Kiçik adamın böyük dayağı: Mirzə Cəlil – Elxan Nəcəfov

316 Baxış

calil_0

22 fevral Azərbaycan ədəbiyyatı tarixində ən önəmli günlərdən biridir. Bu tarix yazıçı, dramaturq, publisist, jurnalist ən nəhayətində “Böyük demokrat” olan Cəlil Məmmədquluzadənin doğum günüdür. Cəlil Məmmədquluzadə 1866-cı ildə Azərbaycanın qədim diyarı Naxçıvan şəhərində dünyaya göz açıb. Atası Məmmədqulu Məşədi Hüseynqulu oğlunun məktəb oxumasa da ibtidai səviyyədə savadı olub. Məmmədqulu kişi həyatı boyu şəriət qaydalarına əməl etmiş, halal və zəhmətkeş həyat tərzi sürmüşdür. Uzun müddət duz mədənində gözətçi çalışmış, sonra baqqal dükanı açaraq ailə ticarəti ilə məşğul olmuşdur. Cəlil Məmmədquluzadə 1873-1878-ci illərdə mollaxana təhsili almış və burada ərəb-fars dillərini mənimsəmişdir. Daha sonra isə Naxçıvan şəhər üçsinifli məktəbində ibtidai təhsil almışdır. Burada dünyəvi fənlərə olan marağı onun həyat və cəmiyyət haqqında təsəvvürlərini formalaşdırmışdır.

Sənətkarın 1882-1887-ci illərdə Qori Müəllimlər Seminariyasında keçən təhsil dövrü daha çox məhsuldar olub. Cəlil Məmmədquluzadə burada müxtəlif millətlərə məxsus müəllimlərdən (A. O. Çernyayevski,    D. D. Semyanov, N. N. Novospasski, N. O. Lomouri və s.) dərs almış, təcrübəli pedaqoqların, ədib və maarifçilərin pedaqoji-metodiki bacarıqlarından faydalanmışdır. Sözsüz ki, əldə edilmiş bu bacarıqlar sənətkarın sonrakı ədəbi-bədii, pedaqoji fəaliyyətində öz izini göstərmişdir. Belə ki, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatına janr və forma baxımdan bir çox yeniliklər gətirə bilmişdir. Danılmaz faktdır ki, ədəbiyyatımızda ilk mənzum alleqorik dram, ilk satirik hekayə, ilk felyeton və s. Cəlil Məmmədquluzadənin adı ilə bağlıdır. C. Məmmədquluzadə yalnız bədii fəaliyyət baxımından yenilikçi olmamışdır. O həmçinin cəhalətin və savadsızlığın aradan qaldırılması üçün xalqın oxuma və yazma bacarıqlarını asanlaşdıra biləcək yollar axtarışında olmuşdur. Ədibi ən çox düşündürən məsələlərdən biri də ərəb əlifbası ilə yazmağın və oxumağın yaratdığı çətinliklər idi. 1895-ci ildə latın əlifbasına keçməklə bağlı Peterburqa səfər etməsi, danışıqlar aparması sənətkarın öz dövründə baş verən hadisələri dərindən təhlil etmək bacarığı ilə bərabər həm də uzaqgörənliyini göstərirdi.

Cəlil Məmmədquluzadənin ictimai fəaliyyəti və bədii yaradıcılığı çoxşaxəli və zəngindir. 1897-1903-cü illərdə İrəvan və Naxçıvanın hüquq orqanlarında çalışması sənətkara müxtəlif taleli sadə insanları tanımağa, müxtəlif xarakterləri kəşf etməyə imkan yaratmışdır. “Poçt qutusu” hekayəsi bu dövrün müşahədələrini təsvir edən ən mükəmməl əsərlərdəndir.

