Kahraman Tazeoğlunun imza mərasimi keçirilib

119 Baxış

Picture 535
Kitabevim.az mağazalar şəbəkəsində Türkiyənin məşhur yazıçısı  Kahraman Tazeoğlunun imza mərasimi keçirilib. Tədbiri giriş sözü ilə Kitabevim.az-ın meneceri Xəyalə Nəsirli açıb. O, Kahraman Tazeoğlu haqqında tədbir iştirakçılarına məlumat verib.

Daha sonra “Hədəf” Nəşrlərinin direktoru Şəmil Sadiq çıxış edib: “İlk öncə Kahraman Tazeoğluna xoşgəldin deyirəm. Bizim dəvətimizi qəbul edib, gəldiyiniz üçün sizə təşəkkür edirik.  Keçən il Elxan Yurdoğlu ilə söhbət edirdik. Onda Elxan bəy dedi ki, türkiyəli yazıçı Kahraman Tazeoğlunun kitablarını Nərgiz İsmayılova ilə birlikdə Azərbaycan dilinə uyğunlaşdırmışıq, istərdik ki, sizin nəşriyyatda çap edək. Onda mən Elxan bəylə razılaşdım. Daha sonra Emin müəllim bildirdi ki, Kahraman Tazeoğlunu Azərbaycana dəvət etmişik. Bu işdə gənc oxucu Tamerlan bəyin də xüsusi rolunu vurğulamaq istərdim. “Hədəf” Nəşrləri Azərbaycan Türkiyə arasında mədəni əlaqələrin inkişafı üçün həmişə səy göstərir. Mart ayında Kitabevim.az-ın bir yaşı tamam oldu. Bu bir il ərzində oxucularla yazıçıların görüşünü keçirməyə çalışdıq. Qarşıda sizi çox böyük sürprizlər gözləyir”.

Elxan Yurdoğlu da öz növbəsində Kahraman Tazeoğlu barəsində fikirlərini bölüşüb: “Kahraman bəylə qısa bir reportaj etmişdim. Senet.az saytında yayımlanmışdı. Müsahibə zamanı kitabları ilə necə tanış olduğunu  özünə də demişdim, ancaq indi burada da demək istəyirəm.  Bir şair dostumla stolüstü tenis oynayırdıq. Razılaşmışdıq ki, uduzan o birinə kitab alacaqdı. Dostumla kitabxanaya getdik, mənim diqqətimi “Seni içimden terk ediyorum” kitabı çəkdi. Kitabı oxudum və çox bəyəndim. 2011-ci ildə ortaqlaşa bir qərar aldıq və kitabı Azərbaycan dilinə çevirdik. Sonradan Şəmil müəllimlə kitab təqdimatlarının birində görüşdük və təklifimi ona çatdırdım. Uzun müddətlik danışıqlardan sonra kitabın çapına qərar verdik”.

Nərgiz  İsmayılova çıxışında Kahraman Tazeoğlunun kitablarının gənclər tərəfindən sevildiyini bildirdi: “ Mən Qəhrəman bəyə təşəkkür edirəm ki, belə bir kitab yazıb. Biz də bu kitabları oxuduq, sevdik, tərcümə etdik. Qəhrəman bəyin “Bukre” , “Yaralı” kitablarını tez-tez gənclərin əlində görürdüm. Gənclərin sevgisini gördükdən sonra kitabı dilimizə çevirməyi qərara aldım”.

Sonra Kahraman Tazeoğlu çıxış edərək oxucuları salamladı:  “Məni oxucularımla görüşdürdüyünüzə görə sizlərə təşəkkür edirəm. Kitabı tərcümə edən dostlara da çəkdikləri əziyyətlərə görə minnətdarlığımı bildirirəm. İlk dəfə başqa dilə tərcümə olundum. Daha doğrusu uyğunlaşdırıldım. Bakıda olduğum üçün sevincliyəm. Düzdür yağış olduğu üçün çox da gəzə bilmədik. Amma gördüyüm qədəri ilə Bakı çox gözəl şəhərdir. Gördüklərim ürəyimi doldurmağa bəs etdi. Azərbaycanda çox oxucum olduğunu bilirəm. “Facebook” səhifəmə yazırsınız. Sizinlə birlikdə olmaq çox xoşdur.

Daha sonra Kahraman Tazeoğlu  oxucuların suallarını cavablandırdı. Səmimi şəkildə keçən sual-cavab mərasimindən sonra tədbir imza mərasimi ilə başa çatdı.

Qeyd edək ki, aprelin 12-si saat 16:00-da Kitabevim.az mağazalar şəbəkəsində Şeir Gecəsi keçiriləcək. Gecədə Kahraman Tazeoğlu oxucuları üçün şeirlərini səsləndirəcək.

 

 

 

 

Bölmə : Manşet
KÖŞƏ YAZARLARI
TOP 10