Kaşğarinin “Divan”ındakı maldarlıq leksikası Azərbaycan dili şivələrində – Araşdırma    

130 Baxış

sevinc qemberova

Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk (“Türk dilinin divan”ı)” əsəri türkologiyanın, türk leksikoqrafiyasının ilk ən mükəmməl mənbəsidir. Böyük türk oğlu Mahmud uzun illər türk ellərini oymaq-oymaq gəzərək topladığı 8500-9000 sözü həm ətraflı, dəqiq izahı ilə, həm də yeri gəldikcə işləndiyi ifadələr, məsəl və şeir parçaları daxilində verərək onları gələcək nəsillərə ərməğan etmişdir. Türk xalqları üçün lüğətin dəyəri ümumtürk abidələri olan Orxon-Yenisey daşüstü kitabələrinə bərabər tutulur.

Maldarlıq türk tayfalarının ilk məşğuliyyətlərindən biridir. Ona görə də müasir türk dillərinin və şivələrinin leksikasında bu sahəyə aid çoxsaylı türk mənşəli sözlərə rast gəlinir. Kaşğarinin lüğətində verilən maldarlıq leksikasının bir qismi hazırda Azərbaycan ədəbi dilində işləkliyini itirsə də, şivələrdə mühafizə olunmuşdur. Bu sözlərə ən çox qədimdən türkdilli tayfaların məskəni sayılan qərb regionuna məxsus şivələrdə rast gəlinir. Yer adlarında (Sığırlı və s.) və canlı xalq danışıq dilində rast gəlinən bu vahidlər tarixin bir çox qaranlıq səhifələrini işıq salır.

Azərbaycan dili dialekt leksikasının inkişafında qədim türk sözləri mühüm yer tutur. Elbrus Əzizov göstərmişdir ki, dilin inkişafı ilə əlaqədar olaraq qədim türk sözləri müəyyən dəyişikliklərə uğramışdır. Həmin dəyişikliklərin xarakterindən asılı olaraq dialekt leksikasının qədim türk leksik qatına aid olan sözləri üç qrupa bölmək olar: 1) İlkin mənasını və fonetik tərkibini saxlayan sözlər; 2) İlkin mənasını saxlamaqla fonetik dəyişikliyə uğrayan sözlər; 3) ilkin mənasına yaxın olan sözlər. XI əsrdə Kaşğarinin “Divan”ında verilən və hazırda Azərbaycan dilinin şivələrində mühafizə olunaraq işlədilən maldarlıq sahəsi ilə əlaqədar olan sözlər aşağıdakılardan ibarətdir:

Ağuc-ağız südü, inək və ya qoyun doğduqdan sonra ondan sağılan ilk süd. Bu söz z ilə j arasında söylənir, z ilə də yazılır (Kaşğari M. Divanü lüğat-it-türk, I cild, 2006: 127). Azərbaycan dilinin Şəki, Zaqatala şivələrində ağız dialektizmi “qaramalın doğandan sonra ilk südü”, Ağdaş, Qax, Şəki, Zərdab şivələrində “yeni doğan qaramalın ilk südündən bişirilən yemək (pendir kimi olur)”mənalarını ifadə edir. Gədəbəy, Tovuz şivələrində bu söz ağızdıx şəklində olub “yeni doğulmuş heyvanın ilk südü” mənasında işlədilir. Basarkeçər, Çənbərək şivələrində bu vahiddən əmələ gəlmiş “yeni doğulmuş heyvana ağız əmizdirmək” mənasını ifadə edən ağızdandımax feilinə rast gəlinir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 15).

Ağıl-ağıl, qoyun küzü. Oğuzca qoyun qığına da “ağıl” deyirlər. Bu iki məna bir-birinə yaxın olduğu üçün belə deyilir (Kaşğari M. Divanü lüğat-it-türk, I cild, 2006: 141). Azərbaycan dilinin Balakən, Biləsuvar, Cəbrayıl, Zəngilan şivələrində bu vahid “yayda mal-qara saxlamaq üçün ətrafı hasarlanmış üstü açıq yer”, Əli Bayramlı şivəsində isə “qışlaqda qoyunlar üçün qamışdan tikilmiş yer”mənasında istifadə edilir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 14).

