Kefli İsgəndər biqeyrətdirmi? – Şəmil Sadiq yazır…

73 Baxış

2aa

Bu yaxınlarda Könül Nəhmətovanın feysbukda yazdığı “S.S.Axundovun “Qaraca qız” hekayəsinin orta məktəbdə tədrisi şagirdə hansı görüşləri aşılayır?” adlı statusu diqqətimi çəkdi. Bu tip sual bütün müəllimləri, valideynləri, hətta ədəbiyyatçıları da çox düşündürür və tez-tez mübahisələrə səbəb olur. Hamımız yaxşı bilirik ki, bədii əsərlərin əksəriyyətində obrazlar mənfi və müsbət olur, müəllif bu obrazların arasındakı konfliktlə ideya və məramını oxucuya çatdırmağa çalışır. Kim nə qədər çatdı­ra bilirsə, bu, artıq başqa məsələdir. Əsərlərdəki obrazları ətrafımızda gördüyümüz insanlara bənzətsək və bu as­pektdən yola çıxsaq, məncə, mahiyyətə daha yaxşı vararıq. Həyatımızın müəyyən anlarında nurani, mədəni, müla­yim, xeyirxah, əzazil, fırıldaqçı, riyakar, qəddar insanlarla rastlaşırıq. Onlardan özümüzə uyğunlarını seçib, həyat dərsi alır və ya örnək götürürük. Kim hansına daha yaxın­dır, əlbəttə, onu daha tez dərk edir.

Çingiz Əlioğlu demiş, yazıçı əsərləri ilə öz iç dünya­sının rəsmini çəkir. Bəli, bu, bir həqiqətdir. Kimin içində nə qədər fərqli insan obrazı varsa, əgər o insan yazıçıdırsa və ya incəsənətin digər növlərindən biri ilə məşğul olursa, deməli, onları müəyyən obrazları ilə təqdim edir. İçindəki şeytandan qaçanlar və ya qaçmaq istəyənlər onu əsərlə­rində və obrazlarında da rədd edir. Cəsarətliləri, mərdlə­ri, xeyirxahları isə önə çəkir. Zənnimcə, oxucu da belədir. Sevdiyi qəhrəmana bənzəmək istəyir və ya qəlbinin dərin­liklərində gizlətdiyi məninin xarakterini hansısa obrazda görəndə hər iki mənada özünə haqq qazandırmaq arzusu­na düşür.

Zənnimcə, uşaqlara tədris edilən materiallar mütləq müəllimin düzgün istiqaməti və izahı ilə təqdim edilməli­dir. Dünyagörüşü zəif olan uşaqlara bu, daha çox vacibdir. Nizami Gəncəvinin “Xeyr və Şər” mənzuməsi kimi əsər­lərdə xeyir və şər tərəflər aydınlığı ilə göründüyü üçün bu tip əsərlərdə əlavə izaha ehtiyac o qədər də olmur. Lakin elə əsərlər var ki, orda cəmiyyətə yararsız olan fikirləri izah və təhlil etməyə böyük ehtiyac duyulur. Məsələn, şagirdlər “Leyli və Məcnun” poemasını oxuyarkən bəzən asanlıqla Leylini riyakar adlandıra bilirlər. Çünki Leyli İbn Salamın yas mərasimində ağlayarkən camaata ərinin ölümü üçün ağladığı kimi görünsə də, əslində o, Məcnuna və öz tale­yinə ağlayır. Bu isə həqiqi mənada, əlbəttə, riyakarlıq kimi qəbul edilir. Amma Leylinin bəxtsiz taleyini düşünmədən bu hadisəyə yanlış qiymət vermək olmaz. Onun ikiüzlü­lük etməsinə səbəb elə cəmiyyətin özüdür. O, öz hiss və duyğularını ifadə edə biləcəyi bir cəmiyyətdə yaşasaydı, bu addımı atmağa ehtiyac olardımı?

Cəlil Məmmədquluzadənin “Ölülər” əsərini oxuyan bəzi şagirdlər hamımızın müsbət qəhrəman kimi qəbul etdiyi İsgəndəri qəbul etmirlər. Səbəb kimi bacısının Şeyx Nəsrullahın yatağına salınmasına sadəcə sözlə etiraz edən İsgəndərin biqeyrət olmasını göstərirlər. Hətta bəzi şa­girdlər bu əsərdən çıxış edərək cəmiyyətimizin bir qismi­ni Şeyx Nəsrullah kimi fırıldaqçı, bir qismini Hacı Həsən, Kərbəlayi Fatma, Məşədi Oruc, Mirbağır ağa kimi cahil, avam, xurafatçı, bir qismini isə İsgəndər kimi binamus adlandırırlar. Əgər bu əsərin təhlilini şagirdlərin bu formada izahına buraxsaq və razılaşsaq, bu qənaətə gəlmək olar ki, belə əsərlər heç bir halda nə məktəbə, nə də universitetə buraxılmamalıdır.

Bəzi cizgi filmləri və animasiyalar şiddəti təbliğ etdi­yi üçün psixoloqlar tərəfindən tənqid edilir, bu əsərlərin uşaqların dünyagörüşündə dərin yaralar açdığını vurğulayırlar. Hətta bəzi tədqiqatçılarımız “Məlikməmməd” nağı­lında qardaşlar arasında olan nifaqa görə, bu əsərin də tədrisini qəbul etmirlər. Bəs “pis olmasa, yaxşıların qədri bilinməz” prinsipi necə olacaq? Axı, bu dünyanın məhz iki cəhət – xeyir və şər üzərində qurulduğunu, ilk insan olan Adəmin övladları Qabil və Habilin əməllərini necə dana bilərik? Deməli, belə əsərlərin tədrisində müəllimin hazır­lığından çox şey asılıdır.

P.S. Şagirdin Şah İsmayıl Xətainin “Dəhnamə” po­emasına əsasən “Müəllim, axı Aşiq Məşuqla görüşmək üçün o qədər əziyyət çəkəndən sonra niyə sonda heç nə olmamış ayrıldılar?” – sualına müəllim cavab verə bilmir­sə, o zaman problemi əsərdə yox, müəllimdə axtarmalıyıq.

 

2016-cı il

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10