Kənan Hacı yazır: “Oruell və Köstler Kommunizm: tezis, anti-tezis”

24 Baxış

IMG_8995

Oruell və Köstler

Kommunizm: tezis, anti-tezis

 

 

Ötən əsrdən bizə miras qalan ən çətin suallardan biri də ədəbiyyatın ideologiyaya xidmət edib-etməməsidir. Zaman-zaman bu mövzunu mübahisə predmetinə çevirmişik.

Bir müddət öncə C.Oruellin “Heyvanıstan” əsərini oxuduqdan sonra bu haqda bir daha düşünməyə başladım. “Heyvanıstan” sovet ideologiyasının daşını daş üstündə qoymayıb. Bu əsər Sovet İttifaqının timsalında totalitar cəmiyyətin, avtoritar idarəçiliyin alleqorik təsvirini əks etdirən yeganə bədii nümunədir.

Oruell bu romanı 1945-ci ildə yazıb. Əsər SSRİ-də rəsmən qadağan olunmuşdu. 1947-ci ildə Ukrayna dilində nəşr olunmuş kitabın böyük hissəsi Sovet və Britaniya təhlükəsizlik orqanlarının əlbir səyi nəticəsində müsadirə olunmuşdu.

Oruell özü 6 il Hindistan İmperiya polisinin əməkdaşı olub. İmperiyanın bütün iyrəncliklərini görüb, elə buna görə də polisdən istefa verib, özünü büsbütün yaradıcılığa həsr etmişdi. Uzun müddət işsiz qalan Oruell Cek Londonun Martin İdeni kimi “həyat universiteti” keçməli olmuşdu. Boğazından güllə yarası alıb səsini itirmişdi. O, dəfələrlə ağır sınaqlarla üzləşmişdi. 1941-ci ildə İkinci Dünya Müharibəsi başlayarkən hərbi xidmətə yararsız olmasına baxmayaraq London Hava Hücumundan Müdafiə batalyonuna qoşulmuşdu.

O, qatı anti-kommunist idi.

“Heyvanıstan”da Stalinin də, Molotovun da, Trotskinin də, hətta proletar yazıçısı Maksim Qorkinin də obrazı var. Bokser adlı atın tez-tez “mən daha çox işləyəcəm” deyə kor-koranə mütiliyi Staxanovçuluq hərəkatına bir işarədir.

Bokser qocalıb taqətdən düşəndən, heç bir işə yaramayandan sonra onu sallaqxanaya yollayırlar. Bu toplumda heydən düşən hər bir canlı sallaqxana bıçağının altına göndərilir. 37-ci il repressiyasının da detalları alleqorik təsvirlər vasitəsilə oxucuya çatdırılır.

Ədəbiyyat bu əsərin timsalında sovet ideologiyasının kökünü qazır. Heyvanıstan cəmiyyətində hökm sürən qanunsuzluqlar sovet cəmiyyətinin eynilə heyvanlar aləminə proyeksiya olunmuş variantıdır. Oruellin parlaq istedadı nəqqaş kimi sovet rejiminin obrazını tarixin yaddaşına həkk edib.

İl boyu qul kimi çalışan heyvanların dərilərindən başqa ayrı sərvətləri yoxdur. Fermada hakimiyyət devrilir və ondan da qəddar bir rejim yetişir. “Bütün heyvanların hüquqları bərabərdir” şüarı ilə başları piylənən donuzlar həqiqəti çox gec anlayırlar.

Əsərin sonunda donuzlar öz həmcinslərini insanlardan, insanlar da öz həmcinslərini donuzlardan ayıra bilmirlər. İnsanla heyvanın fərqi bilinməz olur…

 

 

kostler

Köstlerin “Gözqamaşdırıcı zülmət”i

 

Sovet sistemində Oruell kimi azad yazıçının yetişməsinə imkan verməzdilər. Tək-tük yazıçılar vardı ki, özlərini hakim ideologiyanın təsirindən kənarda saxlamağı bacarırdılar. Çox maraqlıdır ki, sovet ideologiyası təkcə öz vətəndaşı olan yazıçıların deyil, başqa ölkədə yaşayan yaradıcı insanların da təfəkkürünə müəyyən mənada təsir göstərə bilmişdi.

