Kəngərli ocağından boy verən Füzuli vurğunu – Gülbəniz Babaxanlı yazır

12 Baxış

159726_qav476fq2v

Haqqındakı ilk yazılı bilgilər Kaşğarlı Mahmudun “Divanu lüğat-it-Türk” əsərinə gedib çıxan Kəngərli tayfasının bütün dünyaya yayılıb, ancaq daha çox qədim Naxçıvan torpağı ilə bağlı olan müxtəlif uruqlarından onlarla böyük şəxsiyyətlər çıxıb, bu qədim nəslin adını zaman-zaman şərəfləndiriblər.

Humanitar elmimizin ədəbiyyatşünaslıq sahəsində Kəngərli ocağının sayılıb-seçilən nümayəndələrindən biri də Gülşən xanım Kəngərlidir. Görkəmli ədəbiyyatşünas-folklorşünas alim, professor Aybəniz Əliyeva-Kəngərlinin və zooloq-alim Teymur Əliyevin isti ocağında nəşvü nüma tapmış Gülşən xanım ədəbiyyata, sənətə uşaq yaşlarından maraq göstərib, bu sahədə istedadını erkən büruzə verib.

Ali məktəbi sənətşünaslıq sahəsində başa vurduqdan sonra taleyini klassik Azərbaycan poeziyasının çağdaş Azərbaycan poeziyasına təsirini araşdırmağa bağlamış Gülşən Kəngərli elə ilk sanballı monoqrafiyası olan “Çağdaş poeziya və klassik ədəbi irs” (“Azərnəşr”: Bakı, 2000) monoqrafiyasında ədəbiyyatda ənənə və novatorluq, ədəbi-mədəni inkişafda kəsilməzlik kimi maraqlı problemləri araşdırmaqla çoxəsrlik Azərbaycan ədəbiyyatının əslində, vahid bir proses məcrasından çıxmadığı, müxtəlif ədəbi nəsillərin öz keçmişinə üzvi şəkildə bağlı olduğu, paradiqma-obrazların zaman-zaman yeni biçimdə ədəbi-bədii təsərrüfata qayıtması müddəasını zəngin faktik-nəzəri material əsasında detallı şəkildə araşdırmağa nail olub. Məhz bu əsərin əsasında duran dissertasiyasına görə Gülşən Kəngərli layiq olduğu elmi dərəcəni alaraq indiki terminlə desək, filologiya üzrə fəlsəfə doktoru olub.

Elə ilk sanballı monoqrafiyasından özünü klassik Azərbaycan poeziyasının, xüsusi halda dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzuli irsinin dərindən bilicisi kimi göstərən alim, xüsusi bir tədqiqatçı erudisiyası və intuisiyası, yetkin alim fəhmi ilə çağdaş poeziya nümayəndələrinin klassik irsdən istifadə yollarını və üsullarını sistemli şəkildə araşdıraraq ədəbiyyatşünaslıq elmimiz üçün maraqlı nəticələr əldə edib. Qərb şərqşünaslığında “Qəlb şairi” kimi tanınan Məhəmməd Füzulinin xüsusilə lirikasının çağdaş poeziyaya necə güclü təsir göstərdiyini konkret poetik örnəklər əsasında üzə çıxaran monoqrafiya müəllifi bu təsirin həm birbaşa, həm də şüuraltı mexanizmini səriştəli formada təqdim etməyə nail olub. Bu isə onun sonrakı tədqiqatlarında da öz elmi üslubunu və dəst-xəttini davam etdirəcəyinə, ədəbiyyatşünaslıq elmini öz töhfələri ilə zənginləşdirəcəyinə ədəbi-elmi dairələrdə dərin inam yaradıb, sonrakı elmi fəaliyyəti ilə o, bu inamı doğruldub.

