Kəndlilər, fəhlələr və sənətkarlar

25 Baxış

Ağ zanbaqlar ölkəsiSenet.az Atatürkün oxuyub heyran qaldığı və dərhal ölkədəki məktəblərin, xüsusilə hərbi məktəblərin proqramına salınmasını əmr etdiyi “Ağ zanbaqlar ölkəsi” kitabından növbəti hissəni təqdim edir.

Əsərdən ilk hissə- Atatürkün dərslik olmasını istədiyi kitab ilk dəfə Azərbaycan dilində

İkinci hissə- Tarixi kim yaradır? Qəhrəmanlar, yoxsa millət?

Üçüncü hissə- Suominin tarixi

Dördüncü hissə- Snellman

Beşinci hissə- Təlimçi məmurlar

Altıncı hissə- Hərbi hissə-xalq məktəbi

Yeddinci hissə- Futbol

Səkkizinci hissə- Valideynlər və uşaqlar

Doqquzuncu hissə - Xalq universiteti

Onuncu hissə- Karokep 

On birinci hissə- İş kralları- Jarvinen, Ukkonen və Tomas Gulbe necə kral oldular?

 

Kəndlilər, fəhlələr və sənətkarlar

Snellman hələ uşaqlıq dövründə, məktəb yaşlarında ümumi istehsal və ictimai münasibətlərin saray anlayışları, yəni bəy və kölə nöqteyi-nəzərindən dəyərləndirilməsinə qarşı çıxırdı. Bütün tarix kitablarında krallardan, imperatorlardan, onların vəzirlərindən, aristokrat sinfinin mübarizəsindən, baronlardan, generallardan, bəzi elm xadimləri, yazıçılar və sənətkarlardan bəhs olunur. Onların həyatları şərh edilir, apardıqları qanlı müharibələr, saray münaqişələri, iqtidar mübarizələrində tökülən qanlar, diplomatik müvəffəqiyyət hesab edilən hiylələr, suiqəsdlər və qiyamlar ən xırda detallarına qədər təsvir olunur. Tarix dərsi keçən professorlar da yalnız bunlardan bəhs edirlər.

Ötən əsrlərdə müxtəlif ərazilərdə yaşayan cəmiyyətlərin, xalqların necə yaşadıqlarından ya təsadüfən qısaca danışılır, ya da onlar barədə heç bəhs olunmur.

Milyonlarla kəndli, işçi, müxtəlif sahələr üzrə istehsalçılar, biznesmen və az sayda kiçik burjua nümyəndələri sanki yüzillər boyunca tarixdən kənarda olublar.

Cəmiyyətlərin düşüncə və mənəvi cəhətdən inkişaf etdirmək məsələləri ilə maraqlananlar isə olduqca azdır. Daha doğrusu millətlərin maddi və mənəvi həyatlarının yaxşılaşdırılması və yüksəldilməsi ilə heç kəs mübarizə aparmayıb.

Bitki yetişdirmək, heyvan bəsləmək, kərpic, kağız və parça istehsalı texnikasını inkişaf etdiriblər, amma milyonlarla məhsuldar xalq kütləsinin ruhunu, mənəviyyatını, sağlamlığını, qidalanmasını, yaşayış şəraitini yaxşılaşdırmağı düşünməyiblər. Xalqın yaşayışına laqeyd yanaşıblar. Sanki bütün bunları düşünmək heç kimin vəzifəsi deyil. Sanki belə bir gizli qərar qəbul edilib: “İstədikləri kimi yaşasınlar. Yaxşı bir vəziyyətə gəlib çatacaqları təqdirdə xoşbəxt olmalı; vəziyyətləri yaxşı olmadıqda isə səbirli olmalı, dözümlülük nümayiş etdirməlidirlər.”

Hər bir dövrdə və hər bölgədə xalq kütlələri səbirli və dözümlü olmağa məhkum idilər. Çətinliklərə və yoxluqlara dözmək xalq üçün zəruri bir vəzifə kimi kimi qəbul edilmişdi. Hər cəhdlə xalqa zülm edir və ona yuxarıdan aşağı baxırdılar. Bütün dövrlərdə və hər yerdə həmişə eyni şeylər deyilirdi.

