Keçmişimiz ruhumuzda yaşayır – biz öldürmədikcə ölməz – Nərgiz Cabbarlı

24 Baxış

 faiq-musa

Senet.az oxucularına “Ustad” jurnalının “Ədəbiyyatşünasın otağı” rubrikasından Nərgiz Cabbarlının “Keçmişimiz ruhumuzda yaşayır – biz öldürmədikcə ölməz” yazısını təqdim edir.

“Var olan hər şey diridir” (epiqrafına)

– biz diri saxlamaq istədikcə…” (əlavəsi)

Bir neçə onillikdir ki, müasir Azərbaycan romanı milli-tarixi keçmişə, tarixi qəhrəmanlara, millət olaraq bizim üçün əhəmiyyət daşıyan tarixi mərhələlərə göstərdiyi (kütləvi!) maraqla diqqət çəkir. Və bu maraq mətndə iki istiqamətdə – 1. tarixə postmodern-dekonstruktiv yanaşma ilə və 2. ənənəvi yanaşma ilə reallaşdırılır. Yəni bu bir tərəfdən genetik yaddaşı oyatmaq, özünün olanı təkrarən dəyərləndirmək, böyüklüyünü nümayiş etdirmək və təsdiqləmək məqsədi daşıyır;  digər istiqamətdə isə tarixi hadisələrin kiçildilməsi, fərdi rakursdan dəyərləndirilməsi, tarixi şəxsiyyətlər haqqında mövcud təsəvvürlərin dağıdılması, hər hansı bir tarixi dönəmin indiyə qədər qəbul edilmiş əhəmiyyətinin aradan qaldırılması və tarixi faktın “ədəbiyyat invariantının yaradılması” baş verir.

Əslində, istiqamətindən asılı olmayaraq, müasir dövrdə roman mövzusu üçün tarixə üz tutmanın müəyyən səbəbləri var: bu, həm ümumi prosesin axın gücünün nəticəsidir ki, istər-istəməz yazıçını eyni istiqamətə doğru itələyir; ikincisi, tarixin canlandırılmasına (və ya dağıdılmasına) duyulan yazıçı marağının bu prosesdə öz rolu var; üçüncüsü isə müasir cəmiyyət, reallıq, problemlər və bu gün var olanın yazılmasında müəllifin sərhədlərini adlaya bilmədiyi daxili senzurası bu işdə az əhəmiyyət daşımır və önəmli faktordur. Çox güman ki, bu günlə bağlı düşüncələri və problemlər haqda onları “tarixi fakta yükləyərək” danışmaq yazıçı üçün daha asan başa gəlir.

Tarixə üz tutan son romanlardan biri də Vüsal Nurunun “Azərbaycan” jurnalının 9-cu sayında dərc olunan “Dorantağ” romanıdır. Əsər tam olaraq tarixi roman kimi yazılmasa da, onda tarixi keçmişə adlama baş verir. Daha doğrusu, əsər macəra romanı modeli üzərində qurulmuş, bəlli ideoloji xətt daşıyan, son illərdə roman üçün aktual olan dini-fəlsəfi mühakimələrlə yüklənmiş bir mətndir. Belə bir yüklənmə müəyyən məqamlarda mətnə ağırlıq gətirsə də, macəra elementləri oxucunu öz ardınca apara bilir. Yeri gəlmişkən, “Dorantağ” Əshabi-Kəhf dağının məhz bu macəra nəticəsində meydana çıxarılan qədim adı kimi göstərilir.

Romanda təyyarə ilə Naxçıvana – Əshabi-kəhf haqqında yazacağı əsər üçün müəyyən materiallar toplamağa gedən gənc yazıçıdan söhbət gedir.

Əlbəttə, müəllifin burada yararlandığı bir üsul – zamanlar arası sıçrayışlar, keçmişin hansısa bir mərhələsinə keçid son iyirmi-otuz il ərzində istər Azərbaycan ədəbiyyatında, istərsə də dünya ədəbiyyatında tez-tez istifadə edilən üsuldur. Amma hər dəfə də bu üsul (təbii ki, müəllifin istedadından asılı olaraq) fərqli nəticələr verir. Bu romanda isə adlama prosesi müəllifin qarşıya qoyduğu ideoloji istiqamətə dəstək vermək, onun milli kimlik, keçmiş, bu gün və dini inanclar haqqında mühakimələrini ifadə etməsi üçün vasitə funksiyasını daşıyır.