Sonrakı elmi axtarışlarında da Məhəmməd Füzulinin ölməz irsinə dərin məhəbbətini qoruyub saxlayan Gülşən Kəngərli çox zəngin ənənələrə malik olan Azərbaycan Füzulişünaslığının keçdiyi uzun və şərəfli yolu gərgin əmək və səmərəli axtarışlar nəticəsində izləyərək növbəti sanballı monoqrafiyasında gəldiyi elmi qənaətləri sistemli şəkildə ümumiləşdirmişdir. Alimin doktorluq dissertasiyasının əsasını təşkil edən bu monoqrafiyada konkret bir ədəbi şəxsiyyətin simasında elmin zənginləşmə və dərinləşmə yollarının araşdırılması öz sistemli əksini tapmışdır.

Dünya Füzulişünaslığının aparıcı qollarından biri, hətta birincisi olan Azərbaycan Füzulişünaslığı şairin hələ sağlığından başlayaraq 500 ilə yaxın bir dövr ərzində özünəlayiq məhəbbət və hörmətlə araşdırılmış, böyüklüyündən-kiçikliyindən asılı olmayaraq bu sahədə qələm çalmış hər bir tədqiqatçının xidmətləri müasir elmi səviyyədə yetərincə dəyərləndirilmişdir.

Tədqiqatda maraq doğuran cəhətlərdən biri də budur ki, dövrünün ensiklopedik zəkası kimi bir çox elm sahələrindən xəbərdar olan Məhəmməd Füzulinin özü də bir ədəbiyyatşünas, şeirşünas kimi nəzərdən keçirilmiş və bu cəhətdən bu elm sahəsinin elə Füzulinin özündən başlanması kimi orijinal və inandırıcı bir qənaət irəli sürülmüş və sübuta yetirilmişdir. Doğrudan da, Azərbaycan humanitar elminin bir çox sahələri kimi, ədəbiyyatşünaslıq və poetika elminin də başlanğıcı özünü yurdumuzun böyük şairlərinin və söz-sənət adamlarının əsərlərində göstərməyə başlayır. Bu baxımdan Məhəmməd Füzulinin dahi sələfi Nizami Gəncəvi orta əsrlərin ən böyük ədəbiyyatşünaslarından biri hesab edilə bilər. Eynilə Füzulinin də yaradıcılığında poetik sözün nəzəri-estetik problemlərinə həsr olunmuş bir çox elmi fikirlərə təsadüf etmək mümkündür.

Monoqrafiyanın rus və türk dillərinə tərcümə edilərək yayılması, Azərbaycan Füzulişünaslığının nailiyyətlərinin daha geniş elmi dairələrdə təbliği üçün möhkəm zəmin yaratmaqdadır. Xüsusən nəzərə alsaq ki, Azərbaycandan sonra Məhəmməd Füzuli yaradıcılığını ən çox Türkiyə alimləri araşdırıblar, monoqrafiyanın türk dilinə tərcüməsinin və Türkiyədə yayılmasının necə böyük əhəmiyyət daşıdığı aydın olar.

Professor Gülşən Kəngərlinin Azərbaycan Füzulişünaslığı qarşısında böyük xidmətlərindən biri də Füzuli irsinin gələcək tədqiqatçılarının işini yüngülləşdirmək məqsədilə çoxcildli “Azərbaycan Füzulişünaslığının qaynaqları” toplusunu gərgin zəhmət sayəsində tərtib edərək nəfis şəkildə çap etdirməsi və klassik poeziya mütəxəssislərinin, eləcə də Füzulisevərlərin ixtiyarına verməsidir. Şairin müasiri və həmyerlisi Əhdi Bağdadinin “Gülşənüş-şüəra” təzkirəsindən tutmuş ta son dövrlərədək Məhəmməd Füzuli haqqında yazılmış demək olar ki, bütün əsərlər ərəb qrafikasından, kiril əlifbasından transliterasiya edilərək xronoloji prinsiplə düzülüb-qoşulmuş və bu topluda öz əksini tapmışdır.

Adətən klassik ədəbiyyatla məşğul olan tədqiqatçılar çağdaş ədəbiyyatın, ədəbiyyat nəzəriyyəsinin aktual problemlərinə o qədər də dərindən bələd olmur, yaxud da bu problemlərə vaxt ayırmağı vacib saymırlar. Gülşən Kəngərlinin tədqiqatlarında biz bunun əksini görürük; belə ki, o, həm çağdaş poeziyanın faktik materialına yaxşı bələddir, həm də poetika problemlərini professional səviyyədə araşdırmağı bacarır. Onun “Poetika problemləri” monoqrafiyası məhz malik olduğu bu bilikləri poetik materialın əsasında araşdırılmasına həsr edilmişdir. Bu zaman həm klassik poetika əsərlərindən, həm də çağdaş nəzəri ədəbiyyatdan yerli-yerində istifadə edilmişdir.