1903-cü ildən etibarən Tiflisdə yaşayıb-yaratması ədibə mühitinin daha əlverişli imkanlarından, zəngin ədəbi-mədəni sferasından yararlanmağa imkan yaratmışdır. Tiflisin Qafqaz regionunda istər siyasi, istərsə də mədəni mərkəz olması sənətkarın publisistika yaradıcılığına təkan olmuşdur. “Şərqi-rus” qəzeti ilə əməkdaşlıq Cəlil Məmmədquluzadənin fəaliyyətində yeni və daha effektli bir istiqamət açmışdır.Belə ki, bir müddət burda çalışan Mirzə Cəlil nəşriyyat və mətbəə işini yaxşı öyrənir, eyni zamanda jurnalist kimi qələmini püxtələşdirirdi. Sonralar “Şərqi-rus” qəzeti bağlandıqda Ö. F. Nemanzadə və tacir Məşədi Ələsgər Bağırovla birlikdə həmin mətbəəni almış, “Qeyrət” adı ilə fəaliyyətlərini davam etdirmişlər. Əminliklə demək olar ki, bu tarixdən etibarən Cəlil Məmmədquluzadə yaradıcılığında təzahür edən bütün istiqamətlər tam formalaşmışdır. Artıq sənətkarın lirik, epik, dramatik növdə bədii yaradıcılığı püxtələşmiş, publisist və naşir kimi fəalliyyəti formalaşmışdır.

“Molla Nəsrəddin” jurnalı Cəlil Məmmədquluzadənin yaradıcılıq fəaliyyətində ən yüksək zirvədir. Ədibin redaktorluğu ilə 1906-cı il aprelin 7-də Tiflis şəhərində nəşr olunmağa başlayan jurnal Qafqaz regionunda baş verən hadisələrə güzgü olmuş, müsəlman şərqinin, xüsusilə Azərbaycan xalqının milli özünüdərkində, oyanışında mühüm rol oynamışdır. Jurnal 1917-ci ilə qədər Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunmuşdur.

Mirzə Cəlil XX əsrin əvvəllərindən etibarənfasiləsiz olaraq bədii fəalliyətlə məşğul olmuşdur. Böyük sənətkarın “Usta Zeynal” (1905), “Dəllək” (1906), “İranda hürriyət” (1906), “Fatma xala” (1906), “Qurbanəli bəy” (1906), “Quzu” (1914), “Nigarançılıq” (1916), “Konsulun arvadı” (1918) və s. hekayələri onun kiçik janrda böyük sənətkar olduğunu sübut etməyə imkan verir.

Azərbaycanda sovet hakimiyyətinin qurulması Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığında da müəyyən dəyişikliklərin özünü göstərməsinə gətirib çıxartmışdır. Sovet hökümətinin bəzi ideoloji prinsipləri sənətkarın fikirləri ilə üst-üstə düşürdü. Buna görə də 1921-1927-ci illərdə hökumətin təşkil etdiyi tədbirlərdə iştirak edir, bacardığı qədər dəstək olurdu. Bu dövrdə o, Azərbaycan müəllimlərinin V qurultayında (1925) və Türkoloji qurultayda (1926) yaxından iştirak etmişdir. Hökümət tərəfindən təşkil edilən yubiley və ədəbi gecələrdə fəal iştirakçı olmaqla diqqət mərkəzində olmuşdur. “Yeni yol” qəzetinin redaktoru olduğu dövrdə sənətkar latın qrafikasının tətbiqi üçün əsl əzmkarlıq nümunəsi göstərmişdir.

Sovet hakimiyyətinin qurulduğu mürəkkəb və qeyri-müəyyən şəraitdə də sənətkar bədii yaradıcılığından əl çəkməmişdir. Sənətkar sovet dövrü yaradıcılığına aid olan “Danabaş kəndinin məktəbi” (1921) pyesi, “Lənət” (1921), “Oyunbazlar” (1921) səhnəcikləri, “Dəli yığıncağı” (1926), “Yığıncaq” (1929), “Ər” (1930) əsərlərini yazmışdır. Ədib bütün yaradıcılığı dövründə hekayə janrının ecazkar nümunələrini yaratmışdır. “Şərq fakültəsi”, “Taxıl həkimi”, “Hamballar”, “Şeir bülbülləri”, “İki ər”, “Zırrama”, “Şəhər və kənd”, “Qoşa balınc”, “Bəlkə də qaytardılar” adlı hekayələri də bu dövrdə yazılmışdır.

