq.

Peşəkar münsiflər heyəti tərəfindən seçilən müsabiqə qalibləri “Tarixi abidələr”, “Folklor və milli adət-ənənələr” və “Görkəmli və tarixi şəxsiyyətlər” üzrə ən yaxşı məqalə nominasiyalarında mükafatlandırılacaqlar.

Qeyd edək ki, məqalələr Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin informasiya və ictimaiyyətlə əlaqələr sektoruna (AZ1000, Bakı şəhəri, Mirzə Şəfi küç 4. Telefon (012) 497-03-55, email: turizm.informasiya@mail.ru ) müəlliflər tərəfindən şəxsən təqdim olunmalıdır. Müsabiqənin bütün qalib məqalələri www.baku-art.az saytında yerləşdiriləcək.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10