“Kəşkül”dən “Ustad”adək – Asif Rüstəmli

6 Baxış

Asif_Rüstəmli

Senet.az oxucularına “Ustad” jurnalından Asif Rüstəmlinin “Kəşkül”dən “Ustad”adək” yazısını təqdim edir.

Jurnalistika tariximizdə ilk milli jurnal maarifçi, publisist Cəlaləddın Ünsiza­dənin təsisçiliyi və redaktorluğu ilə 1883-cü il 31 yanvarda Tiflisdə nəşrinə başlayan “Kəşkül” dərgisidir.  Müstəqim mənası “dərviş çantası”, məcazi mənası “bədii əsərlər toplusu” anlamını verən bu dərginin cəmi 11 sayı (sonuncu nöm­rəsi1884, mart) işıq üzü görsə də, mətbuat tariximizdə zəngin jurnal ənənələrinin təməlini qoymuşdur. “Kəşkül”dən sonra yaranan və milli şüurun, ictimai düşüncənin xidmətində dayanan “Molla Nəsrəddin”, “Füyuzat”, “Bəhlul”, “Dəbis­tan”, “Rəhbər”, “Məktəb”, “Zənbur”, “Mə­zəli”, “Qurtuluş”, “Kəlniyyət”, “Ba­bayi-Əmir”, “Bürhani-həqiqət”, “Qardaş köməyi”, “Övraqi-nəfisə”, “Məşəl”, “Maarif və mədəniyyət” və digər yüzlərlə jurnal əlçatan kütləvi oxu dərsliyinə, yaradıcılıq tribunasına, jurnalistika məktəbinə çevrilmiş, qaranlıq mühitdən işığa, istiqlala gedən yolu yetərincə, qədərincə qısaltmışdır. Hər bir jurnal, məcmuə tirajından və tipajından asılı olmayaraq mövzu seçimi, estetik biçimi etibarilə oxucu marağını qazanmağa, zövqünü zənginləşdirməyə hesablanmış qay­naq­lardan yükünü tutaraq elmi, ədəbi-bədii simasını tarixin yaddaşına hopdurmaq niyyəti güdür. Əlbəttə, hansı dərginin bu ali mərama qail olduğunu müəyyənləşdirmək ciddi tədqiqat işidir. Amma birmənalı vurğulamaq olar ki, zəngin jurnalistika ənənələri­mizin örnək nümunələrindən bəhrələnərək onun yaradıcılıq imkanlarına əlvanlıq, cazibədarlıq, sanbal gətirən ən gənc jurnallardan biri də “Ustad”dır. Birinci sayının işıq üzü görməsindən, oxucu dünyasına ilk qədəm basmasından bir il ötsə də, mübarəkabadlığını zəmanə­mizin görkəmli alimləri, jurnalistləri, ziyalıları, söz adamları ilə bərabər qeyd etdiyimiz elə bil dünən idi…

“Hədəf” nəşrlərinin təsisçiliyi, filologiya üzrə fəlsəfə doktorları Şəmil Sadiqin baş redaktorluğu, Nərgiz Cabbarlının redaktorluğu ilə həyata vəsiqə qazanan “Ustad” ilk xeyir-duasını Cəlil Məmmədquluzadə irsinin, “Molla Nəsrəddin” jurnalının görkəmli tədqiqatçısı, yorulmaz araşdırıcısı, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylidən almışdır. Ustad alim “Ustadlığa doğru” tövsiyələrində yazırdı: “Ustad sözü – pro­fes­sionallıq və kamillik mənalarını özündə birləşdirir. İndi ədəbiyyatımızın da, elmimizin də ustad səviyyəsində yetkin, hazırlıqlı, dünyagörüşlü və səriştəli qələm sahiblərinə ehtiyacı var”.

Son bir ildə bir-birindən fərqli, maraqlı, səviyyəli səkkiz sayını oxuculara ünvanlayan gənc ədiblər, jurnalistlər, alimlər komandasından ibarət ustadlar (bilərəkdən “Ustad”çılar ifadəsini işlətmirəm – A.R.) üzərlərinə düşən məsuliyyət hissinə həssaslıqla yanaşaraq etimadı doğrultdular. Ədəbiyyatımızın, mədəniy­yəti­mizin, incəsənətimizin keçdiyi tarixi mərhələlər, kəşməkəşli proseslər, təsirlər, onların uğurları və qüsurları bir dərgi məcrasında tədqiqə, təbliğə və dəyərlən­dirməyə cəlb olunması mühüm əhəmiyyət kəsb edir.