Sənətkarın Sovet hökumətindən gözləntiləri tez bir zamanda puç olmuş, ümid və inamı uzun sürməmişdir. Sənətkara qarşı qısqanclıqlar və təzyiqlər getdikcə artmağa başlamışdır. 1928-ci ildən başlayaraq Cəlil Məmmədquluzadə yeni hökumətin ideoloji tələblərini və təzyiqlərini daha çox hiss etmişdir. Dövrünün bir çox sənətkarları kimi Cəlil Məmmədquluzadə üçün də bu tələblər mənəvi terror təsiri bağışlamışdır. 1929-cu il 9 aprel plenumunda “din əleyhinə oxunaqlı, kütləvi, ucuz jurnal kimi yenidən təşkil etmək” adı altında “Molla Nəsrəddin” jurnalı Mübariz Allahsızlar ittifaqının orqanına çevrilməsinə qərar verilir. Sözsüz ki, bu qərar ədibin düşüncə və bu dövrə qədərki həyat qayəsi ilə üst-üstə düşmürdü. Digər mətbuat orqanlarında Cəlil Məmmədquluzadəyə qarşı aparılan böhtan və təzyiq kampaniyası sənətkarı dərindən sarsıdırdı. Tez-tez mətbuatda ədib “milli xırda burjua nümayəndəsi”, Azərbaycan dilini korlayan yazıçı”, “cığırdaş” kimi dövrünün bir çox şəxsiyyətlərinə qarşı istifadə olunan ittihamları ilə rastlaşırdı. Bütün bu təzyiqlər fonunda ədib 1931-ci ildə “Molla Nəsrəddin” jurnalının Baş redaktorluğu vəzifəsindən uzaqlaşmağa məcbur olur. Yorulmaz, mübariz və qocaman sənətkar yeni hökumətə və onun sərt ideologiyasına etirazını ömrünün sonlarında bir çox əsərlərinin əlyazmasını yandırmaqla bildirə bilmişdir.

Cəlil Məmmədquluzadənin yaradıcılığında Azərbaycanın bütün milli xüsusisiyyətləri, eyni zamanda ümumbəşəri dəyərləri əks etdirən fikirlər bizim milli ideologiyamızın əsasıdır və həmin ideologiyanın yaranması üçün böyük bir vasitədir. Cəlil Məmmədquluzadə dərin milli-ictimai təfəkkürə sahib sənətkar idi. Sənətkarın bədii nəsr yaradıcılığı ədəbiyyatımızda yeni bir hadisə hesab edilə bilər. Müşahidə etdiyi həyat həqiqətlərini olduğu kimi təsviri, zəhmətkeş insanların acınacaqlı talelərinin real təqdimatı, milli oyanışa və tərəqqiyə çağırış, təsirli dil-üslub bacarıqları ədibin bədii nəsrinin özünəməxsusluğu və fərdi sənətkarlıq keyfiyyətləri baxımından diqqəti cəlb edən ən mühüm tərəfləridir. Cəlil Məmmədquluzadə bizi-bizdən ayıran, bizi başqalaşdırıb özümüzü-özümüzə biganələşdirən bütün eybəcərliklərə qarşı çıxırdı. Bu eybəcərliklər nadanlıq, dili unutma, mənəviyyatımıza, milli varlığa laqeydlik idi. Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatı tarixinə böyük demokrat ədib, vətəndaş, milli yazıçı, kiçik hekayənin böyük ustadı kimi daxil olmuşdur. Ədib daha çox nəsr əsərlərində “kiçik adamın böyük himayədarı” qismində çıxış edir.

Cəlil Məmmədquluzadə nəsri Azərbaycan ədəbiyyatında öz məzmunu, poetik quruluşu baxımından yeni bir səhifə hesab olunur. Cəmiyyətin sosial-ictimai vəziyyətini əks etdirən, insan psixologiyasının zahiri və daxili xüsusiyyətlərinin cəmini göstərən istər geniş süjetli “Danabaş kəndinin əhvalatları” (psixoloji-dramatik povest), istərsə də yığcam süjetli əsərlərində (hekayə və novellalarında) diqqəti cəlb edən əsas xüsusiyyətlərdən biri bitkin süjet və kompozisiyaya malik olmasıdır. Bədii əsərdə süjet və kompozisiya anlayışları olduqca mühüm məsələlərdəndir. Sənət-karların müəyyən hadisələr silsiləsindən hər hansı mövzu seçməsi müəyyən nəzəri daxili qaydalar, prinsiplər əsasında işləndikdən sonra sənət əsəri kimi formalaşır.