Xalq avamdır, tənbəldir, çalışmaq istəmir. Kobuddur, acgözdür, davaya meyllidir, hirslidir, söz eşitmir…

Daha sonra əlavə edirlər:

Millətimiz nə qədər böyük olduğunu səbirli və dözümlü olması ilə göstərir. Ac qalır, soyuqdan donur, çirkab və yoxluq içində yaşayır, amma heç vaxt şikayət etmir, bütün bunlara dözməyi bacarır.

            Onlar millətin səbirli və dözümlü olmasından fərəhlə danışaraq, millətin bu məcburiyyətini dini bir mövzu kimi böyüdürlər. Elə İsanın dinini də səbir və dözümlülük dininə çevirməmişdilərmi?

Snellman bu səbir və dözümlülük prinsiplərinə nifrət edirdi və hər iki tərəfin hərəkətlərinə əsəbiləşirdi.

Xüsusilə də bütün azadlıqları, xoşbəxtlikləri və zənginlikləri özü üçün istəyən, xalqa isə çox böyük səfalət və məhrumiyyətlərə qarşı dözümlü olmağı tövsiyyə edən burjuaya və ayrıseçkilik edən dövlətə hirslənirdi.

Sonra da üzərilərinə qoyulan bu məcburiyyətə dözdüklərinə görə xalqa hirslənirdi. Xalqın düşüncəsinin aşağı səviyyədə olmasına, maddi və mənəvi səfalətlərə, haqsızlıqlara öyrəşməklərinə qəzəblənirdi.

Hirsləndiyi vaxt da bu sözləri qışqırırdı:

Milyonlarla insan heyvanlar kimi yaşayır, miskin həyat tərzi keçirirlər! Düşündükləri yalnız bircə şey var, o da qarınlarını doldurmaq!

Bir qədər sakitləşdikdən sonra isə, “Amma günahkar xalqdırmı? Bu onlar üçün faciədən başqa bir şey deyil.”- deyirdi.

Snellman iki sinfi bu cür qarşılaşdırırdı:

Bağça ilə meşə… Bağçaya incə, gözəl, qum döşənmiş yollar çəkilib… Yolların hər iki tərəfi çiçəklər və meyvə ağacları ilə bəzədilib. Xüsusi qulluq göstərilən ucsuz-bucaqsız yamyaşıl çəmənliklər. Qurulan xüsusi kottejlərin ətrafında bənövşə və digər güllər əkilib… Fəvvarələrdən su fontan vurur… Bəzi yerlərdə heykəllər qoyulub… Yolların kənarlarına xüsusi oturacaqlar var…

            Hər tərəfə və hər fidana insan əlinin toxunduğu hiss edilir. İndi də hər hansı bir meşəyə nəzər salaq:

            Buranın mənzərəsi tamamilə fərqlidir. Burada hər şey təbii, yabanı formada yetişir və baxımsızdır. Özbaşına buraxılıb. Toxumlar hara düşübsə orada da ağaclar və tikanlı bitkilər bitib. Meşələrin çox yeri keçilməz olur. Fırtına vaxtı qırılan və yerindən çıxan ağaclar elə oradaca çürüyür. Olan cığırlar da tamamilə təsadüf nəticəsində yaranıb. Meşədəki ağaclara qulluq barədə heç kəs düşünmür, bu heç kəsi maraqlandırmır…

            Baxın, elə varlı təbəqə də bəhs etdiyim həmin bağça kimidir. Təhsil, ədəb, rahatlıq, sağlam həyat şəraiti və gözəl sənətlərdən zövq almaq kimi üstün məqamlara sahib insanlar xalqdan ayrı, xalqdan fərqli bir aləmdə yaşayırlar…

Xalq isə daha çox təbii yaşamın hökm sürdüyü meşəyə oxşayır. Əgər dəyərini bilirlərsə, onu qoruyurlar. Ancaq ona da lazımlı və canlı olduğu üçün dəyər verirlər. Meşədəki ağaclar bağçadakılar kimi canlıdırlar, elə xalqın hər bir nümayəndəsi, fərdi də yüksək təbəqəyə mənsub olanlar kimi bir insandırlar. Hamı bərabər və ağıllı yaradılıb. Ən yüksək mənəviyyata sahibdirlər. Yalnız bunlara diqqət göstərmək, milyonlarla xalq kütləsindən hər birinə tam bir şəxsiyyət kimi yetişmələri üçün imkan yaratmaq lazımdır.

