Kənan Hacı – “Şeirlər kitabımdan təxminən 2 min manata qədər gəlirim olub.”

193 Baxış

kenanhaciSenet.az-da 13-cü sual LAYİHƏSİ

Layihənin qonağı: Kənan Hacı

Layihə rəhbəri: Müşfiq XAN

1. Niyə yazırsınız?

– Biz küləkdən soruşa bilmərik ki, niyə əsirsən, yağışa deyə bilmərik ki, niyə yağırsan. Yazmaq mənim üçün həyati tələbatdır, bu, uzun illərdən bəri formalaşmış həyat tərzidir. Uşaq vaxtı rəssamlığa marağım var idi, rəsmlər çəkirdim. Sonra beş il musiqi məktəbinin qarmon sinfində oxudum. Amma məndən nə rəssam, nə də musiqiçi çıxmadı. Ədəbiyyata maraq hər şeyə üstün gəldi. Mən bu yazıdan dəfələrlə qaçmağa cəhd eləmişəm, uşaqlıqda yazdığım şeirlərin hamısını cırıb atmışam, amma sonda dərk elədim ki, mənim yazmağım alın yazısıdır, alın yazısına isə müdaxilə etmək imkansızdır. Amma bir paradoksal məqam da var, yazmaq həm də öz alın yazımı pozmaq cəhdim olub. Valideynlərim mənim yararsız adam olduğum qənaətinə gələndən sonra məndən əllərini üzmüşdülər, onlar düşünürdülər ki, bu adamın gələcəyi yoxdur. Belə bir zamanda mən ədəbiyyatla ciddi şəkildə məşğul olmağa başladım və qısa müddət sonra mətbuatda yazılarım dərc olunanda atam artıq mənimlə fəxr edirdi. Özü yazıb-oxumaq bilməsə də, yazılarım çap olunan qəzetləri dostlarına göstərib deyirdi ki, bunu oğlum yazıb. Ədəbiyyat məni ölümdən xilas edib və bunun əvəzində mən ona bütün həyatımı bağışlamışam. Ədəbiyyat mənim ən etibarlı sığınacaq yerimdir. Bir sözlə desək, yazmaq mənim yeganə özünütəsdiq imkanımdır, bu mənada mənim yazmaqdan başqa çarəm yoxdur. Amma qoy bunu da deyim, bəzən yazmamaq yazmaqdan daha maraqlı olur. Bu, ovqatdan, psixoloji vəziyyətdən asılıdır.

2. Nədən yazmaq lazımdı?

– Yazıçının belə bir öhdəliyi yoxdur. Ədəbiyyatın sərhədi yoxdur axı. Hər şeydən yazmaq olar, əsas məsələ necə yazmaqdır. Hər bir yazıçının öz həqiqəti var və o, ədəbiyyata öz həqiqətini gətirir. Əsas məsələ sənin həqiqətinin oxucu üçün nə dərəcədə maraqlı olmasındadır. Hər kəsin bildiyi həqiqətlər oxucuya bədii həqiqət donunda daha maraqlı görünür. Sən o bəlli həqiqətlərin görünməyən tərəflərini aşkarlayırsan. Bu həqiqətlər oxucunun ürək və düşüncə yaddaşında bir iz buraxmalıdır. Sən elə bir məhsul hazırlamalısan ki, oxucu sənin həqiqətini həzm edə bilsin və bu həqiqətdən qidalana bilsin. Oxucunu düşünmədən yazmaq mümkün deyil, səviyyəsiz oxucu yoxdur, oxucu bəzən yazıçıdan da ağıllı olur, yazıçı qətiyyən oxucunun başına ağıl qoya bilməz. Yazıçı kiməsə xoş gəlmək, yaxud xoş gəlməmək haqda düşünməməlidir. Özünü oxucudan ağıllı göstərmək istəyəndə o, sənin kitabını oxumayacaq.

3. Kimi oxuyursunuz?

– Dünya ədəbiyyatında oxunması vacib olan əsərlərin hamısını oxumağa çalışıram. Qələm dostlarımın da yazdıqlarını oxuyuram.

4. Kimi oxumursunuz?

– Qeyri-peşəkar, istedaddan məhrum olan yazıları oxumuram. İndi zərərli bir tendensiya müşahidə olunur, yenicə yazmağa başlayan gənclər hələ formalaşmamış tez kitab çıxartdırmaq istəyirlər, mütaliə etmək, istedadlarını cilalamaq əvəzinə özlərini reklam etməklə məşğul olurlar. Özlərinə qarşı tələbkar deyillər, maksimalist deyillər. Alaçiy mətnləri üzə çıxarıb onların istedadına inanan adamları məyus edirlər. İmzası diqqətimi çəkməyən yazarları oxumuram.