Uzun illər ərzində apardığı səmərəli araşdırmalar və topladığı zəngin materialı elmi-nəzəri ədəbiyyat əsasında ümumiləşdirən professor Gülşən Əliyeva-Kəngərli “Bədii düşüncə: tarixi gerçəklik və estetik ideal” (“Təhsil”: Bakı, 2011) adlı fundamental monoqrafiyasında tarixi inkişaf və formalaşma prosesində götürülmüş bədii düşüncə fenomeni təkcə yaradıcılıq prosesi kimi deyil, həm də fəlsəfi-estetik aspektdə alınaraq təhlilə cəlb edilmişdir. Monoqrafiyada maraq doğuran cəhətlərdən biri də yaradıcılıq psixologiyası, onun fərdi təzahür formaları, sosial-mənəvi həyatda funksiyası və rolu haqqında fikirlərin öz əksini tapmasıdır.

Çoxprofilli bir alim kimi tanınan Gülşən Kəngərli Azərbaycan folklorunun nəşr tarixi ilə bağlı monoqrafiyasında zəngin Azərbaycan şifahi xalq ədəbiyyatının toplanması, sistemləşdirilməsi və çap edilməsi ilə bağlı topladığı elmi faktları sistemli bir şəkildə elmi ictimaiyyətə təqdim etmişdir.

Sovet dövründə daha çox dünyəvi motivləri qabardılan Azərbaycan klassik ədəbiyyatı həm də özündə zəngin sufi motivləri ehtiva etməkdədir. Müstəqillik illərində klassik ədəbiyyatımızın məhz bu yöndə araşdırılmasına yaranmış ehtiyacı nəzərə alaraq, professor Gülşən Kəngərli də bu sahədəki zəngin təcrübəsini ayrıca bir elmi monoqrafiyada ümumiləşdirərək maraqlı elmi nəticələr əldə etməyə nail olmuşdur. Onun 2014-cü ildə nəşr etdirdiyi “Sufizm” monoqrafiyası məhz bu problemin elmi təhlilinə həsr edildiyinə görə mütəxəssislər arasında böyük marağa səbəb olmuşdur.

Məlum olduğu kimi, sufizm haqqında təkcə Azərbaycan ədəbi-fəlsəfi fikrində deyil, ümumilikdə dünya ədəbi-fəlsəfi fikrində bir-biri ilə o qədər də uzlaşmayan, bəzən daban-dabana zidd olan müddəa və qənaətlər mövcuddur. Əlbəttə, bu cür mürəkkəb elmi mənzərədə doğru yolu tapmaq tədqiqatçıdan təkcə zəngin bilik deyil, həm də kifayət dərəcədə elmi erudisiya və intuisiya tələb edir ki, Gülşən Kəngərlinin sufizm probleminə həsr edilmiş monoqrafiyasında məhz bu elmi məziyyətlərin özünə yer tapmasının şahidi olmaq və əsərin bu cəhətindən faydalanmaq mümkündür.

Klassik ədəbiyyatı gözəl bilməsi nəticəsində professor Gülşən Əliyeva-Kəngərli Nəsimişünaslıq sahəsində də qələmini uğurla sınamış və Azərbaycan və dünya ədəbiyyatının ən böyük humanistlərindən biri olan Nəsiminin poetikasına dair öz orijinal elmi fikirlərini “Hüsnü cəmal, əqlü kəmal (Nəsimi poetikasından incilər)” adlı monoqrafiyasında oxuculara və mütəxəssislərə çatdırmışdır. Bu əsər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu ili Azərbaycanda “Nəsimi ili” elan etməsi haqqında Sərəncamına uyğun olaraq görülən layiqli işlərdən biri kimi qiymətləndirilə bilər.

