“Keçən günlərin dastanı” – Məti Osmanoğlu

13 Baxış

meti

Senet.az oxucularına “Ustad” jurnalından Məti Osmanoğlunun “Keçən günlərin dastanı” və ya bu da sənə tərcümeyi-hal! yazısını təqdim edir.

 1980-ci illərin ortalarında Yazıçılar Birliyi ilə Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu ədəbi prosesin müzakirəsinə həsr olunmuş birgə konfrans təşkil etmişdi. Gənclərin yaradıcılığından bəhs edən məruzə kəskin tənqidi ruhuna görə fərqlənirdi. Bədii ədəbiyyatda “ideyasızlığa”, ədəbi tənqiddə isə əsərlərin ictimai-siyasi məzmunundan daha çox poetikasının araşdırılmasına üstünlük verən gənclərə qarşı ittihamlar bununla “əsaslandırılırdı” ki, indiki gəncliyin tərcümeyi-halı yoxdur…

Aradan keçən illər öz işini gördü. Həmin vaxtın tarixin sərt eniş-yoxuşlarından keçmiş gəncləri indi aşağı-yuxarı 60 yaşın həndəvərindədirlər. Onlardan biri də Azərbaycan AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor, millət vəkili Nizami Cəfərovdur. Onun çoxdan qələmə almağa başladığı, müxtəlif vaxtlarda və yerlərdə hissə-hissə çap etdirdiyi, nəhayət, bu yaxınlarda “XAN” nəşriyyatında “Xatirə ədəbiyyatı” seriyasından ayrıca kitab kimi buraxdırdığı “Keçən günlərin dastanı” bütöv bir nəslin, mübaliğə kimi çıxmasın, həmin nəslin şahidi və yaradıcısı olduğu mürəkkəb və qarışıq bir epoxanın tərcümeyi-halıdır (kitabın bir il əvvəl “Azərbaycan”da nəşr edilmiş jurnal variantında “tərcümeyi-hal” sözü əsərin sərlövhəsinə çıxardılmışdı: “Keçən günlərin tərcümeyi-halı”).

Yeri gəlmişkən, Nizami Cəfərovun bundan daha əvvəl nəşr etdirdiyi, əsasən, akademik araşdırmalardan ibarət kitabında da axtarışların başlıca obyekti tərcümeyi-haldır: kitab “Tarixin tərcümeyi-halı” adlanır.

Bu iki kitabın – akademik tədqiqatlar toplusu ilə bədii publisistikanın ad uyğunluğuna görə yanaşı qoyulması, müqayisə edilməsi bəlkə də yersiz görünə bilər. Ancaq iki kitabın tutuşdurulmasında nəzəri maraqlı bir məqam cəlb edir: “Tarixin tərcümeyi-halı” yazıdır, elmi düşüncənin yazı ilə ifadəsinin mükəmməl bir nümunəsidir,   “Keçən günlərin tərcümeyi-halı” isə yazıya alınmış şifahi mətndir, məhz dastandır.

Dünya modern (və modernist) ədəbiyyatının böyük nümayəndəsi Ernest Hemenquey son dərəcə yığcam və qısa “Nobel nitqi”ni bu sözlərlə tamamlamışdı: “… mən çox danışdım. Yazıçı insanlara nə demək istədiklərini söyləməli deyil, yazmalıdır”.

Nizami Cəfərov bunun əksini edir, “Keçən günlərin dastanı”nı söyləyir (söylədiklərini yazır) və mənə elə gəlir ki, biz modernlə moderndən sonranın – postmodernin fərqlərindən danışarkən bu amili də nəzərdən keçirə bilərik. Onu da deyim ki, müasir ədəbiyyatımızda bu üslub yalnız Nizami Cəfərovun yaradıcılığı ilə  məhdudlaşmır. Seyran Səxavətin “Dastan”da rəğbətlə xatırlanan “Qaçaqaç” xatirə romanının da əsas hissələrində şifahi nitqin yazıda reallaşdırıldığının şahidi oluruq.

Kitabdakı mətnin poetik sistemi, yazı texnikası və texnologiyası epos düşüncəsinin “Dəli Kür” romanında olduğu kimi yazılı deyil, şifahi reallaşma enerjisinə əsaslanır. Kitabda müəllifin (və dastançının) dünyaya gəldiyi gündən yaddaşına yığdığı və yaddaşda daşıdığı “ömür kitabının” (Səməd Vurğun) ayrı-ayrı səhifələri dastan havası üstündə şifahi nitq intonasiyası ilə təqdim edilir.