Azərbaycan nəsrində ilk dəfə olaraq proloq və epiloqdan istifadənin ədibin ilk iri həcmli nəsr əsəri olan “Danabaş kəndinin əhvalatları” povestində üzə çıxması (“Bir yüngülvari müqəddimə”, “Xitamə”), bu poetik formanın yığcam süjetli əsərlərinə də aid edilməsi (“Xanın təsbehi”, “Təsbeh barəsində bir neçə söz”, “Bəlkə də qaytardılar…”, “Axır söz”) konkret nümunələrin əsasında elmi-nəzəri təhlili C. Məmmədquluzadə nəsrinin yeni sənətkarlıq keyfiyyətlərinin üzə çıxarılması ilə nəticələnmişdir. C. Məmmədquluzadə nəsrində süjet və kompozisiya quruluşunda vahidlik prinsipi müəyyən ardıcıllıqla sistemə salınır. Burada kompozisiya süjetin dərk olunmasına, əsərin bədii-estetik cəhətdən qüvvətlənməsinə xidmət edir.

Ustad yazıçının iti qələmindən çıxmış “Danabaş kəndinin əhvalatları” (1894) əsəri ədəbiyyatımızın bədii nəsr tarixində ən yüksək zirvələrdəndir. Əsərin əsas qəhrəmanı Məhəmmədhəsən əmi təkcə Cəlil Məmmədquluzadə yaradıcılığında yox, geniş mənada Azərbaycan ədəbiyyatında kiçik adamın böyük ədəbiyyata birinci gəlişi idi.

Cəlil Məmmədquluzadə hekayə janrının ədəbiyyatımızdakı ən qüdrətli sənətkarlarındandır. Yazıçının “Poçt qutusu” hekayəsi ədəbiyyatımızda hekayə janrının ən mükəmməl nümunələrindəndir. Hekayə kimi kiçik janrda olduqca yığcam şəkildə təsvir olunan hadisələrdə böyük mətləblər açılır. Əsərdə Novruzəlinin taleyi Azərbaycan kəndlisinin taleyi kimi ifadə olunur, sözsüz ki, sənətkar burada Novruzəli kimi avam və sadəlövh adamın müdafiəçisi kimi də diqqəti cəlb edir. “Poçt qutusu” kiçik hekayənin, akademik İ. Həbibbəylinin təbiri ilə desək, böyük proqramıdır: “Ədib “Poçt qutusu” əsərində kiçik adamlığın ictimai-psixoloji fakt kimi tipinə çevrilmiş Novruzəlinin timsalında “Novruzəli adamdır” ictimai-tarixi hökmü ilə birgə öz müəllif konsepsiyası olaraq “Novruzəli necə adamdır?” sosial-psixoloji araşdırmasını müəyyənləşdirir və mövcud sosial problemlərin mürəkkəbliyi və qarışıqlığı içərisində sosial ədaləti bu tezisdən araşdırmağa başlayır.”

“Bəlkə də qaytardılar…” ədibin müflis olmuş insanların fikir və düşüncəsini əks etdirən hekayəsidir. Hekayədə təsvir olunan müflisləşmişlər dəstəsi Molla əmiyə artist Balaqədeşin vasitəsilə təqdim olunur. Əvvəlki zəngin həyatlarını səbirsizliklə gözləyən, ancaq nail ola bilməyən bu insanlar xəyalla yaşayır, öz səadətlərinə yenə qovuşacaqlarını ümüd edirlər. “Axır söz” adlanan son hissə yazıçının hadisələrə yekunudur: “Və müxtəsər həmin müsahiblərimlə tez-tez görüşüb danışardıq, dərdləşərdik, bir-birimizə ürək-dirək verərdik və həmişə ayrılanda da ümidvarlıqla ayrılardıq ki, inşallah muradımıza çatarıq və inşallah şayəd, iş elə gətirdi ki, bəlkə mülk və maaşımızı qaytardılar özümüzə”.