Snellman bütün kəndlilərin, işçilərin, istehsalçıların və xalqın bütün təbəqələrinin hərtərəfli maariflənməsini, təhsil və tərbiyə almasını həyatının ən mühüm vəzifəsi hesab edirdi. Bir zamanlar Pier Damianini Səlib yürüşlərini qışqırıb bəyan etdiyi kimi, o da Finlandiyada təhsil səfərbərliyinin öndəri idi.

Snellman hər yerdə bu sözləri deyirdi:

Ölkədə xalqın əksəriyyətinin sadə bir mədəniyyətə sahib olmamasını və təhsil ala bilməmələrini kənardan seyr etmək ayıbdır, günahdır. Sivilizasiya məşəli ilə işıqlanan bir insanın buna laqeyd qalması cinayətdir.Dövlət deyilən bir şey üst mərtəbələri geniş pəncərəli, hündür tavanlı, sütunlu, təmiz havalı və işıqlı; alt mərtəbəsi və zirzəmisi isə qaranlıq, rütubətli, dar, pəncərəsiz olan qəsr deyil.

Ölkə əhalisinin əksəriyyətinin təhsil almaması cinayətdir. Dövlətin öz-özünü yox etməsi, intihar etməsi deməkdir.

Vəhşi qəbilələrin yoxsul olduqlarını, ölkələrinin zənginliklərindən faydalanma yollarını bilmədiklərini və buna görə də aclıqdan öldüklərini bildirirlər. Ancaq bir ölkədə yaşayan insanların maddi və mənəvi cəhətdən güclənməsinə laqeyd qalmaq, fərqinə varmamaq və bunu istəməmək də ən böyük vəhşilikdir.

On milyonlarla ən yaxşı, ən dəyərli növ ağacların olduğu bir meşəni təsəvvür edin. Bu meşə ilə heç kəs maraqlanmırsa, heç kəs oradakı ağaclara qulluq göstərilməsi barədə düşünmürsə və onları qorumursa bu ağacların nə faydası ola bilər? Qocaman ağaclar güclü küləklər zamanı aşa, yağış sularında çürüyə bilər. Belə gözəl meşələr də qızdırma xəstəliyinin mənbəyi olan bataqlığa çevrilə bilər. Təmiz meşə havası yerinə yüz kilometrlərlə məsafayə qızdırma xəstəliyinin mikrobları yayılmağa başlayar.

Başa düşün! Başa düşün! Başa düşün!

Ölkədə işləyən və istehsalla məşğul olan hər bir insan bir dəyərdir.

Onun yediyi-içdiyi, istehlak etdiyi hər şeyi nəzərə alın. Məntiqli bir şəkildə yetişdirilən hər insanın ölkəyə nələr qazandıra biləcəyini düşünün!

Bir də istehsal etmədən istehlak edənlərin, sərxoşların, parazitlərin xərclərini müqayisə edin. Əgər xalqımız təhsil almış olsa idi, onların hər biri ölkə üçün, millət üçün çalışan istehsalçı bir güc mənbəyinə çevrilərdilər.