Artur Köstler də bu təsirə düşən yazıçılardan idi. Onun “Gözqamaşdırıcı zülmət” əsərini oxuduqdan sonra bu yazıçının həyatı ilə maraqlandım. Əslən yəhudi olan Köstler əvvəllər kommunizmi təbliğ etməsinə baxmayaraq sonradan anti-kommunist ideyalarla çıxış edib. O, həbs edilərək ölümə məhkum edilib. İş elə gətirib ki, ölümdən xilas olaraq özünün ölümə məhkum edilməsini əsərlərində təsvir edib.

Onun fikrincə, insan ağlının dərk edə bilmədiyi yüksək reallıq var və bu, bizim həyatımızın yeganə mənasıdır.

“Bu, gözlə görülməyən mürəkkəblə yazılmış mətn kimidir. Onu oxumağı bacarmasaq da mövcudluğunu dərk etməyimiz varlığımızın əsasını dəyişmək və hərəkətlərimizi mətndə deyilənlər həddinə gətirib çıxarmaq üçün kifayət edir.”

Köstler yazıçının toplumu dəyişmək iqtidarında olduğuna inanırdı. O, İngiltərə vətəndaşı olarkən yazırdı:

“Hər dəfə bu sülhsevər bir ölkənin dar ağacında qadın, yaxud kişi edam ediləndə mənim yaddaşım sağalmayan yara kimi qanamağa başlayır. Asmaq qadağan edilməyənə qədər rahatlığım olmayacaq.”

Köstler humanist yazıçı idi. O, dünyanı dəyişmək əvəzinə, İnsanı dərk etməyi vacib hesab edirdi.

“Gözqamaşdırıcı zülmət” əsərində Köstler müəyyən mənada öz taleyini qələmə alıb. Əsərin qəhrəmanı Nikolay Rubaşov həbsxana divarları arxasında belə partiyanın haqlı olduğuna inanır. Bu obrazı yaradarkən yazıçı özünün tanıdığı köhnə bolşeviklərin taleyindən də yararlanıb.

İnsanlar partiyanın sonuncu tapşırığını yerinə yetirməkdən ötrü özlərini məhvə məhkum etməkdən belə çəkinmirlər. Özünün xalq düşməni olduğunu etiraf etmək, partiya naminə ölümü qəbul etmək – bütün bunların real təsvirini vermək üçün ölkədə baş verənlərin mahiyyətini anlamaq lazım idi.

Bu əsər Köstlerin özünün həyat dramıdır.

Həbs səhnəsiylə başlanan roman Hitler türməsindən Stalin türməsinə körpü atır. Çekistlər Rubaşovun Moskvadakı mənzilinə soxularkən onun yuxusuna Almaniyada həbs olunması girir. O, nələr baş verdiyini anlamaqda çətinlik çəkir. Yuxu reallığa çevrilir.

“Mən bir şeyi bilirəm ki, insanlara həqiqəti demək lazımdır. Xüsusilə də əgər onlar bu həqiqəti bilirlərsə… Belə olduqda onu gizlətmək ən böyük axmaqlıqdır”

Partiya həqiqəti deyənləri sevmirdi, onları ölümə məhkum edirdi.

“Gözqamaşdırıcı zülmət” elə “Heyvanıstan”dakı zülmətin davamıdır.

Çox sevindirici haldır ki, nəhayət, bu əsər bizim dilə də tərcümə edildi və bu yaxınlarda “Xan” nəşriyyatında kitab şəklində çap olundu. Əsəri gənc yazar, tərcüməçi Səbuhi Şahmursoy tərcümə edib. Maraqlananlar tapıb oxuya bilər.

 

“Ustad” dərgisi, 21-ci say

Bölmə : Manşet