Ümumiyyətlə, romanın oxunuşu zamanı müəllifin konkret üç məqsədə doğru yol aldığı və istəyinə nail olduğu dəqiq hiss edilir.

1.Tarixi faktları üzə çıxarmaq və bunlara türkçülük prizmasından yanaşmaq. Yəni ideoloji istiqamət (dağın adının türk versiyasının yaradılmasından başlayaraq dini inanc kimi şamanlığın təklifinə qədər).

2. Dinlə, Allahla, dinlərin qəbulu ilə bağlı fəlsəfi müəllif mühakimələrini əsərə yükləmək;

3. Əsərdə imkan olduğu qədərində və bəlkə də müasir nəsrə çox da uyğun gəlməyən poetik dil eksperimentləri aparmaq; bu gün təəssüf ki, hər yazıçı bu cür eksperimentlərə getmir. Amma Vüsal Nuruda bu uğurlu alınır.

Əsərin qəhrəmanı dini inancı olmayan biri olsa da, inanclara söykənən bir əfsanənin dalınca gedir. Və bu inamsızlıq özünü onun təyyarədən düşdüyü andan etibarən gördüyü hər şeyə qarşı münasibətində ironik ifadə ilə göstərir. Onu qarşılayan sürücüyə də (“Onda başa düşdüm ki, bu Hüseyn kişi torbadı, bura yanına gəldiyim tanışım onu mənim başıma keçirib” ifadəsi ilə), sonradan dağı ziyarət etdikdə gördüyü mənzərələrə də (“Əfsanədəki kimi, yatmaq mümkün olsaydı, gedib orda yatardım, bir də bu adamlar cəhalətdən ayılanda oyanardım”) ironiya ilə baxır. Onu da qeyd edim ki, ümumiyyətlə problemə, situasiyaya, yaradılan xarakterlərə ironik yanaşma əsərin əsas məziyyətlərindən biri kimi qeyd oluna bilər. Çünki bu yalnız əsərin əvvəlində – görünən problemə münasibətdə deyil, sonralar da müxtəlif məqamlarda və müxtəlif məsələlərə yanaşmada özünü göstərir. Məsələn, Dəli Qəriblə yaşanan münasibətdə. Yaxud sonradan liliputun meydana çıxmasında və onun yanaşmasında s. Lakin bu xüsusiyyəti ümumilikdə əsərin əsas intonasiyası kimi dəyərləndirmək mümkün deyil. Çünki əsərin ümumi intonasiyası çox ciddidir.

Amma bu ironiyanın, bu qeyri-ciddi münasibətin davamında, ironik münasibətlər ardıcıllığında birdən-birə Dəli Qərib kimi ciddi və hadisələrin axarını dəyişən, eyni zamanda, gənc yazıçının daxilində gizlənən hisləri, düşüncələri meydana çıxaran bir xarakter peyda olur. Bu xarakter yalnız dini bir əfsanənin həqiqiliyinə işarə vuran ciddi keçid deyil, həm də roman yazmağa gələn yazıçının özündə – təhtəlşüurunda gizlənən həqiqətə “salınan” açardır. Onu çox asanlıqla və gözlənilmədən açır. Çünki əsərin qəhrəmanı olan gənc müəllif də düşüncələrini gözlənilmədən ifadə edir – sanki özünə də bəlli olmayan bir həqiqəti kəşf edibmiş kimi: “Əslində, o dağ məni çəkir. Hiss edirəm ki, mənə nəsə demək istəyir”, – ürəyimin dərinliyindəki əsl səbəbi dedim”.

Əsərin əvvəlindəki inamsızlıqla daxildə gizlənən inamın mübarizəsi nəticəsində dağa “sirr donu” geyindirmək bir tərəfdən müəllifin müəyyən etdiyi istiqamətə – mağaralara gedən yolun qaçılmazlığını təmin edirsə, üst qatda da oxucu marağını şərtləndirir.

Dəli Qəriblə gedən mükalimə Əshabi-kəhfdə zaman tuneli ilə bağlı deyilənləri təsdiq istiqamətində işarə rolunu oynayır. Bu dəfə yazıçının axtardığına bir tədqiqatçı düşüncəsi də yön verir: “– Orda zaman qapısı var. Mən onu tapmaq üçün illərimi, sağlamlığımı vermişəm. –Tapmısız? – Yox! – Bəs, niyə bu qədər əminsiz? – Çünki mən o qapıdan keçib atamı axtarmağa gəlmişdim”.