“Dəllək” hekayəsində sərlövhə bu peşə ilə savadsızlığın, avamlığın hansı bəlalara səbəb olduğunu ümumiləşdirirsə, “Taxıl həkimi” hekayəsində lakonik təsvirlə taxıl həkiminin – “ziyalının” real bədii inikasını göstərir. Bəlaya düçar olmuş insanlara kömək etməli olan bu həkim tapdığı böcəyin bədən quruluşu haqqında kənd camaatına uzun-uzadı moizə oxuyur, sonra şərəfinə düzəldilmiş məclisdə sərxoş olub “kəşf etdiyi” həşəratı da kənddə unudub gedir. Taxıla zərər vuran həşəratla onu xilas etməli olan taxıl həkiminin, ziyalının mövqeyi vurulan zərərlə eyniyyət təşkil etməsi (həşəratda maddi, həkimdə mənəvi və maddi) ümumi peşə adı ilə acı ironik mövqedə əks olunur.

Ədəbiyyatımızda xüsusi əhəmiyyətə malik olan “Ölülər” (1909) tragikomediyası cəhalətin və mövhumatın əleyhinə yazılmış ən təsirli əsərlərdəndir. “Ölülər” əsəri mövzu orijinallığı, ideya zənginliyi ilə bərabər, bədii vasitələri, janr xüsusiyyətləri və s. cəhətlərdən də kamil bir bədii sənət incisidir. “Ölülər”i kəskin bəşəri problemləri yüksək sənətkarlıqla canlandıran bir dramatik əsər kimi dram, faciələrə məxsus keyfiyyətləri ehtiva edən, dramatik ünsürlərə malik bir məzhəkə, həyati faciəni, dəhşətli həqiqəti göstərən komediya, yaxud tragikomediya, satirik komediya adlandırmışlar. Janr baxımından bu mülahizələrin heç biri təsadüfi deyildir və “Ölülər”-ə xas olan xüsusiyyətlərlə bu və ya digər cəhətdən bağlıdır. Dramatik, komik, lirik, tragik ünsürlərin üzvi vəhdətinin yaratdığı əlvanlıq əsərin yüksək bədiiliyini təmin edir. “Ölülər” tematikası, obrazları, bədii ümumiləşdirmələri ilə satirik komediyanın yeni, orijinal bir nümunəsidir.

Xurafata, nadanlığa, rəzilliyə, mənəvi naqisliyin zehniyyatda yaratdığı faciələrə, mövhumat dələduzlarının ifşasına həsr edilmiş dram əsərləri içərisində “Ölülər” traglkomediyasına tay ola biləcək pyes yoxdur. Camaatın nadanlığından istifadə edərək və dini əldə bayraq tutaraq məzlumların başına müsibətlər gətirən fırıldaqçı Şeyx Nəsrulla, onun köməkçisi Şeyx Əhməd cəmiyyətin bütün rəzilliklərini görən və onların səbəblərini anlayan Kefli İsgəndər, “ölü dirilərmi?” xofunda çaş-baş qalmış Hacı Həsən ağa Azərbaycan dramaturgiyasında yeni tipli bədii personajlardır, ümumiləşdirilmiş tipik xarakterlərdir.

Cəlil Məmmədquluzadənin “Anamın kitabı” (1920) tragikomediyası ədəbiyyatımızda istiqlal düşüncəsinə, azərbaycançılıq əqidə və idealogiyasına həsr olunmuş ən təsirli dram əsəridir. “Anamın kitabı” – Azərbaycan milli istiqlalı haqqında XX əsr boyu yazılmış silsilə əsərlərin mənəvi Anasıdır. Əgər ədəbiyyatımızda kiçik hekayə Mirzə Cəlilin “Poçt qutusu”ndan çıxmışdırsa, azərbaycançılıq və milli istiqalal ideaları da bütöv bir konsepsiya kimi “Anamın kitabı”ndan doğmuşdur. Milli müstəqillik və birlik, soykökə dərin bağlılıq, milli məfkurə və istiqlal uğrunda mübarizə kimi aktual məsələlər “Anamın kitabı”nın əsas mövzusunu və qayəsini təşkil edir. Nəticə etbiarilə “Anamın kitabı” – əsərdəki üç qardaşın komediyası, Ananın faciəsi, Gülbaharın isə dramıdır” (İ. Həbibbəyli). Faciə müəllif tərəfindən həm ailə faciəsi kimi, həm milli faciə kimi, həm də sinfı faciə kimi yozulur. Bir-birilə də, ana-bacılarıyla da dil tapa bilməyən üç qardaş sadə xalqla, “qara camaatla” tamamilə ünsiyyətsizdirlər. Mirzə Cəlil ürək ağrısıyla belə ziyalılarla xalq arasındakı uçurumu göstərir. Göstərir ki, nicat yolunu yalnız başqa xalqların mədəniyyətini kor-koranə təqliddə görən ziyalılar heç kəsə – nə özümüzə, nə özgəsinə lazım deyil. XX əsr Azərbaycan ictimai şüurunda, şərti olaraq, rusofillik, pantürkizm və panislamizm kimi üç cərəyanı “karikaturlaşdırılmış” şəkildə təcəssüm etdirən üç qardaş arasında keçilməz sədlər, aşılmaz çəpərlər, sal divarlar dayanıb.

