Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” poetikasına giriş əsəri çap olunub

10 Baxış

85116_jrvci3rdpt

“Kitabi-Dədə Qorqud” dastanlarını elmi və ədəbi yaradıcılığının platformasına çevirən akademik Kamal Abdullanın bu dastanların daha bir gizlin tərəfinə işıq tutan “Kitabi-Dədə Qorqud” poetikasına giriş. Dansökülən variant” monoqrafiyası işıq üzü görüb. 

Monoqrafiya akademik Kamal Abdullanın “Gizli Dədə Qorqud” silsiləsindən çalışmalarının (“Gizli Dədə Qorqud”, “Sirr içində dastan və yaxud Gizli Dədə Qorqud – 2″, “Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud”) məntiqi davamıdır. Əsərdə qədim mətnlərin poetik qatı ilə bağlı orijinal və yeni yanaşma təqdim edilir.

Qeyd edilir ki, “Kitabi-Dədə Qorqud” kimi anaxronik, müxtəlif qədimlik dövrlərinin əlamətlərinə malik olan mətnlər üçün bu yanaşma bədiilik qatının immanent təhlil açarı ola bilər. Qədim yazılı abidələrin müxtəlif poetik qatlarının bir-birindən ayrı təhlili sonrakı birgə təhlilin platformasına çevrilir.

Kitab müqəddimə, iki ayrıca hissə, ümumi nəticə, son söz və əlavələrdən ibarətdir. Müqəddimədə kitabın adı haqqında müəllifin qeydləri, anaxronik mətn, mif dövrü mətninin xüsusiyyətləri, ibtida bədiipoetikliyin yaranma səbəbləri və sairə haqda elmi təhlil yer alıb.

“Mifoloji dan söküləndə bədiipoetik enerji axtarışları” adlanan birinci hissədə autentik mif, qədim mətnin yaranma mühiti və şəraiti, autentik mifdə potensial bədiipoetik enerjinin təzahürü, Dədə Qorqud mətnlərində sözün müstəqim və məcaz qatları haqda elmi yanaşma ortaya qoyulub.

“Xüsusi qurmalar ibtidai bədiipoetiklik vasitələri kimi” adlanan ikinci hissədə “Sahmanlayıcı ünsürlər”, “Sadəlovh suallar”, “Təkrarlar ibtidai bədiipoetik quruluşun əsas vasitəsi kimi”, “Bədiipoetik yasaqlar. “Materialın müqaviməti” adlı fəsillərdə “Kitabi-Dədə Qorqud” mətninin poetik məziyyətləri, mətndaxili kosmik nizam, Xaosdan Kosmosa keçidin “bədiipoetik” qatda reallaşması, poetikliyin söz, cümlə və cümlə birliyi səviyyələri araşdırılır.

Monoqrafiyanın nəticə hissəsi elmi qənaətləri ümumiləşdirmədən daha çox bu istiqamətdəki gələcək perspektivlərə həsr olunub.

Kitabın əlavələr bölümündə monoqrafiyanın istiqamətinə uyğun olaraq, oxucunun təsəvvürlərinin dərinləşdirilməsi məqsədilə müəllif tərəfindən “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” (Bakı, 2016, ikinci nəşr) kitabından “Azərbaycan dilində cümlənin monopredikativ quruluşunun təşəkkülü” hissəsi və “Mifdən Yazıya, yaxud “Gizli Dədə Qorqud” (Bakı, 2009)” kitabından “Mif və Yazı” hissəsi yerləşdirilib.

KÖŞƏ YAZARLARI
TOP 10