Vəssalam. Bu işarə macəranın ilk pilləsini qurur və təklif edir. Sirrə doğru addım atmaq üçün ilk əsaslı səbəbi. Və yazıçı bu təkanla o zaman tunelinə “düşür”, qədim türklərə İslamın zorla qəbul etdirildiyi dövrə adlayır.

Bu mərhələ həm zaman etibarilə adlamadır, həm də əsərin texnikası, üslubu baxımından adlama baş verir. Belə ki, bu mərhələdə yaşananlar və təsvir edilənlər artıq magik realizmin çalarları və mistik elementlərlə süslənir. Qəhrəman düşdüyü mühitdə xurafata, zorən qəbul etdirilən İslama qarşı dirənən insanların faciələrini çox dəqiq, maraqlı detallarla təsvir edir. Ümumi mənzərədə mühitin, zamanın etnoqrafik çalarları demək olar ki, yox dərəcəsindədir. Bəzi dil elementləri, bir az da məişət detalları mühit haqda ümumi təsəvvür formalaşdırır. Lakin əsas diqqət “islamlaşdırılma” prosesinə və insanların buna təpkisinə, eyni zamanda da bu gündən o zamana adlayan qəhrəmanın düşdüyü mühitdə rəftarına etnoqrafik çalarlar arxa planda qalır.

Həmçinin əsərdə bir çox proseslərə mistik keyfiyyət qazandırılır. Qəhrəmanın əlində ağac çıxması, onun arabaya çevrilməsi (daha doğrusu arabaya bitişmiş bir təkər olması), daşıdığı ölülərin əslində, ölməməsi, yəni ruhların onları tərk etməməsi (bu yenidən dirilmə inancına söykənir), əgər “daşqanı” əlindən qoyarsa, ölülərin ruhlarının onları tərk edəcəyinə inamın verilməsi, qarğalar, qarğa başlı adam və s. kimi təsvirlər və detallar buna xidmət edir. Halbuki, məsələn, ölüləri tərk etməmək kimi bir məqsəd mistik keyfiyyət olmadan da təsvir edilə bilərdi. Lakin müəllif bu yolu seçir. Və bununla “sirr”ə daha bir “sirr” qatmış olur.

Əsərdə keçmişə qayıdışın əsas səbəbi – İslamdan əvvəlki türklərin dini inancları, yaşayışları, şamançılıq, insanla təbiət arasındakı yaxınlıq və bu yaxınlığın hər şeydən daha üstün tutulması və s. kimi düşüncələrin ifadəsinə göstərilən çabadır. Bütün mətn boyu müəllif islamlaşmanı detallardan yararlanma ilə təsvir edir (bu onun uğurudur). Və  bu detallar o qədər dəqiqdir ki, zorla qəbulun bütün mənzərəsi yaradıla bilir. Aparılan qətliamlar, boyun əymək istəməyənlərin məhvi, əyənlərin isə düşdüyü vəziyyətin detallı təsviri (kişilərin paltarlarını darta-darta gəzməsi, qadınların yalnızca gözlərinin görünməsi, dildə deyilən duaların ürəkdə olanlardan fərqli olması və s.) dəqiq təsəvvür yarada bilir. Təsviri yaradılan obrazların düşüncələri, mühakimələri bu detalları, eyni zamanda da detallar düşüncələri dəstəkləyir.

Əsərdə yalnız modellərin sintezi deyil, eyni zamanda təsirlərin qarışdırılması da var. Belə ki, əsərin əsas qəhrəmanının düşdüyü situasiyada gözlənilən reaksiyanı – qəhrəmanlığı göstərməməsi, əksinə özünü qorxaq aparması (bu o dövrün türk qadını ilə müqayisədə və üzləşmədə daha qabarıq görünür) qəhrəmana postmodernist yanaşmanın göstəricisidir. Amma əsərdə eyni zamanda yuxarıda qeyd etdiyimiz kimi, magik realizm və mistika elementləri də bir arada görünür. Əsərin əsas diqqət çəkən məziyyətlərindən biri müəllifin öz qəhrəmanlarının dilinə və düşüncələrinə yüklənən fikirləridir. Və bu yalnız İslama qarşı yönəlməyib. Ümumilikdə din haqda düşüncələrdir. Lakin maraqlıdır ki, bu fikirlər həm məntiqi cəhətdən, həm də səmimiyyət etibarilə o qədər əsaslandırılmış ifadə olunur ki, münasibət qətiyyən qınaq doğurmur… Və ideoloji istiqamət olaraq o qədər həssaslıqla götürülüb ki, bəzən əsas qəhrəmanın – müəllifin düşüncələri başqa personajların düşüncələrinə də sirayət edir və onların dilindən də səsləndirilir. Bu səsləşmə isə artıq Vüsal Nurunun özünü bir müəllif kimi meydana itələmiş olur. Halbuki  yazıçı orada görünməməli idi. Bu əslində, əsər üçün mənfi cəhət kimi dəyərləndirilə bilər.