Arsalık-həm erkəkliyi, həm dişiliyi olan bir heyvan. Oğuzca (Kaşğari M. Divanü lüğat-it-türk, I cild, 2006: 212). Azərbaycan dilinin Qazax, Şəmkir şivələrində “heyvanın budunun aşağı hissəsi” mənasında istifadə edilən arsala sözü qeydə alınmışdır (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 26).

Boğra- erkək dəvə. “Boğra xan” adı bu sözdəndir (Kaşğari M. Divanü lüğat-it-türk, I cild, 2006: 417). Azərbaycan dilinin Füzuli, Salyan şivələrində bu söz bığır şəklində işlənərək “üçyaşar erkək dəvə” mənasını ifadə edir. Digər şivələrdə (Borçalı, Füzuli, İmişli, Qazax) isə buğur formasında işləkdir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 53, 65).

Əmşən-kürk tikilən quzu dərisi (Kaşğari M. Divanü lüğat-it-türk, I cild, 2006: 170). Azərbaycan dilinin Gədəbəy şivəsində “yetim (quzu)” mənasını ifadə edən əmməş vahidi işlədilir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 161).

Ərkəç-erkəc, təkə. Bu məsəldə də işlədilmişdir: “ərkəç əti əm bolur, əçkü əti yel bolur-erkəc əti dərman kimi xeyirli olar, keçi əti yel olar” (Kaşğari M. Divanü lüğat-it-türk, I cild, 2006: 159). Azərbaycan dilinin Qax, Yardımlı şivələrində “ilin isti fəsillərində sürü və naxırların açıq havada yatdığı müəyyən yer” mənasında ərxəc, Başkeçid, Borçalı şivələrində arxaj, Gəncə şivəsində arxaş sözləri işləkdir. Qazax şivəsində “yaraşıqlı, gözəxoş (inək)” mənasında işlədilən arğalı sözünə rast gəlinir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 25, 164).

Ətlik-ət asılan çəngəl. Kəsilmək üçün hazırlanan qoyuna da “ətlik” deyilir: “ətlik koy-ətlik qoyun”, “ətlik kişi-kök adam”. Ət sahibi olan adama isə yumşaq kafla “ətlig kişi” deyilir (Kaşğari M. Divanü lüğat-it-türk, I cild, 2006: 165). Azərbaycan dilinin Cəbrayıl şivəsində “ət hazırlığı üçün verilən heyvan” mənasında ətdix’ dialektizmi işlədilir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 166).

İçlik-yəhər keçəsi, içlik (Kaşğari M. Divanü lüğat-it-türk, I cild, 2006: 165). Azərbaycan dilinin Gəncə şivəsində “ayaqqabının içərisinə yerləşdirilən keçə və s.” mənalarında işdix’ leksemi istifadə edilir.

İçmək-quzu dərisindən tikilmiş kürk (Kaşğari M. Divanü lüğat-it-türk, I cild, 2006: 165). Azərbaycan dilinin Ağdam, Basarkeçər, Borçalı, Qazax şivələrində geniş şəkildə işlədilən işşəx’ “qoyunun birillik balası”sözünün bu ifadə ilə məna və forma uyğunluğunun olması bu sözlərin eyni kökdən törədiyini söyləməyə əsas verir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 238).

Kuşğun-heyvanların yediyi təzə qamış. Başqa bir tələffüzü isə “uşğun”dur, “turş bir ot növü” mənasına gəlir (Kaşğari M. Divanü lüğat-it-türk, I cild, 2006: 431-432). Azərbaycan dilinin Naxçıvan şivəsində bitki adı bildirən uşqun vahidi, Şahbuz şivəsində isə yabanı bitki adı bildirən quşquyruğu sözü işlədilir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 317-521).

Tavvar-canlı, cansız mal. Oğuzlar və onlara uyanlar isə “tavar” deyirlər. Bu bənddə də işlənmişdir:

“Tavvar kiminq ökilsə,

Bəglik anqar kərgəyür.

Tavvarsızın kalıp bəg

Ərənsizin əmgəyür.”

Kimin malı çoxalsa,

Bəylik ona yaraşar.

Bəyin malı olmasa,

Ərənlər də uzaşar.

(Mal-mülkü çox olan adama bəylik yaraşır. Bəy malsız-mülksüz qalanda ərənlər də uzaşır, uzaqlaşır, çünki onlar bəyin malına tamahlanaraq onun ətrafında toplaşırlar (Kaşğari M. Divanü lüğat-it-türk, I cild, 2006: 367-368).