Snellman bununla əlaqədar Avropaya səfəri zamanı başına gələn bir əhvalatı danışır. Berlində məşhur bir avstriyalı yazıçı ilə tanış olmuşdur. Bu yazıçı əslən slavyan olsa da kitablarını almanca yazırdı. Yazdığı bir çox məqalə və kitablarında avstriyalı almanların Galiçyadakı lexlərə, Moraviyada çexlər və slovaklara, Voevodinakı serb və xorvatlara hökmranlıq etmələrinə haqq qazandıraraq, bununla bağlı yazmışdır:

Slavyanlar itaətkar bir irqdir. Bu irqə mənsub olanlar xəyalpərəstdirlər, amma romantik şair də ola bilməyiblər. Doğuşdan tənbəldirlər. Uzun müddət əsir kimi yaşadıqlarından işləməyi xoşlamırlar. Faydasız və avam xalqdır. Müvəffəqiyyətsizliklə qarşılaşdıqda səfalət və miskinlik içində yaşamağı seçirlər. Bu cür yaşam tərzi isə insanlıq qürurunu qazanmış mədəni avropalıda onlara qarşı nifrət yaradır. Müvəffəqiyyət qazanmaq və rifah şəraitində yaşamağa nail olmaq yolunda və xüsusən də ticarətdə vicdansız, yalançı, rüşvətxor, acgöz və hiyləgərdirlər. Çox və asan qazanc dalınca qaçırlar. Qazandıqlarını isə ağılsızcasına israf edirlər.

Slavyanlara məntiqli və sərt bir Alman intizamı tətbiq etmək lazımdır. Slavyanlar sıx və yumşaq yunlu, amma pis qoxulu bir qoyun növünə bənzəyirlər. Onları təmizləmək üçün Alman dabbaqçısına vermək lazımdır. Onda onlardan gözəl və isti kürk olar.

Olduqca ağıllı olan, millətini dəyişdirən bu yazıçı yaxşı təhsil almışdı. Avropa dillərini çox gözəl bilirdi. Yazıları bəzəksiz, sadə, axıcı və yumorlu idi. Məqalələrinə müxtəlif dövrlərdə yaşamış filosof, tarixçi və ədəbiyyatçıların əsərlərindən iqtibaslar salırdı. Ancaq bu yazıçının yazılarını namuslu hesab etmək olmazdı. Çünki yazılarına görə Avstriya hökumətindən pul alırdı.

Millətini dəyişdirən bu yaltaq yazıçı ümumi olaraq pis adam deyildi. Sadəcə zövq və əyləncəyə meylli, qadın və qumar düşkünü olan əxlaqsız idi. Belə bir həyat üçün isə çoxlu pul lazımdı.

Əlbəttə, aldığı təhsil və sahib olduğu bacarığı sayəsində namuslu şəkildə qazanc əldə edə bilərdi. Amma belə bir həyat üçün ruhun köklənməsi lazım idi. Təmiz düşüncə, təmiz əxlaq, inam və ideal lazım idi.

Bütün bunlar isə yaltaq yazçıya yad şeylərdi. Avstriya Universitetində təhsil aldığı illərdə ölkədə Metternixin geri qalmış siyasəti hakim idi. Metternix- keçmiş saray tülküsü, avropalı parlamentari görkəmində olan bu Bizans uşağı özünün zorakı və təzyiqli siyasəti ilə sərvətlər əldə edərək hiyləgər planları sayəsində bütün Avropa cəmiyyətlərinin əxlaqını pozmuşdur. O, insanları özünə bağlamaq üçün tək bir yol bilirdi: rüşvət. Metternixin rüşvəti xüsusi sistemə salan mütəxəssisləri və məmurları var idi. Onlar kimin necə satın alına biləcəyini araşdırırdılar.

Metternixin dövründə rüşvət yolu ilə asan qazanc dalınca qaçmaq sanki bir müqəddəs vərdişə çevrilmişdi. Cəmiyyətdə əxlaq oksigeni qalmamışdı. Hətta bir çox ziyalı da Metternixin tətbiq etdiyi alçaq siyasətin karbon turşusu ilə zəhərlənmişdi. Həqiqi yüksəlməyə meylli olan gənclik də alçalmış, korlanmışdı. Gəncliyin böyük idealları, qabaqcılları yox idi. Yoxsul düşüncələrlə, intizamsız və ya xüsusi intizam qaydaları olmayan mühitdə yetişirdilər.

