“Kamança Şuşanın səsidir” musiqi layihəsi təqdim edilib

2 Baxış

hg

Beynəlxalq Muğam Mərkəzinin solisti, Əməkdar artist, Prezident mükafatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Toğrul Əsədullayev “Kamança Şuşanın səsidir” musiqi layihəsini təqdim edib.

Layihə ilə bağlı Senet.az-a məlumat verən ifaçı, ilk növbədə Qarabağı, onun qəlbi Şuşanı işğaldan azad edərkən şəhidlik mərtəbəsinə ucalanlara rəhmət, sağlamlığını itirən qazilərə cansağlığı arzulayıb:

“Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun 30 ildir işğalda olan torpaqlarımızı azad etməsi hər birimizdə qürur hissi yaratdı. Zəfərlə bitən 44 günlük Vətən müharibəsindən sonra biz də musiqiçi olaraq öz töhfəmizi verməliyik deyə düşündüm və belə bir layihəni ərsəyə gətirdim. Şuşalı bəstəkarların əsərlərindən ibarət silsilə ifalar lentə aldırdım. Əsərləri topladım və nəticədə Azərbaycanın mədəniyyət beşiyi Şuşanın işğaldan azad olunmasına ithaf edilən “Kamança Şuşanın səsidir” adlı musiqi albomu ərsəyə gəldi”.

Qeyd edək ki, alboma səkkiz əsər daxil edilib. Əfrasiyab Bədəlbəyli, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov və Vasif Adıgözəlovun yaradıcılığından nümunələr ilk dəfə olaraq solo kamançada dinləyicilərin ixtiyarına verilib. Solo ifa zamanı Toğrul Əsədullayevi “Buta” instrumental ansamblı – bədii rəhbər, tarzən Rövşən Qurbanov, pianoda Əməkdar artist Nərgiz Əliyeva müşayiət ediblər.

Yaxın gələcəkdə ifaçı layihəni daha geniş formatda beynəlxalq səviyyədə təqdim etməyi planlaşdırır.

Bölmə : Sənət xəbər