“Kardeş kalemler” dərgisinin yeni sayı

8 Baxış

105452_idvvxn746z

“Kardeş kalemler” dərgisinin 2018-ci il üçün ilk sayı da Türk dünyasının müxtəlif ölkə və topluluqlarından olan yazarların, ədəbiyyatşünasların maraqlı əsərləri ilə zəngindir. 

Ənənə üzrə, bu il də dərginin yanvar buraxılışı Türk Dünyasında İlin Ədəbiyyat Adamı adına layiq görülmüş yazarın əsərləri ilə başlayır. 2018-ci ildə Dünyasında İlin Ədəbiyyat Adamı tatar şairi Zinnur Mansurovdur. Şairin qısa bioqrafiyasından sonra Ataman Kalebozan və Çulpan Zaripova Çetinin tərcüməsində şeirləri yer alıb.

Jeton Kelmendi “Səhərin beş radələrində Peja” şeiri ilə dərgiyə Kosovadan qatılıb. Şairin bioqrafiyasından sonra yayımlanan şeiri professor Məmməd İsmayıl tərcümə edib.

Avrasiya Yazarlar Birliyinin başqanı professor Yaqub Öməroğlu “Bu dünyadan Yücəl Hacaloğlu keçdi”, Hüseyn Albayraq “Qədim dostum Yücəl Hacaloğlunun ardından” esselərində mərhum jurnalist-yazarı yad ediblər.

Türkiyədən Rahmi Əli “Ağac” hekayəsi, Hafizə Poyraz yazıçı Adnan Şenərlə müsahibəsi, Atalay Yağmur “Belemedik və Varda körpüsü gəzintisi” essesi, Gülnisə Uzun və Oğuz Alparslan Çatal “Arslan Koyçiyevin həyatı və Mismildirik (Bədəldəki qarğış) adlı romanı” məqalələri ilə dərginin bu sayındadırlar.

Türkiyəli ədəbiyyatşünas Aysun Dəmirəz Günerinin böyük Azərbaycan şairi haqqında qələmə aldığı “18-ci yüzilliyin gözəllik və sevgi şairi Molla Pənah Vaqif” məqaləsi də buradadır.

Qazaxıstandan Nurgali Oraz “Türk Göyündəki qazax ulduz” yazısı ilə qatılıb. Onun məqaləsini Türkiyə türkcəsinə Cəmilə Xınacı çevirib.

“Kardeş kalemler” dərgisinin yanvar buraxılışında dekabrın 19-da Ankarada TÜRKSOY tərəfindən keçirilmiş II Beynəlxalq Dədə Qorqud Teatr əsəri müsabiqəsinin mükafatlandırma mərasimindən geniş reportaj yer alıb. Xəbər verdiyimiz kimi, sözügedən müsabiqədə mükafatçılar arasında Azərbaycan yazıçısı Pərvin də yer alıb. Dərgidə mərasimdən geniş reportajla yanaşı, qaliblərin bioqrafiyası da dərc olunub.

Abdrasul İsakov “Sovetlər Birliyi dövründə Qırğızıstanda nəşr edilən türk şair və yazarların fəaliyyətləri (1950-1991)” adlı məqaləsi ilə Qırğızıstandan qatılıb.

Dərginin sondakı “Xəbər” bölməsində Kastamonunun TÜRKSOY-un 2018-ci il üçün Türk Dünyası Mədəniyyət Paytaxtı seçilməsi və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Beynəlxalq Türk mədəniyyət və mirası vəqfini ziyarəti ilə bağlı reportajlar yer alıb.