5. Sizcə oxucularınızın sayı nə qədər olar?

– Heç vaxt bu haqda düşünməmişəm. Sosial şəbəkələrdə şeirlərimə daha çox marağın olduğunu görürəm. Əsasən gənclər maraqlanır, özümün də xəbərim olmadan bu şeirləri paylaşırlar, yayımlayırlar. İnboksuma öz fikirlərini yazırlar və məndən təzə şeirlər istəyirlər. Oxucularım əsasən gənclərdir və sadiq oxuculardır. Konkret sayı nə qədər olar, deyə bilmərəm.

6. Yazmasaydınız, nə işlə məşğul olardınız?

– Yazmasaydım, yəqin ki, tüfeyli olardım. Çünki başqa iş bacarmıram.

7. İmkanınız olsaydı, ildə neçə kitab çap etdirərdiniz?

– Kitabın çox olması mənim üçün göstərici deyil. Mənim ilk kitabım 34 yaşımda çıxıb. Şeirlər kitabı idi. Ehtiyac olmadığı halda kitab nəşr etdirməyin nə faydası var ki? Son vaxtlar mənə çox müraciət olunur, şeir kitabımı axtarırlar, amma təəssüf ki, şeir kitabımdan qalmayıb. Hiss edirəm ki, yeni şeir kitabına ehtiyac var. Bu şeirlərə maraq olmasaydı, mən heç vaxt şeir kitabı nəşr etmək həvəsinə düşməzdim. Nəsr kitablarımın çap olunmasını istərdim, nəinki şeir kitabının. Amma görürəm ki, şeirlərimə maraq daha çoxdur.

 

8. Nəyi yazdığınıza peşmansınız?

– İndiyədək yazdığım bircə cümlənin, bircə misranın belə peşmançılığını çəkməmişəm.

9. Sizcə Azərbaycanda Ədəbiyyat üzrə Nobel kimə verilməlidir?

– Nobel böyük ədəbiyyatın meyarı deyil. Amma Azərbaycan ədəbiyyatının dünyada tanınması baxımından çox əhəmiyyətlidir. Afaq Məsud, Kamal Abdulla, Ramiz Rövşən və bir neçə yazıçımız, şairimiz var ki, Nobel mükafatı almış yazarların bəzilərindən istedad baxımından çox böyük üstünlüklərə malikdirlər. Kamal Abdullanın adı Nobel mükafatına namizədlər siyahısına düşmüşdü. Mən sidq-ürəkdən istərdim ki, o, bu mükafatı alsın. Nobeli Azərbaycana gətirəcək yazıçı sözsüz ki, Azərbaycan ədəbiyyatının dünyaya çıxmasına, dünyada bizim ədəbiyyatımıza marağın yaranmasına səbəb olacaq.

10. Feysbukda neçə profil işlədirsiniz?

– İki profilim vardı, hər ikisində də öz adımla istifadə edirdim. İndi birini bağlamışam. Bir profilim var.

11. Yazmaqdan “bişey-mişey” çıxır? Bir yazınızdan, yaxud da kitabınızdan ən çox nə qədər qazandığınızı oxucularımız üçün də açıqlayın, lütfən.

– Sizə bir sirr açım. Mənə ən çox qazanc gətirən ilk kitabım olub. “Özündən qaçmaq olmur” adlı şeirlər kitabımdan təxminən 2 min manata qədər gəlirim olub. Yenə Allah şeirə versin!

12. Yazmaqdan nə vaxt əl çəkəcəksiniz?

– Bir neçə dəfə cəhd etmişəm, alınmayıb. Ədəbiyyat heç vaxt ölməyən ümid kimidir, bəlkə buna görə yazmaqdan vaz keçmək çətindir. Bilmirəm… Amma hiss edirəm ki, çox yorulmuşam. Məni ədəbiyyat yox, həyat yorub. Həyatla ədəbiyyat arasında bir zolaq var, o aralıq zonada bir müddət dincəlmək istərdim.

13. Amper Andre Marini tanıyırsınız?

– Amper qanununu yaratmış fransız fizikidir. Orta məktəbdən yadımda qalıb.

Müşfiq XAN:

Qonağımın cavabı doğrudur. Amper heç vaxt öz evində rahat düşünə bilmirmiş. Bu səbəbdən vəsiyyətinə görə qəbrinin üstündə “nəhayət xoşbəxtəm” sözləri yazılıb.

KÖŞƏ YAZARLARI
TOP 10