Bu “havanın” görünən, aydın təzahür edən tərəfləri ilə yanaşı, görünməyən, dərində olan, intuisiya ilə üzə çıxan yanları da var: “Bir dəfə anam gəldi ki, hələ tikilib qurtarmamış təzə evimizin kölgəsinə kilim sərib atamla oturmuşuq, ağır işdən sonra mən “Koroğlu ilə Kürdoğlunun qolu”nu oxuyuram; o yerdəyik ki, Kürdoğlu Koroğlunu iki dəfə yıxıb, indi də tanımadığı oğlunu məcbur edir ki, onunla üçüncü dəfə güləşsin… Gözümün yaşı kitabın səhifələrinə tökülürdü, ancaq davam eləyirdim. Anam əlindəki çaydanı yerə qoyub gülə-gülə:

– Sizə nə olub, niyə ağlayırsınız? – deyəndə başımı qaldırıb gördüm ki, atam da əməlli-başlı kövrəlib”…

Burada, görünür, K.Q.Yunqun “kollektiv şüurdanxaric” dediyi amil öz işini görür, dastanın mətni, sadəcə, kitabdan gələn “kənar hadisə” kimi deyil, əcdadların nə vaxtsa yaşadıqları və sonrakı nəsillərin şüurunun altına həkk olunmuş real həyatın ayrılmaz bir parçası kimi qavranılır: altı yaşında uşaq da, kifayət qədər həyat təcrübəsi olan ata da həmin an danışılanı (və ya mətni) sadəcə dinləmir, özünü danılışanların içində görür. Oxucu da, dinləyici də bir vaxtlar əcdadların yaşadıqlarını yenidən yaşayır.  Bu, kənardan baxana nə qədər qəribə və gülməli görünsə də…

Yazdıqlarından aydın görünür ki, Nizami Cəfərov üçün ömrü ifadə etməyin, zamana və zəmanəyə hesabat verməyin ən maraqlı forması dastandır. “…mən yubiley ərəfəsində kitab buraxdırmayacağam, bir Qazax aşığı tapıb xahiş edəcəyəm ki, haqqımda dastan qoşsun. Dastan hazır olanda dost-tanışı yığıb yaxşı bir məclis quracağam. Biz yeyib-içəcəyik, aşıq da həmin dastanı yavaş-yavaş danışacaq”… Bu sözlər neçə illər əvvəl Ağamusa müəllimin – akademik Ağamusa Axundovun könlünü almaq üçün deyilmiş zarafat olsa da, Nizami Cəfərovun ömür-gün dediyimiz zamana yanaşmasını düzgün anlamaq üçün ciddi bir detaldır. Kitabdan əldə olunan başlıca qənaət də elə budur: ömür özü bir dastandır. Bu başqa məsələdir ki, həmin dastanı Qazax aşığı bir cür danışa bilər, ömür sahibinin özü isə başqa cür…

Nizami Cəfərov uşaqlıqdan atasız böyüyüb, universitetdə oxuyanda maddi imkansızlığın sərt üzünü görüb. Ancaq tələbəliyinin ilk günlərindən tanıdığım Nizami heç vaxt özünə “yetim oğlan” münasibəti formalaşdırmadı. Əksinə, yeri düşəndə ötkəmliyi və liderlik keyfiyyətləri ilə “arxalı adam” təsəvvürü yaratdı. Tələbə vaxtı universitetə “ket” deyilən idman ayaqqabısı ilə gəldiyi olurdu. Nizamini tanımayanlardan bəziləri bunun bir geyim tərzi, stil olduğunu düşünürdü. Nizami məşhurlaşıb professor, dekan və Elmlər Akademiyasının müxbir üzvü, millət vəkili olandan sonra da bu “tərzinə”, geyim və davranış sərbəstliyinə dönüklük etmədi. “Dastan”da maraqlı bir xatirə-detal var: yenicə təsis edilmiş Atatürk Mərkəzinə rəhbər təyin olunmazdan əvvəl Azərbaycan Respublikasının ovaxtkı  Prezidenti,  böyük siyasətçi Heydər Əliyev onu qəbula dəvət edir. Gəlməzdən əvvəl ona “səliqəli geyinməyi” tapşırırlar. Nizami Cəfərov tapşırığa “əməl edib” cibində qalstuk aparır ki, görüşdən əvvəl boynuna taxsın. Ancaq unutduğu bir şey olur: “Aşağı düşə-düşə qalstuku taxdım, üst-başıma fikir verdim… Məlum oldu ki, başımı çox qırxdırmışam, ayağımda idman ayaqqabısıdır – “krossovka””…

“Keçən günlərinin dastanı”nın bir fərqli cəhəti də budur ki, Nizami dönüb arxaya baxanda, ağlı-qaralı günləri yad eləyəndə ömrün işıqlı, gülən tərəfini görür, zamanın sərt üzünə təbəssümlə boylanmağı bacarır. Mən bu keyfiyyəti öz atamda da görmüşdüm və çox yüksək qiymətləndirirəm.