Baş redaktor Şəmil Sadiqin dərginin hər bir sayına mövzu və məzmun etibarilə çox maraqlı baş məqalələr yazması, görkəmli alimlərimizdən akademik İsa Həbib­bəyli, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, professor Niyazi Mehdi və b. elm xadimlərinin jurnalla sıx əməkdaşlığı gənc kollektivin çağdaş cəmiyyətdə formalaşan nüfuzunun bariz təsdiqidir.

“Ustad”ın özünəməxsus xarakterik cizgiləri haqqında düşünərkən öncə göz önündə bunlar canlanır: Problemə doğru getmək, kölgəli məqamlara işıq salmaq, ağıllı və cəsarətli addımlar atmaq, elmi polemikaya səxavətlə yer ayırmaq, “sözün doğrusunu” söyləmək, yaradıcı gənclərə geniş meydan vermək… Jurnal bu və ya digər yaradıcılıq istiqamətlərinə, elmi-mədəni və mənəvi keyfiyyətlərə önəm verməklə mövzu aktuallığını, peşəkar yanaşma tərzini qabartmaqla ustadlığa doğru gedən yolu sürətləndirməyə nail olmuşdur.

“Ustad”ın birinci sayında “Dövlət himnimizin söz və mətninin müəllifi kimdir” (prof.Alxan Bayramoğlu) adlı polemik məqaləyə yer ayırması və qaldırılan problemlərə dərginin dördüncü sayında “Bir daha himnimizin mətninin müəllifi barədə” (İlham Abbasov) sərlövhəli araşdırma xarakterli düşüncələrlə cavablan­dırıl­masında toxunulan müşkül, mürəkkəb məsələyə etibarlı arqumentlərlə yekun vurulmasa da, mövzunun aktuallığı, əsl həqiqətin üzə çıxarılmasının vacibliyi, gərəkliliyi onun gündəmdə saxlanılmasını şərtləndirir.

“Ustad”ın səhifələrində çıxış edən istedadlı gənc tədqiqatçılar, filosoflar, yazıçılar, şairlər, jurnalistlər fərqli mövzuları, üslubları, deyim və ifadə tərzləri ilə dərginin maraq dairəsini, yaradıcılıq üfüqlərini genişləndirmiş, hər nömrənin, az qala, nadir nüsxəyə çevrilməsinə səbəb olmuşdur.

Xüsusilə tədqiqat xarakterli elmi məqalələrdə yeniliklər, köhnə problemlərə təzə baxış, obrazlı deyim tərzi ilə fərqlənir. Bu baxımdan Şəmil Sadiqin “Türk hökmdarlarının sözü və qılıncı” (Şah İsmayıl Xətai, Qazi Bürhanəddin, Fateh Sultan Məhəmməd və Qanuni Sultan Süleyman haqqında), Ceyhun Hacıbəylinin “Bir il xəyallarda və bütöv bir ömür”, Dilqəm Əhmədin “Baninin təhqir etdiyi əri və ilk dəfə yayımlanan fotolar”, Füzuli Məcidlinin “Türklərin Kəbəsi, səhrada gizlənən tarix… Sirlər vadisindən reportaj”, Faiq Ələkbərlinin “Nəsib bəy Yusif­bəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü məfkurəsi” və b. araşdır­malar elmi siqləti, təravəti və dəyərləndirmə orijinallığı ilə seçilir.

Jurnalın redaksiyasında “Ədəbiyyatımız və mətbuatımız: Konsepsiyasız ədəbi mətbuat olmamalıdır” (“Ustad”, № 2), “Ağrı”nın yaşatdığı ağrılar” (“Ustad”, № 5) dəyirmi masa arxasında çox vacib məsələlərin müzakirəsi, problemin açıq, sərt qoyuluşu və ona fərqli baxışlar, müdrik düşüncələr … dərgidə çalışan yaradıcı heyətin səriştəsindən, peşəkarlığından xəbər verir.

Milli mətbuat tariximizə bir il öncə ilk dəfə “Ustad” kimi qədəm basan, “Kəşkül” ənənələrini davam və inkişaf etdirən, ulu sözün qüdrətini, ülviyyətini ucalara qaldıran jurnalın gənc, istedadı kollektivini təbrik edir, çətin və şərəfli yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıram.

Mənbə: “Ustad” jurnalının 10-cu sayı.

KÖŞƏ YAZARLARI
TOP 10