Monoqrafiyanın əsas məziyyətlərindən biri kimi, onun quru akademik elmi üslubda deyil, elmi-bədii, populyar, axıcı və rəvan bir üslubda yazılmasıdır. Əsərin elə ilk cümləsindən bunu aydın görmək və yetərincə qiymətləndirmək mümkündür:

“Nəsimi yaradıcılığı vulkana bənzəyir. Ona yaxınlaşmaq mümkün deyil, alovu qarsıyır, püskürüb dağı-daşı yandırır, vulkanın ocağında yüksək enerji və hərarət olduğu kimi, Nəsimi poeziyasının nüvəsində də insanlara məxsus olan vulkanik enerji, dahilərə xas ilham var. İlahidən pay almış bu 48 yaşlı dahi Məğrib və Məşriqin qibtə edəcək bir fədakarlıqla poeziyanın zəncirini öz əlində saxlayır”.

Əlbəttə, İmadəddin Nəsimi irsini, onun mayasını-məğzini dərindən bilmədən, klassik ədəbiyyatın sirlərinə vaqif olmadan dahi şair haqqında bu cür orijinal epitetlər işlətmək qeyri-mümkün olardı. Əsəri oxuyanda aydınca görmək olur ki, müəllif “Nəsimi vulkanına” yaxınlaşmaqdan qorxmamış, bu dəryanın dərinliklərinə baş vurmaqdan çəkinməmiş və nəticədə onun poeziyasından kifayət qədər parlaq incilər çıxarmağa nail olmuşdur.

Elmi işlə pedaqoji fəaliyyəti istedad və bacarıqla birləşdirən professor Gülşən Kəngərli bitirdiyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində doktorantlıqdan prorektorluğa qədər şərəfli bir yol keçmişdir. Bir müəllim kimi tələbələrin sevimlisi olması eyni zamanda, onun yüksək pedaqoji istedad və qabiliyyətindən də parlaq şəkildə xəbər verməkdədir.

İndi adlı-sanlı ədəbiyyatşünas-professor olan Gülşən Kəngərlinin bütün ömrü gözlərim qarşısında keçdiyindən, onun hansı zəhmət və əziyyətlər bahasına bu yüksək məqama gəlib çıxdığına şahidlik etmək mənə nəsib olmuşdur. Bu baxımdan onu sözün tam mənası ilə məsuliyyətli və zəhmətkeş bir alim adlandırsam, yanılmaram.

Kəngərli ocağının layiqli nümayəndəsi kimi, Gülşən Kəngərlinin istedad və qabiliyyəti yalnız məhdud bir sahəni əhatə etmir. Bu, heç kimə sirr deyil ki, klassik irsin araşdırıcıları dahi şairlərin yaradıcılığındakı humanist ideyalardan, sözün müsbət mənasında “yoluxur”, özləri də bu yüksək mənəvi ideyaların təsiri altında insan aşiqinə çevrilirlər. Bu mənada qətiyyətlə demək olar ki, professor Gülşən Kəngərli də, hər şeydən öncə, gözəl insan, xeyirxah yoldaş, ədalətli həmkardır. Məhz bu cəhətlərinə görə içərisində olduğu ədəbi-elmi mühitin, işlədiyi kollektivin sevimlisinə çevrilən Gülşən Kəngərli həm də gözəl övlad, nümunəvi ana və nənə, qeyrətli və yüksək şüurlu vətəndaşdır.

Professor Gülşən Kəngərli ömrünün və yaradıcılığının çiçəklənmə dövrünü keçirir. İnanıram ki, bundan sonra da onun xoş sorağını elindən-obasından, yurdundan-ocağından eşidəcəyik. Ona görə də mənalı həyat və fəaliyyətinin bu hesabat çağında bağırımıza basıb böyük sevinc və fərəh duyğusu ilə deyirəm:

Əziz Gülşən xanım!

Qoy Ulu Tanrının nəzəri həmişə üstünüzdə, canınız sağ, qələminiz iti, ürəyiniz sevgi dolu, yurdunuz abad, xalqınız xoşbəxt, dövlətiniz ali, ailəniz mutlu, könlünüz şad, huzur dolu olsun!

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10