Əsərin ümumi təəssüratı onda ifadə edilən fikirlərin islama, yaxud xristianlığa qarşı olduğu düşüncəsini yarada bilər. Lakin diqqət edildikdə görünür ki, bu haqsız bir cəmiyyətə düşən İnsanın həqiqətə çatmaq üçün özü ilə (və ya başqaları ilə) etdiyi mükamilələrdir. Məsələn, “Həmişə məni düşündürür ki, əgər bir Allah varsa, bəs niyə ayrı-ayrı dinləri göndərib hər yerdə insanı bir-birinə qırdırır? Olmazdımı bir Allah bir din göndərib yer üzündə bir şüurlu məxluq olan insanı imanlı yaradaydı, özü də razı qalaydı, insanlar da. Demək ki, kamil olmayan qədim insan Allahı da mükəmməl uydura bilməyib, odur ki, müharibə yer üzündən ayağını çəkməyəcək. Bütün hallarda aldanmış insan məğlubdur”.

Bu bir qəhrəmanın düşüncələridir. Amma oxşar fikirlərlə bütün əsər boyu rastlaşmaq mümkündür. Məsələn, başqa bir qəhrəmanın düşdüyü situasiyanı ifadə edərkən yazılır: “Tumarın naləsi içimi yandırdı: “Tanrı, balama qıysan, səni öldürəcəm”. Yəni bu, əslində eyni məsələyə fərqli rakurslardan yanaşmanın nəticəsidir. Birincidə məsələnin təhlili nə qədər rasionaldırsa, ikincidə bir o qədər hislə, duyğu ilə bağlıdır. Ana üsyanının, psixoloji durumunun dəqiq ifadəsidir.

Onu da qeyd edək ki, sanki müəllif bilərəkdən qəhrəmanını məhz bu dövrə və məhz bu insanların yanına gətirir ki, İnsanla Təbiətin arasında dinlərin girmədiyi zaman nələrin baş verə biləcəyini aydınlaşdırsın. O dövrdə insanlığın da, inancın da, sevginin də, igidliyin də daha saf bir hiss olduğu, daha ilkin mərhələdə göründüyü meydana çıxır.

Adlama prosesi üçüncü dəfə – burada da yenə də təkcə zaman deyil, üslub da dəyişir – geri qayıdış şəklində baş verir. Ölülərin şamanın yanına aparılması, bu inancın təsviri, ruhların diriləcəyinə olan inamın bir addımlığında olma və s. sonra birdən-birə qırılır. Qəzadan sonrakı situasiyanın təsviri həm gözlənilməz, həm də ideoloji istiqaməti dağıdan bir görüntü kimi meydana çıxır. Halbuki yazıçının Əshabi-kəhfə gəlişi, mağarada axtarışı, zaman tunelini tapması və keçmişı adlaması və s. o qədər təbii bir axarla davam edirdi ki, bu gedişatda yad, qondarma, uyğunsuz heç bir şey yox idi. Lakin sonda qəhrəmanın özünə gəldiyi zaman təyyarə qəzası keçirdiyinin bəlli olması bütün  ideoloji xətti dağıdır. Belə ki, sanki bu hadisələr ümumiyyətlə baş verməyib, yazıçının xəyalının oyunudur: “Mən həqiqəti dedikcə adamlar məni axmaq hesab elədilər. Elə bildilər dəliyəm. İndi Dəli Qəribi bütün varlığımla başa düşürdüm”.

Beləliklə, Boldurqanın bu zamana adlaması qeyri-müəyyən bir sonluğa dirənib qalır. Daha doğrusu, hər oxucu öz sonluğunu təqdim edə bilər.