Baxın, millətini dəyişdirən bu yazıçı da belə boğanaq bir mühitdə yetişərək əxlaq hissini itirmişdi. O, idealist cəhdləri, səyləri gülünc, qeyri-ciddi və süni hesab edirdi. Həyatda Şiller (Alman şairi, filosofu və yazıçısı) kimi gözəllik və həqiqət axtaranlara təəccüb edirdi. İllər keçdikcə bu şəxs “kelbi (Sözün mənası “itə, köpəyə aid”, köpəklə əlaqədardır. Kinizm (sinizm, kinik və ya şübhəçilik), Sofist Gorgiasın və sonra da Sokrat tələbəsi olan Antisthenesin təlimidir.)” bir filosof oldu. Almanların mənfəəti üçün slavyanlara qarşı çıxmaqdan zövq almağa başlamışdı.

“Mən çox yaxşı yazıram və almanlar da mənə yaxşı pul verirlər”- deyərək özünə haqq qazandırmağa çalışırdı.

Ona qarşı çıxan slavyan millətçilərinə isə yazılarında bu cür cavablar yazaraq özünü müdafiə edirdi:

Məndən nə istəyirsiniz? Siz Florensiya və Venesiyadakı iki italyan heykəltəraşı- Donatella ilə Verrokkonun heykəllərini gördünüzmü? Florensiya və Venesiyada bu heykəllər muzdlu əsgərlərin, muzdlu ordu başçılarının şərəfinə ucaldılıb. Bu şəhərlər ordu başçılarına yaxşı pul verdiklərinə görə onlar da əvəzində vəzifələrini yerinə yetiriblər. Əgər Milan, Genuya, Piza, Verona və Roma şəhərləri bu muzdlu döyüşçülərə daha çox pul versə idilər, bunun qarşılığında həmin şəhərlərin müdafiəsi üçün çalışardılar. Onda Venesiya və Florensiya üçün etdikləri kimi bu şəhərlərdə də qəhrəmanlıq nümayiş etdirəcəklərdi.

Elə mən də yazıçılıq sahəsində onlar kimiyəm. Mənə almanların verdiyindən daha çox məvacib verin, sizin üçün mübarizə aparım. Bunu etməsəniz, etmək istəməsəniz, onda mənim sizə qarşı çıxışlarıma dözməli olacaqsınız və özünüzü qoruyun. Mən güclü düşmənlərlə mübarizə aparmağı çox sevirəm.

Slavyanlar bu mətbuat ilanından nifrət edirdilər. Almanlar isə parlaq yazıçını, cəsur slavyan filosofunu çox təqdir edirdilər.

Snellman Berlində olarkən bu şəxslə qarşılaşmışdır. Ancaq Finlandiyada olarkən bu yazıçının əsərlərindən, işlərindən heç bir xəbəri yox idi, heç adını da eşitməmişdi. Berlində biri fin, digəri slavyan olan iki xüsusi qonağın, almanların deyimləri ilə desək, “sivilizasiya öncülləri”nin şərəfinə ziyafət təşkil edilmişdi.

Ziyafətdən sonra gələn qonaqların sayı azalandan sonra Snellman bu “sivilizasiya öncülü” sayılan slavyanla bir tərəfə çəkilib, geri qalmış ölkələr üçün  edilməli olan işlərlə bağlı onun fikirləri ilə maraqlandı:

Səmimi olaq, almanlar bizi ürəkdən sevmirlər. Bu məsələdə keçmişə görə haqlı sayıla bilərlər, amma gələcəyə görə yox. Biz finlər və siz slavyanlar gələcəyin böyük gücləriyik. Almanlar artıq güclərini itirirlər, bizim ölkələrimiz isə hələ enerjili və məhsuldardır. Ancaq bizə bir qədər çalışmaq lazımdır. Biz gənc millətlər almanlardan, fransızlardan, ingilislərdən iki-üç, hətta on qat daha çox çalışmalıyıq ki, onların səviyyəsinə çata və onları keçə bilək.