Cəlil Məmmədquluzadə özünəməxsus üslubda və mövzuda bədii yaradıcılığını mənzum şəkildə də davam etdirmişdir. İstər bədii nəsr, istər dram, istərsə də publisistik əsərlərində olduğu kimi satirik şeirlərində də maarifçiliyə çağırış, müşahidə etdiyi hadisə və şəxslərin çatışmazlıqlarının, cahilliyin və mövhumatçılığın tənqidi əsas yer tuturdu. “Xoş ol zaman ki, xalq yatıb bizəban idi”, “Lisan bəlası”, “Zaman ol zaman idi”, “Qafqaz xəbərləri” və s. şeirləri daha çox publisistik mahiyyət daşıyır. Bu şeirlər həm təsvir üslubi həm də mövzunun təqdimi formasına görə sənətkarın məqalə və felyetonlarını xatırladır. Sənətkarın satirik şeirləri daha çox “Molla Nəsrəddin” jurnalının müxtəlif saylarında dərc olunubdur. Ümumilikdə Cəlil Məmmədquluzadə yaradıcılığına nəzər saldıqda aşkar görünür ki, sənətkar üçün nəzm şəklində əsərlər yazmaq xarakterik deyil. “Molla Nəsrəddin” jurnalının ətrafında toplaşmış böyük satirik şairlər ordusu var idi. Əlbəttə bədii sözün satirik üslubda mahir ifadəçisi olan Cəlil Məmmədquluzadə bu ordudan geri qala bilməzdi. Dövrünün bir çox şairlərindən həmçinin bir sıra xalq mahnıları və folklor nümunələrini satirik şəklə salaraq mükəmməl bədii mətnlər yaratmışdır. Mirzə Ələkbər Sabirin yaradıcılığında “Laylay balam laylay, yat qal dala laylay” şeirininin ahəngi duyulan “Lay-lay” şeiri tənbəlliyi, avaraçılığı tənqid etdiyi kimi, məktəbə, elmə çağırış mahiyyətini qorumuş olur:

Böyü bir az, yeddi yaşa yetgilən,

Səhər tezdən dur küçəyə getgilən,

Müəlləq aşmağa həvəs etgilən,

Laylay, quzum, laylay, gözüm yatgilən,

Rahət olub bir azca boy atgilən…

 

… Sonra çalış, səy ilə şöhrət qazan,

Doldur qutulara çoxluca ilan,

Müsəlman aləmin gəzgilən, dolan

Laylay, quzum, laylay, gözüm yatgilən,

Rahət olub bir azca boy atgilən…

Bütün yaradıcılığı boyu sadə dillə xalqı oyanışa səsləyən Cəlil Məmmədquluzadə bədii yaradıcılığında fikrini satirik və yumoristik şəkildə çatdırmaqla üzdə təbəssüm yaratsa da, toxunduğu mövuzlarda insanın qəlbini dağlayan acınacaqlı həyat həqiqətlərini çatdırırdı. Xalqın avamlığının, təhsilsizliyinin, cahilliyinin, tənbəlliyinin gələcəkdə gətirə biləcəyi faciələri sənətkar ürək yanğısı ilə qələmə alırdı. Ədibin şifahi xalq ədəbiyyatımıza olan marağı yaradıcılığının bütün sahələrində özünü göstərir. İlk mətbuat məktəbimiz olan “Molla Nəsrəddin” jurnalının adından və sənətkarın bir çox imzalarından da görünür ki, M. Cəlil satirik ovqatını ifadə etmək üçün folklordan çox yaxşı istifadə edə bilmişdir. Folklor nümunəsi olan “Qalada yatmış idim” mahnısının ritmini qorumaqla cəlilsayağı dillə yuxarıda sadaladığımız problemləri ifadə etmişdir:

 

Dərədə yatmış idim, oyatdılar oyanmadım,

Burnuma tikanları uzatdılar, oyanmadım.