 ***

Əsər dilinə görə daha müsbət təsir bağışlayır. Nəsrdə poetik dil eksperimentləri aparmaq, məsələn, 70-80-ci illər nəsri üçün aktual idi. O mərhələnin nasirləri dilin poetik qatına daha çox fikir verirdilər. İfadə və təsvir formaları üzərində xüsusi olaraq işləyirdilər. Müasir nəsrdə isə əksinı, süjetə diqqət yetirilir. Hadisələrin axarına və nəqlinə…

Vüsal Nurunun romanında isə səlis, axıcı və poetik dil ilk diqqəti çəkən xüsusiyyət kimi qeyd edilməlidir. Bu həm yaşanan situasiyanın uğurlu təsvirinə xidmət edir. Məsələn: “Bədənimin ağırlığından, yaralarımın ağrısından ləzzət alırdım. Bədənli olmaq necə böyük səadət imiş. Sevincimdən hönkürə-hönkürə gülürdüm”. Yaxud “Huşsuz yatan bədənimin üstündən iki gün keçib” ifadəsi.  Və ya “Gecənin yarısı daxmanın qapısını döydüm. Sən demə, mənim kimi Sunqatın ailəsi ilanvurmuşu yatırdıb özləri keşik çəkirmişlər”. Eyni zamanda da yaşanan hislərin təsirli ifadəsi üçün yararlı olur: “Daxmanın yaxınlığından keçdik. Eləcə həyətə boylandım. Baxışlarım gözümdən uçub kərpic hasarın üstündən həyətə keçdi, daxmanın qapısını yumruqladı, Ulaşın dəri ayaqqabılarını, Qonçayın həyətdə dolaşan səsini, Tumarın doqqazın arasından yola boylanan gözlərini, əriyib tökülmüş baxışlarını, çilik-çilik olub yerə dağılmış hıçqırıqlarını axtardı. Həyət cansız tablo kimi çöllükdən asılmışdı”.

Ümumiyyətlə, bu cür maraqlı ifadələr və təsvirlər bütün roman boyu səpələnib.  Həm mətnin orijinallığını təmin edir, həm də müəllifin təsvir və ifadəni gerçəkləşdirərkən qətiyyən “sozü qırmadığını, əymədiyini”, asanlıqla reallaşdırdığını göstərir. Məsələn, “Hər addımda bir əzam tökülüb qalırdı, keçdiyim yola tökülə-tökülə gedirdim”, “Onların gözləri daş dəymiş şüşə kimi çiliklənmişdi” kimi ifadələri göstərmək olar. Bu cür ifadə və təsvirlər mənzərənin və ruh halının təsəvvürdə canlanması üçün daha güclü təsirə malikdirlər. Və Vüsal Nuru hər anı, situasiyanı, görüntünü, mənzərəni də hislərin, duyğuların iştirakı ilə mənalandırmağı bacarıb: “Amma daxma utandığından kiçilir, kiçilir, yerə girirdi”.

Amma onu da qeyd edək ki, dil eksperimentlərinin heç də hamısı uğurlu alınmayıb. Bəzən elə ifadələr vardı ki, özünü təsdiqləyə bilmirdi.

 ***

Romanda ruhun diriliyi, ümumiyyətlə, var olan hər şeyin diri olması inancı ifadə olunub. Təbii ki, bütün təzadlı fikirlərinə, təəssüratlarına, üslub qarışmalarına baxmayaraq, əsər məzmun-məna qatında olan bir xüsusiyyəti ilə xüsusi olaraq qeyd edilməlidir: bitməyən axtarışı ilə. Çünki inanca qarşı inanc, dinə qarşı din təqdim edilsə də, bu axtarış bitməmiş qalır. Yəni bu fikirlərin istifadəsi təsadüfi deyil: “Özümə sual verə-verə beynimin otaqlarının qapılarını açır, içəri girib işığı yandırırdım. Görünürdü ki, cavab ən axırıncı otaqdadı, ora zülmətdir”.

Həqiqətən də, elə bəşəri suallar var ki, onun cavabı mətndə deyil, düşüncədə deyil, ruhda açılır. Və fərdi olaraq.  Və diri olan hər şey biz onu diri saxlamaq istədikcə diri qala bilər. İnancımız kimi… Tariximiz kimi…

 Mənbə:”Ustad” jurnalının 9-cu sayı.

KÖŞƏ YAZARLARI
TOP 10