Biz onları mütləq keçəcəyik. Çünki biz yalnız şəhər əhalisini maarifləndirməklə, ibtidai təhsillə kifayətlənməyəcəyik, eyni zamanda heç bir kəndi məktəbsiz, kitabxanasız qoymayacağıq. Hər kəndlinin, balıqçının, qatrançının damını elm işığı ilə nurlandıracağıq. Uşaqlarımızdan yeni, güclü, təhsilli, ziyalı və nəcib bir nəsil yetişdirəcəyik.

Snellman qarşısında slavyan millətinin mədəni xidmətçisinin olduğunu zənn edərək bu mövzuda uzun bir nitq söyləmişdi. Avstriyalı xain isə gözlərindən heç yox olmayan kinayəli baxışları ilə öz- özünə, “Cansıxıcı yeni bir axmaq,”- deyərək qulaq asmış, Snellmandan yaxa qurtarmaq üçün fürsət axtarmışdı. Ancaq sonra Snellmanın insana təsir edən mənəvi sözləri qarşısında ürəyindəki buzlar əriməyə başlamış, bir şüşə içkini stəkana süzüb içmişdi.

Öz nitqinə başı qarışan Snellman isə qarşısındakının içkini qurtardığını belə hiss etməmişdi. Avstriyalı yazıçı sərxoş vəziyyətdə ayağa qalxıb Snellmana bu sözləri demişdi:

Əziz Snellman, bu qədər bəsdir… Böyük ruhunuzun atəşini bu qədər israf etməyin… Onu öz millətiniz üçün saxlayın. Siz xoşbəxt insansınız… Belə insanları olduğuna görə, sizin millətiniz də xoşbəxtdir. Siz sabah yola çıxırsınız. Çox yaxşı… Mən sizinlə ilk dəfə burada görüşdüm. Daha əvvəl nə mən sizi tanıyırdım, nə də siz məni… Bu da yaxşıdır, yəni məni tanımadığınız daha yaxşı oldu… Hələ də mənim kim olduğumu bilmirsiniz. Ancaq sizi tanımaq mənim üçün yaxşı oldu, yoxsa pis, bunu bilmirəm. Əziz Snellman! Haradan çıxdınız bu anlayışsız, ağılsız insanın qarşısına? Sərt bir qaya kimi qarşımda peyda oldunuz. Niyə bu qədər gec rast gəldim sizə?

Artıq saat 24 olmuşdu. Snellman, “Düşünürəm ki, artıq gecdir,”- dedi.

Avstriyalı belə cavab verdi:

Həqiqətən də gec oldu. Amma gec olan vaxt bu gecəki vaxt deyil. Gec olan əsil vaxt əslində mənim həyatımdakı zamandır. Ah, nə olardı, mən daha gənc olanda Snellmanla bir dəfə bu cür görüşmüş olaydım. Onda mən tamamilə başqa bir insan olardım. Snellmanla görüşəndən sonra nəslim də tamamilə başqa nəsil olardı. Amma indi iş-işdən keçib… Artıq gecdir… Artıq yatmağa getmək lazımdır… Əziz Snellman, aramızda qəribə bir əlaqəsizlik var… Mənə əlinizi verin…

O istədiyinə görə Snellman əlini uzatmışdı. Avstriyalı bu əli tutub öpmüşdü. Snellman təəccüblə əlini çəkib “Nə edirsiniz?”- deyə soruşmuşdu.

Avstriyalı:

Mənə fikir verməyin! Mən sizin əlinizi yox, hər dürüst insanın ürəyindəki snellmanlığın əlini öpürəm,”-cavabını vermişdi.

“Mən bu sözlərdən bir şey başa düşmədim”- demişdi Snellman.

“Onsuz da başa düşməyinizə ehtiyac yoxdur”-demişdi avstriyalı, “Siz mənim slavyan ruhumu çətin başa düşərsiniz!”

