səni içimdən tərk edirəm
minmədiyim heç bir avtobus
gözləmədiyim heç bir dayanacaq qalmadı bu şəhərdə
getdikcə azalır həyat
nəyi tez yaşadımsa
ona hey gec qalıram
sənə köçürəm hər payız
yolların çıxmır sevgimə
unutduğun yağışların adı yadımda
səni içimdən tərk edirəm
susmaqdan yoruldum
quşlar və mahnılar bu şəhəri tərk edəndən bəri
əfkar dəmləyirəm gözlərimdə
damlalarımı
yanağıma çatmadan öldürürəm
tam ürəyimin başından yaralayıram özümü
alnını ürəyimə dayadığın günü düşünüb
səni içimdən tərk edirəm
nə unudacaq qədər nifrət etdin
nə xatırlayacaq qədər sevdin
uçmuş bir divar qədər belə peşman deyilsən
bilirəm
məni hər zaman tapmamaq üçün axtardın
yanılmağım idin
yandığım idin
yanğın idin
sənsizliyə uduzmaq
sənə uduzmaqdan çətin olsa da
arxamda bir sürü bəlkələr buraxaraq
səni içimdən tərk edirəm
indi
içimizdə öldürüləcək bir xatirə belə tapmayan
iki yarım qaldıq
bütünləşdirə bilmədik bizi
əlindən tutmadın yalnızlığımın
saçlarımı da uzaqlarına basdırdın
içimin maviliyi sənin okeanın rəngində
al geri qaytarıram
kilidləri daim yalnış qapılara vurdun
dağılmış vaqonlara dönərkən gözlərim
sənə mənsizliyi buraxıb gedirəm
yarıma uzanmayan bütün budaqlarım qırılsın
demişdin
eşq içində var doğulmuşsa hara gedə bilərdi
necə də qəribədir deyilmi
içimi ağrıdan da sən
ağrımı sakitləşdirəcək olan da
ya öldür məni dedim
ya da get məndən
içi bulanıq bir sevdanın üzündən
səni itirdim
əhəmiyyət vermədin əhəmiyyət verməyimə
bir gecədə yandırıb sabahı
şəfəqlərə satdın xəyanətini
külümü ayaqlayanlar belə utandı etdiyindən
artıq solmuş bir ömrün
son nəfəsini
məndən
içimdən tərk edirəm
həyatımın davamı
üzümdə yuxun var
içimdə qərib bir hüzn
yanlış ünvandakı məktubam
ən çox da qatil yazısı
II
ciblərimdə uşaq cəsədləri
qursağımda çöl daşıyıram
nağılsızam
qayıtmaq üçün gedirəm
yaxamdakı qəhər bozumtul şəhərdi
III
saçlarının ucsuzluğunda
intihar qoxusu var
xəyalları çulsuz sevgilim
ruhunda kədərli adamlar dolaşar
IV
səninçün gizlənmişdim məni tapasan
it gözü dəymədən öncə
köç göründü bizə
əlvida gizli bağça
əlvida həyatımın davamı
saçları yağışlı qız
kimsəsiz bir intihar məktubu qədər soyuqdu
saçları yağışlı qız
dilində çirkli söyüşlərlə
əzilmiş bir fəslin
yetim limanlarını axtarırdı
ayaqları qorxulu yorğun gecəyə ilişdi
yollarda yolsuz
yuxularda yuxusuz
dodaqlarına həzin nəğmələr sərilmişdi
məni anlatmır vurun bu nəğmələri dedi
bilirdi ki bu son payızdı
indi hansı çəkməcədədir o yaralı şeirlər
rəsmlərə yıxılmış o duruş
gözlərindən həsrət yağan o qərib uşaq hardaydı
yasaqlara çəkilmiş xırdalanmış günəşlərə
itmiş ünvanlara hardan gedilirdi
bir gecə
astaca axan bədbəxt bir ulduza aldandı
zaman sözünü tutmadı
olmadı
xatirəmdəki yarımçıq adın indi ürəyimdə bir qeyd
saçları yağışlı qız