Bomba parta-partnan, top atılar oyanmadım,

Saqqalımdan bir ovuc qopartdılar, oyanmadım,

Müxtəsər, hər bir əməl çıxartdılar oyanmadım.

Cəlil Məmmədquluzadə həm də tanınmış publisistdir. Ədəbiyyatımızın mətbuat tarixində onun əvəzedilməz rolu var. Ədəbi məktəb yaratmış ilk mətbu orqanı olan “Molla Nəsrəddin” onun adı ilə bağlıdır. Cəlil Məmmədquluzadə yaradıcılığının ən uca zirvəsini müəyyən etmək üçün fikirlər haçalansa da, müqayisədə daha böyük üstünlük “Molla Nəsrəddin” jurnalına verilə bilər. Bu jurnal sənətkarın yaradıcılığının bütün istiqamətlərinə aid olan əsərlərdə qaldırdığı problemlər və irəli sürdüyü ideoloji məsələlərin məcmusudur. XX əsrin əvvəllərində ölkəmizdə və ölkəmizdən kənarda baş verən hadisələrə böyük güzgü olan jurnal həm də mollanəsrəddinçilər ordusunun əsas “qərargahı” idi. Bu “qərargahda” mətbuat tariximizin qızıl sətirlərini qələmə alan soz ordusunun silahdaşları M. Ə. Sabir (1862-1911), M. S. Ordubadi (1872-1950) , Ö. F. Nemanzadə (1872-1938), Ə. Nəzmi (1878-1946), Ə. Qəmküsar (1880-1919) Ə. Haqverdiyev (1870-1933), M. Möcüz (1873-1934), B. Abbaszadə (1859-1926) və s. kimi ədiblər olmuşlar. Xalqın avamlıqdan, cahillikdən, mövhumatçılıqdan qurtulması üçün mübarizə aparan mollanəsrəddinçilər həm də “ağsaqqalları” Mirzə Cəlilin ətrafında cəm olmuşdular. Cəlil Məmmədquluzadənin ilk məqalələri hələ “Molla Nəsrəddin” jurnalı fəaliyyətə başlamamışdan əvvəl ərsəyə gəlmişdi. 1905-ci ildən etibarən “Şərqi-rus” qəzeti ilə əməkdaşlıq ədibin publisistik yaradıcılığının ilk təməli hesab edilə bilər. “Molla Nəsrəddin” jurnalı həm şimali Azərbaycanın, həm də cənubi Azərbaycanın mətbu orqanı olmaqla ədəbiyyatımızın vahid şəkildə inkişafında körpü rolu oynaya bilmişdir. Jurnalın adını daşıdığı folklor qəhrəmanınımız necə ki, bir gözü ilə gülüb, bir gözü ilə ağlayırdı, mollanəsrəddinçilər də baş verənlərə gülür, güldükcə düşündürür, düşündürdükcə ağladırdı. Cəlil Məmmədquluzadə adı çəkilən jurnalın yaradıcısı olmaqla bərabər həmin jurnaldakı fəaliyyəti ilə mətbuat tariximizdə satirik publisistikanın banisi olmaq titulunu da qazanmış oldu. “Molla Nəsrəddinin” muxtəlif saylarında ədibin ümumilikdə felyetonları və publisistik məqalələri çap olunmuşdur. Ədibin publisistikası məzmun və forma baxımından rəngarəngdir: məktublar, felyetonlar, məqalələr və s. Bu əsərlərdə ifadə edilən fikir və mətləblər, ideyalar sənətkarın bədii nəsrində və dram əsərlərində olduğu kimi zamanın ən aktual problemləri ilə səsləşir. Sənətkarın Azərbaycan xalqının milli oyanışına dair düşüncələrini ifadə edir.