Kaşğarinin lüğətində tavvarlığ “tavvarlığ ər-malı olan adam” ifadəsi də verilmişdir (Kaşğari M. Divanü lüğat-it-türk, I cild, 2006: 474). “Oğuznamə”də bu sözə rast gəlinir. Məs.: Ər tavarı açıq gərək; Məlik,-dəgirmən, tavar,-qoyun, devlət, -oğul və s.

Azərbaycan dilinin qərb şivələrində bu söz fonetik dəyişikliyə uğrayaraq davar şəklində “xırdabuynuzlu heyvan, qoyun-keçi”mənasında işlədilir

Tağar-içinə buğda və başqa şeylər qoyulan nəsnə, dağarcıq, kisə, çuval, xaral (Kaşğari M. Divanü lüğat-it-türk, I cild, 2006: 409). Azərbaycan dilinin Ordubad, Ağbaba və s. şivələrində “qoyun-keçi dərisindən hazırlanan kisə, dağarcıq, torba” mənasını ifadə edən davarcığ, davarçın dialektizmləri qeydə alınmışdır (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 120).

Ördi-“köy ördi-qoyunlar ağıldan çıxdı, yayılmaq üçün yaylıma yönəldi.” Qoyunlar gecə sahibsiz halda otlağa buraxıldıqları zaman da belə deyilir (Kaşğari M. Divanü lüğat-it-türk, I cild, 2006: 224). Azərbaycan dilinin Cəlilabad şivəsində “xüsusi otlaq, tək-tək adamların öz heyvanını otardığı yer” mənasını bildirən öri vahidi qeydə alınmışdır. Azərbaycan dilinin Cəbrayıl, İmişli, Qarakilsə, Zəngilan şivələrində örən formasında “çox otarılmaq nəticəsində otu qurtarmış, otsuzlamış yer”mənasını ifadə edən dialektizm işləkdir. Qafan şivəsində isə həmin vahid “əkilməmiş (yer, sahə)”mənasında işlədilir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 388-389).

Sağınlığ-“sağınlığ ər-sağını, sayılan heyvanı olan adam” (Kaşğari M. Divanü lüğat-it-türk, I cild, 2006: 478). Azərbaycan dilinin Qafan, Şəki şivələrində sağın “sağılan heyvan”, sağınnıx “sağmağa yarayan (heyvan)” mənasında istifadə edilir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 415).

Səmiz-kök, kökəlmiş heyvan (Kaşğari M. Divanü lüğat-it-türk, I cild, 2006: 370). Azərbaycan dilinin Dərbənd şivəsində bu vahid olduğu kimi işlədilir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 427). “Dədə Qorqud kitabı”nda bu sözə rast gəlinir. Məs.: Simüz qoyun, arıq toqlı bayırda qalsa, qurt gəlib yeməzdi sapanın qorqusından və s.

Sığır-camış (Kaşğari M. Divanü lüğat-it-türk, I cild, 2006: 369). “Divan”da sığırlığ “sığırlığ ər-sığır sahibi” ifadəsi də verilmişdir (4, I cild, səh.478). “Dədə Qorqud kitabı”nda bu söz geniş şəkildə işlədilmişdir. Məs.: Gördi kim, oğrı köpək, yekə tana, evini bir-birinə qatmış, sığır tamına dönmüş və s.

Azərbaycan dilinin qərb (Ağdam, Cəbrayıl, Şuşa, Qarakilsə və s.) və şimal-şərq (İsmayıllı, Qax, Şəki və s.) şivələrində bu söz “inək, naxır” mənasında işlədilir. Borçalı, Qazax şivələrində isə tərkibində bu sözün işləndiyi sığırboğan “üçyaşar camış”, sığırbuğa “ikiyaşar kəl” dialektizmlərinə rast gəlinir. Qərb və şimal-şərq şivələrində bu sözdən yaranan sığırçı “naxırçı”, sığırxana, sigirxana “qaramal tövləsi” vahidlərinin istifadə edilməsi qeydə alınmışdır (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 432, 436).

Suvvlağ-heyvan suvarılan yer, yalaq, musluq (Kaşğari M. Divanü lüğat-it-türk, I cild, 2006: 451). Azərbaycan dilinin Cəbrayıl, Füzuli, Zəngilan şivələrində “dəyirmana və sairəyə su buraxılan yer” mənasında savacax, Cəbrayıl, Laçın şivələrində savajax, Şəki şivəsində sulacax sözləri işləkdir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 421-446).