Ertəsi gün Snellman Suomiyə qayıtmışdı. İki-üç həftə sonra beş sətirlik imzasız bir məktub almışdı. Məktubda bu sözlər yazılmışdı:

Siz mənim ruhumu tərsinə çevirdiniz. İndi mən belə həyatı yaşaya bilmirəm. İndiyə qədər yaşadığım kimi yaşamaq mənə iyrənc gəlir. Sanki istəməyərəkdən həyatıma son qoyuram.

Snellman məktubu kimin yazdığını bilməmişdi. Bundan bir şey başa düşməmişdi. Son bir ayın Vyana qəzetlərini araşdırmış və bu xəbəri görmüşdü:

Sarsıdıcı bir qəza… Böyük bir qəza… Slavyan yazıçısı, qorxusuz düşüncə sahibi diqqətsizliyi nəticəsində ağır şəkildə özünü yaralayıb və üç saat sonra ruhunu təslim edib.

Bu xəbərlə bağlı araşdırma aparan Snellman qəza nəticəsində ölən şəxsin Berlində verilən ziyafət zamanı əlini öpüb “Əgər mən belə Snellmanlara rast gəlsə idim, mən və mənim nəslim tamamilə başqa insanlar olardıq. Niyə sizi gəncliyimdə tanımadım?”-deyən slavyan yazıçısı olduğunu öyrənmişdi.

Snellman bunları danışanda dostları həmin yazıçının hansı millətin nümayəndəsi olduğunu soruşdular:

“Çexdir, lexdir, bolqardır, serbdir, xorvatdır? Hansı millətdəndir? Adı nədir?” deyə israr etdilər.

Snellman:

Əbəs yerə maraqlanırsınız. Bu şəxsin hansı millətdən olduğunu bilməyinizin nə faydası var? Bu insan çox səhv bir addım atıb, cəzasını da yenə özü çəkib. Öz varlığını da yer üzündən silən yenə özü olub. Onun adını niyə anmaq lazımdır? Burada əslində digər əsas məqama diqqət etmək lazımdır. Üstün keyfiyyətlərə malik bir insan, dahi, yüksək ədəbi qabiliyyətə, böyük zəkaya, nadir rast gəlinən geniş biliyə sahib şəxs və nəticə: zövq və əyləncə düşkünü, qumar oynayan, bədxərc, səfeh, qələmini kirayə verən, mənsub olduğu millətə xəyanət edən əxlaqsız. Əgər bu şəxs məntiqli bir şəkildə təhsil alsa idi və gəncliyində ona xalqın ruhunu, könlünü oxşamağın verdiyi zövqün həyatını boş şeylərə sərf etmək zövqündən daha üstün olduğu söylənsə idi, onda o öz ölkəsində mədəniyyət carçısı olardı.

Universitet oxuyub, elm xadimi və ədəbiyyatçı olub, paytaxtda yaşayıb. Daha nə istəyirsiniz? Belə birisi adam olmursa, heç bir məktəbi, kitabxanası olmayan və həyatın daha gözəl, daha firəvan, daha nizamlı olması üçün nə edilə biləcəyi düşüncəsinin formalaşmadığı bir mühitdə yetişən xalqın adi bir nümayəndəsindən nə gözləmək olar? Milyonlarla xalq fiziki, mənəvi cəhətdən çürüyür, onların düşüncələri və əxlaqları korlanır. Ancaq heç kəs bu çürümə prosesini görmür. Hər kəsin xarakteri pozulub, hamı bu korlanmış həyata alışıb… Sanki bunu təbii hal hesab edirlər!

Ancaq bu belə olmalıdırmı?

Milyonlarla insan doğulur, dərin bir səfalətin içində yaşayır və ölür. Bu belə olmalıdırmı?Aralarında çoxlu sayda ağıllı insanın olmasına baxmayaraq milyonlarla insan heyvanlar kimi avam və cahil qalır. Çoxlu sayda kiçik qardaşlarınızın xarakterlərində zalımlıq formalaşır. Sizcə, bu belə olmalıdırmı? “Bəli, belə olmalıdır!”- deyə yüz dəfələrlə təkrarlanan iyrənc sözlərdən heç utanmırsınızmı?