Nizaminin “Dastan”ında adı keçən insanların, məkanların, mühitlərin xırda istisnalarla, demək olar ki, hamısını mən də yaxından tanıyıram: Nizami ilə eyni rayonda dünyaya göz açmışıq, ucqar Ağstafa rayonundan Bakıya eyni qatarın sərnişinləri kimi gəlmişik. Bakı ikimizi də eyni sifətlə qarşılayıb: “ADU (indiki BDU)-nun jurnalistika fakültəsinə sənəd vermək istəyəndə iki il iş stajı tələb etdilər… Hüquq fakültəsi. Alınmadı… Tarix. Alınmadı… Universitetin geniş idman zalında yuxarısında “Filologiya fakültəsi” yazılmış guşəyə yaxınlaşdım”. Nizamidən iki il əvvəl həmin guşəyə elə həmin hislərlə mən də yaxınlaşmışdım…

Bakıda eyni universitetin eyni fakültəsində oxumuş, eyni müəllimlərdən dərs almış, eyni tədbirlərdə iştirak etmişik. İkimiz də Yazıçılar İttifaqı mühitində, demək olar ki, eyni dövrdə işləmişik, ədəbi tənqidin və ədəbiyyatşünaslığın ictimai rəyə təqdim olunmasında paralel fəaliyyət göstərmişik. İyirmi ildən də çoxdur ki, eyni universitetdə, eyni fakültədə çalışırıq (xüsusi minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm ki, mənim universitetə müəllim gəlməyimin səbəbkarı Nizami Cəfərov olub).

Lakin tanıdığımız eyni insanlara, iştirakçısı olduğumuz eyni hadisələrə Nizaminin yanaşması, baxışı, düşüncələri, təqdimat tərzi son dərəcə fərdi və fərqlidir, onun özünə aiddir və burada “mən də belə düşünürdüm”ə yer qoymur.

Böyük yazıçımız (və “Keçən günlərin dastanı”nın qəhrəmanlarından biri) İsa Hüseynov – Muğanna ədəbiyyatımıza “Doğma və yad adamlar” yanaşması gətirmişdi. Nizami Cəfərovun “Dastan”ında doğma və yad adamlardan daha çox, doğma və yad mühitlər var. Bu yanaşma, həmin mühitləri təmsil edən insanlara da sirayət edir. Bakı Dövlət Universiteti, ilk gəlişindən başlayaraq ayrı-ayrı dövrlərini bütün rəngləri və təfərrüatları ilə canlandırdığı filologiya fakültəsinin mühiti Nizami üçün ata ocağı qədər doğmadır. Bu mühitin insanları həm elmləri, həm insani keyfiyyətləri, lap elə çatışmayan cəhətləri ilə də müəllifin ürəyinə, duyğularına yaxındırlar. Nizami hətta davranışını, elmi səviyyəsini qəbul etmədiyi insanlar barədə söz açmaq zərurəti yarananda da zarafatla, yumorla danışır, yumorun duzu, tənqidin dozası artanda isə mətnə ciddi üslubla müdaxilə edərək doğmalıq, simsarlıq ruhunu yerinə qaytarır.

Aspiranturanı bitirdikdən sonra bir müddət işlədiyi Elmlər Akademiyası isə Nizaminin xatirələri, ömür-gün dastanı üçün yad, ögey və anlaşılmaz mühitdir: insanları ona tanış olsalar belə, mühitin yadlığı insanlar haqqında mülahizələrə, xəsisliklə verilmiş xarakteristikalara, ayrı-ayrı detallara da öz təsirini göstərir. “Universitetdə yer olmadığına görə Tofiq müəllimin (mərhum akademik Tofiq Hacıyev – M.O.) tövsiyəsi ilə təyinatımı Akademiyanın Dilçilik İnstitutuna aldım. Məni akademik Məmmədağa Şirəliyevə, müxbir üzv Zərifə Budaqovaya tapşırdı… Qəribə bir mühit idi… Heç Ferdinand de Sössürün özü də baş çıxartmazdı…”