Yağır-at, qatır və eşşək kimi heyvanların belindəki palan və ya yəhərin döyməsindən yaranan yara; yağır. “yağırlığ at-yağırı olan, yağırlı at” (Kaşğari M. Divanü lüğat-it-türk, III cild, 2006: 17). “Divan”da “yağırlı, yağırı olan” mənasını ifadə edən yağırlığ sözü də verilmişdir: “yağırlığ təvvəy-yağırlı, beli yaralı dəvə” (Kaşğari M. Divanü lüğat-it-türk, III cild, 2006: səh.49). Azərbaycan dilinin Cəbrayıl, Tovuz şivələrində bu söz geniş şəkildə işlədilir. Şəmkir şivəsində isə fonetik dəyişiklyə uğrayaraq yağar şəklində istifadə edilməsi qeydə alınmışdır (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 536).

Yanlık-yanlıq, çoban heybəsi, dağarcıq (Kaşğari M. Divanü lüğat-it-türk, III cild, 2006: 46). Azərbaycan dilinin İmişli, Qazax şivələrində yannıx “yəhərin hər iki tərəfinə birləşdirilən gön parçası” vahidi istifadə edilir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 540).

Yolıç-keçi qılının dibindəki incə, yumşaq tük (Kaşğari M. Divanü lüğat-it-türk, III cild, 2006: 31). Azərbaycan dilinin Çənbərək şivəsində “dəridən əl ilə yonulmuş yun” mənasını ifadə edən yolma sözünə rast gəlinmişdir ki, yolıç sözü ilə eyni kökdən törəmişdir və yaxın mənaları bildirir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 551).

Yügrüg-“yügrüg at-qaçağan at, yüyrək at (Kaşğari M. Divanü lüğat-it-türk, III cild, 2006: 46). Yügürgən at-yüyrək at (Kaşğari M. Divanü lüğat-it-türk, III cild, 2006: 53). Azərbaycan dilinin Sabirabad şivəsində “tez, cəld” mənasını ifadə edən yügürəppək, Bakı şivəsində yügürmeçə, Ağdam, Qubadlı şivələrində yürəbbə leksemləri istifadə edilir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 552-553).

Ə.Dəmirçizadə, A.Axundov, R.Əskər, F.Veysəlli, Ə.Tanrıverdi və b. hesab etmişlər ki, Kaşğari “Divan”ını müqayisəli-tarixi metodla işləyərək bu sahədə Avropa alimlərini bir neçə əsr qabaqlamışdır. Akademik Nizami Cəfərov isə belə bir nəticəyə gəlmişdir ki: “M.Kaşğari “türk dilləri”ndən yox, “türk dili”ndən danışır. Və göstərdiyi, müqayisə etdiyi fonetik, yaxud leksik fərqlər də dialekt-şivə fərqləri hüdudunu aşmır…ona görə ki, ilk orta əsrlərdə türk dili öz təbii diferensiasiyasını başa çatdırıb hələ müstəqil dillərə bölünməmişdi…“Divan” zəruri müqayisələr, təsnifatlar aparılmaqla məhz ənənəvi təsviri metodla tərtib edilmişdir (Cəfərov N.,Qəribli A.,Qəribli E. Türkologiya, 2018: 33-35).

Maldarlıq at üstündə köçəri həyat tərzi keçirərək ilini buna uyğun şəkildə yaylaq və qışlaqlarda, səfərlərdə olan qədim türk tayfalarının əsas məşğuliyyəti olmuşdur. Elə buna görə də müasir türk dilləri və şivələrinin lüğət tərkibində bu sahə ilə bağlı çoxsaylı qədim və xalis türk sözləri yer alır. “Divan”da verilən və hazırda ədəbi dildə işlədilməyib şivələrdə konservləşən bu incilər xalqımızın etnik köklərinə, zorla çıxarıldığımız tarixi torpaqlarımızdakı izlərimizə bir daha işıq salıb tarixi ədaləti bərpa etməyimiz uğrunda öz cəbhəsində döyüşən bariz əsgərlərdir.

Sevinc QƏMBƏROVA
Filologiya üzrə fəlsəfə doktoru