Snellmanın nitqi insanlar üçün böyük ilham mənbəyi olmuşdu. Onun məsləhətləri və nəsihətləri ən yatmış beyinləri belə oyandırır, qəlblərdə alov və enerji yaradırdı.

Həkimlər, kənd keşişləri, məktəb müəllimləri, dövlət məmurları müxtəlif bölgələrdə yaşayan insanların həyatlarını araşdırmağa başladılar. Qəzetlərdə, jurnallarda və müxtəlif kitablarda xalqın həyatından bəhs edən xəbərlər, müsahibələr, araşdırma yazıları çap olunmağa başladı.

İki kitaba xüsusilə daha çox maraq göstərirdilər. Onlardan biri “Bir kənd həkiminin xatirələri”, digəri isə “Bir kənd keşişinin qeydləri” adlı kitablar idi.

Bu iki kitab mədəniyyət və mətbuat sahəsində sanki bir fırtına yaratdı. Bəzi yazarlar bu kitabları çox bəyəndiklərini deyib göylərə qaldırmışdılar və tənqidlərində daha çox tərifə yer verirdilər.

Xalq üçün ürəyi sızlayan və oxuyub-yazmağı bacaran hər kəs mütləq bu kitabları oxumalıdır. Bu kitablar korların gözlərini açır, ruhu hələ tam korlaşmamış insanların isə üzlərini qızardır.

Bəziləri isə bu kitablara həddindən çox tənqidi yanaşır və yazıçılarına qarşı sanki alov püskürürdülər:

Hər iki kitabda Fin milləti təhqir olunurdu. Bu kitablar yalanlarla doludur. Şərhlərdə hər şey olduğundan çox şişirdilib və fərqli formada təqdim edilib.

Bu iki kitab haqqında olan birinci yazılarda həqiqət göstərilir. Hay-küy salanlar isə millət anlayışını səhv başa düşənlər və “Millətin kobud və çirkin olsa da hər şeyi gizli saxlanılmalıdır!” deyənlər idi. Onlar çöldəki dəvəquşu kimi qarşılarındakı təhlükəni görməmək üçün başlarını quma soxurlar və başlarını çölə çıxaranda isə hiddətlənirlər.

Hər iki kitabın yazarı isə finlərin yuxarı təbəqəsinə var gücləri ilə belə deyirdilər:

Oyanın! Xalqı xilas etmək üçün işə başlayın! Xalqımızın dördə üçünün yaşadığı həyat çox faciəvidir. Kənddə yaşayanlarımız və işçilərimiz ölümlə mübarizə aparırlar, fiziki və mənəvi cəhətdən çökürlər.

Yaxşı yazıçılarımız hesab edilən cənab həkim və keşiş əsərlərində uydurma şeylər yazmayıblar və sizi hirsləndirmək üçün hadisələrə təktərəfli yanaşmayıblar. Onlar sadəcə olduqları kəndlərdə yaşayan əhalinin həyatını daha yaxından izləyib, həqiqətləri olduğu kimi qeyd ediblər.

İnsanı dəhşətə salan həqiqətləri öyrənənlər “1,5 milyon insanın belə bir həyatı yaşamasına necə dözürsünüz? Bu vəziyyətin günahkarı bizik!”- deyirlər.

Kitabları oxuyarkən dəhşətə gələn digər qrup isə:

Görəsən bu insanlar belə həyata necə dözürlər? Onlar əsilzadə zümrəsindəndirlər, yoxsa ikiayaqlı heyvanlardır? Bu həyat Dantenin Cəhənnəmində təsvir edilən həyatdan daha bərbaddır. Orada insanlar günahları üzündən o əzabı yaşayırlar. Bəs, ölkəmizdəki insanların günahı nədir? Nəticədə Dantenin “Cəhənnəm” əsəri əvvəldən axıra qədər xüsusi dahiliklə qurulan bir romandır. Burada isə insanları qəhr edən bir alın yazısı, tale, acı həqiqət və utancverici iyrənclik vardır!