Bu təqdimatın məntiqi nəticəsinə görə həmin mühitdən Nizami Cəfərov da axıra qədər baş aça bilmir. Yad mühitə məsafədən baxış isə oradakı insanları (və Azərbaycan elminin faciələrini) yaxın plana gətirib böyüdür. “Yaxın planla” işləmək bəzən müəllifi dastan (şifahi nitq) texnikasından yazılı nəsr texnikasına keçməyə vadar edir, tragik şəraitin ayrı-ayrı təfərrüatları canlandırılır. Həmin şəraitin ən böyük faciəvi qəhrəmanlarından biri olan professor Vaqif Aslanovun  –bu gün elmi arenada əvəzini görmədiyimiz nəhəng bir alimin yersiz çəkişmələrin qurbanı olması, yaradıcılığının ən məhsuldar, enerjisinin aşıb-daşan vaxtlarında fərdi münasibətlərin toruna düşüb oradan çıxa bilməməsi dərin təəssüf və ağrı doğurur.

Azərbaycan dialektologiyasının yaradıcısı, qocalanda həmin intriqa mühitində məsxərəyə çevrilən akademik Məmmədağa Şirəliyevin sonu da Azərbaycan elminin, ümumiyyətlə Azərbaycan tarixinin böyük vicdan ağrısı kimi təqdim edilir, bu təqdimatdan sarsıdıcı bir təəssürat qalır: “Akademik M.Şirəliyev rəhmətə gedəndə ailəsi onun kitabxanasını satmaq istədi; onsuz da, hamı bilirdi ki, ən yaxşı kitablar sağlığında satılıb, ona görə də alan olmadı, pəncərədən həyətə tökdülər… İçərisində “professor”un imzası olan kitabları”.

Akademiyanın müxbir üzvü Zərifə xanım Budaqova təkcə filologiyamızın deyil, Azərbaycan tarixinin yaddaşında parlaq, parlaq olduğu qədər də müəmmalı bir şəxsiyyət kimi qalmış Aydın Məmmədov da Nizaminin “Dastan”ında yad mühitin adamlarıdır və onların kimliyi dastan poetikasının imkan verdiyi çərçivədə “sərt realizm” mövqeyindən işıqlandırılır…

Universitet mühiti, burada fəaliyyət göstərən alimlər isə epos poetikasının “oyun şərtləri” daxilində, qəhrəmanlıq dastanlarının aparıcı obrazları kimi ideallaşdırılır. Bunun başlıca obyektiv səbəbini inkar etmək mümkün deyil: biz təhsil aldığımız dövrdə Azərbaycan dilçilik elminin nəhəng simaları universitetdə fəaliyyət göstərirdilər. Muxtar Hüseynzadə, Nəsir Əhmədov, Əlövsət Abdullayev, Tofiq Hacıyev, Yusif Seyidov, Ağamusa Axundov, Musa Adilov, Fərhad Zeynalov, Abdulla Vəliyev, Samət Əlizadə dilçilik elmimizin yaradıcıları idilər, biz dərsimizi onlardan, onların kitablarından alırdıq… “Klassikləri” özlərinin yetirmələri olan maraqlı bir gənc nəsil izləyirdi: Kamil Vəliyev, Elbrus Əzizov, Firudin Cəlilov, İsmayıl Məmmədov…

Lakin bu mühitin də elə gerçəkləri var ki, oranı yaxından tanıyan bir adam kimi məni müəlliflə dialoqa – atüstü deyişməyə təhrik edir. Universitet həyatının da “ağlamalı” dramları, gülməli məsxərələri gözümün önünə gəlir…

Kitabda haqlı olaraq “Azərbaycan dilçilərinin müəllimi” kimi anılan məşhur professor öz alim həmkarı Əbdüləzəl Dəmirçizadə ilə aralarındakı “mübtədanın cümlənin baş üzvü olub-olmaması” barədə mübahisəni Mircəfər Bağırov səviyyəsinə qaldırdığını bizə – tələbələrə həvəslə danışırdı. Böyük alim mübtədanın cümlədə baş üzv olduğunu “sübut etmək” üçün Azərbaycan xalqının və elminin əliqanlı qatilinə şikayət edibmiş. Maraqlısı da budur ki, Mircəfər Bağırovun hüzurunda “səhvini” boynuna alıb, ondan bağışlanmaq diləyən Ə.Dəmirçizadə iclasdan çıxandan sonra hələ heç Mərkəzi Komitənin binasını tərk etməmiş müəllimimizin qulağına pıçıldayır ki, mübtəda ikinci dərəcəli üzvdür. Müəllimimizin bu məsxərəni – öz rəqibini siyasi yolla “aradan götürmək” cəhdlərini ahıl cağında elm yolunda xüsusi bir fədakarlıq kimi qələmə verməsi Azərbaycan elminin tarixinə vicdan rahatlığı verəcək hadisə deyildi və bu lağlağı söhbətdən sonra böyük alimin mühazirələrinə də lağlağı bir münasibət bəslənilirdi…

O dövrün ictimai əxlaqı görkəmli türkoloq alimi qəbul imtahanları mövsümünün daimi və əvəzolunmaz “komissiya sədri” kimi mafiya atasına çevirmişdi. Bu cür mafiya ataları sayəsində millətin təbii seçim imkanı əlindən alınırdı, ali təhsil almaq haqqı sahiblərindən qəsb edilərək “gözləri dayısının gözlərinə oxşayanlara” verilirdi. Bunları Nizami Cəfərov açıq şəkildə dilə gətirməsə də, “Dastan”ın məndə oyatdığı ağrılı  xatirələrindəndir…

“Dastan”ın maraqlı “qollarından” biri də Yusif Səmədoğlu haqqındadır. Burada Nizaminin “Ulduz”a təqdim etdiyi və aradan xeyli vaxt keçəndən, Yusif Səmədoğlu “Azərbaycan” jurnalına baş redaktor vəzifəsinə gedəndən sonra həmin jurnalda nəşr olunmuş “Füzulidən Vaqifə qədər” məqaləsinin hekayəsi verilir. Məsələ bundadır ki, həmin məqalənin “Ulduz” jurnalının redaksiyasında ilk oxucusu mən olmuşam. Yazını yüksək rəyimi bildirərək çapa imzalaması üçün Yusif müəllimə də mən təqdim etmişəm. Məqalə ilk dəfə həcminin böyük olduğuna görə çapa göndərilməmişdi…

Nizami Cəfərov məqalənin macərasını redaksiyadakı “çax-çuxla” əlaqələndirir. Mənə elə gəlir ki, bu da müəllifin məsələyə doğma və yad mühit yanaşmasından – hələ tələbəlikdən “Ədəbiyyat qəzeti”nə doğma evi kimi isinişmiş bir adamın “Ulduz” jurnalına soyuq münasibətindən gəlir. Bu gün ayrı-ayrı detalları dəqiq xatırlaya bilməsəm də, Nizami Cəfərovun məqaləsinin jurnaldan-jurnala səyahəti, olsa-olsa, Yusif müəllimin bənzərsiz iş üslubu ilə izah oluna bilər və “Dastan”da Yusif Səmədoğlunun bir şəxsiyyət və yazıçı kimi bənzərsizliyi böyük həssaslıqla açılıb…

Bəzi məqamlarda “deyişmə” üçün ayaq versə də, “Keçən günlərin dastanı”nda mətn elə qurulub ki, bütün hallarda müəllif haqlıdır: burada hökmü obyektiv həqiqətdən çox dastan poetikasının məntiqi verir. Qarşımızda “Dastan” əvəzinə, elmi araşdırma və ya publisistik salnamə olsaydı, müəllifdən tələb edə bilərdik ki, bunu niyə belə yazıb, yaxud filan hadisənin üstündən niyə sükutla keçib…

Kitabın əksər yerlərini Nizaminin öz səsi ilə oxudum – elə bil qarşımda dayanıb danışırdı. Bəzi yerlərdə mən də səsimi də onun səsinə qatıb, sözünü kəsdim. Qulağımda gülüşünün cingildədiyi anlar oldu. Kitabı oxuya-oxuya bir neçə dəfə mən də ürəkdən qəhqəhə çəkib güldüm…

Bu yazını yazanda isə oxuduğu dastandan həyəcanlanıb gözünün yaşını kitabın vərəqlərinə tökən uşaq, uşağın kitabdan başını qaldıranda gördüyü kövrəlmiş ata və kənardan onlara baxıb gülən ana tablosu zaman-zaman gözümün önündə canlandı.

Mənbə: “Ustad” jurnalının 10-cu sayı.

KÖŞƏ YAZARLARI
TOP 10