Akademik İ. Həbibbəyli “Molla Nəsrəddin” jurnalında Cəlil Məmmədquluzadənin fəaliyyətini aşağıdakı kimi mərhələlərə ayırır:

-          1906-1914-cü illər – Tiflis mərhələsi

-          1917-ci il – Milli Demokratik Cümhuriyyət ərəfəsi dövrü

-          1921-ci il – Cənubi Azərbaycan mərhələsi

-          1922-1931-ci illər – Sovet hakimiyyəti illəri

Başlanğıc mərhələdə Cəlil Məmmədquluzadənin iti qələmindən çıxmış “Sizi deyib gəlmişəm”, “Qəbirdən məktub”, “Molla Nəsrəddin”in cavabı”, “Necə qan ağlamasın…”, “Baş”, “Misyonerlər”, “Erməni və müsəlman övrətləri”, “Mikroblar” və s. kimi məqalə və felyetonlarda ədibin püxtələşmiş satirik publisistikası özünü göstərir. Bu məqalə və felyetonları bəzəyən şəkillər və karikaturalar savadsız və ya az savadlı təbəqənin də diqqətini cəlb etməyə səbəb olurdu. Bu mətbu orqan vasitəsilə ədib Azərbaycanda satirik qrafikanın və karikaturanın əsasını qoymuşdur. Ümumilikdə jurnal ədəbiyyatımızda və mətbuat tariximizdə ilk nümunələrinə rast gəldiyimiz satirik publisistikanın, satirik hekayənin, felyetonun, satirik marşın, bəhri-təvilin və s. əsasını qoymuşdur.

Cəlil Məmmədquluzadə satirik realizmin bayraqdarı idi. O daha çox problemlərin həllini göydə və xəyallarda deyil, real həyatda axtarırdı. O problemin həlli üçün xalqın içinə girir, xalqın dili ilə danışır, xalqın düşdüyü bəlaları güzgü kimi açıb göstərir. Müxtəlif insan taleləri baxımından zəngin obrazlar ordusu yaradan sənətkar həmin obrazların real həyat insanları olduğunu dolğun şəkildə göstərə bilmişdir. Yazıçının aşağıdakı fikirləri ədibin qələm əhlinə realist ədəbiyyata çağırışını ifadə edir: “Biz bir yazıçı millətik, bizə yağ və pendirdən, süd və qaymaqdan əfzəl dünyanı yaxşıca tanımaq, təcübə görmək lazımdır. Yəni müxtəsər: bizim yazıçılıq karxanasına həmişə xammal lazımdır ki, karxanamız işləsin, bikar qalmasın.”

“Anamın kitabı” və “Dəlilər” pyeslərində ana dili probleminə necə həssas yanaşmışdısa, bu həssaslıq özünü publisistik əsərlərdə də bariz şəkildə göstərmişdir. Bu baxımdan “Meymunlar” felyetonu diqqəti cəlb edir. “Gedirsən bir rəfiqin qapısını döyürsən. Bir balaca qız çıxır. Soruşursan: ağa evdə? Qız “Papa!” deyə-deyə qaçıb atasını çağırır. Girirsən içəri və qızın kefini soruşub deyirsən: “Maşallah, Münəvvər xanım, nə yekə qız olmusan?” Görürsən qız qaş-qabağın saldı. Sonra məlum olur ki, qıza gərək “Varya” deyəydin….

Xalqımızın milli ictimai fikrində özünəməxsus yeri olan Cəlil Məmmədquluzadəni Mirzə İbrahimov “böyük demokrat” adlandırmışdır. Ədibin demokratik görüşləri dövrünün milli azadlıq mücahidlərinin fikirləri ilə üst-üstə düşürdü. Demokratik cümhuriyyətin yaranmasından bir il əvvəl yazdığı “Cümhuriyyət” məqaləsi ilə ədib uzaqgörənliyini bir daha sübut etmişdir. Bu məqalədə irəli sürülən idarəçilik üsulu çox yox, məqalədən bir il sonra Azərbaycan Demokratik Cümhuriyyətinin idaretmə üsulunu xarakterizə edirdi. Bu isə ədibin demokratik cümhuriyyətə verdiyi ən böyük töhvə sayıla bilər. “Cümhuriyyət” məqaləsi Cəlil Məmmədquluzadə demokratizminin nizamnaməsidir (İsa Həbibbəyli). “Məmləkət müəyyən qanunlar gücü ilə idarə olunur. O qanunları yazan və təsdiq edən millətin məbusları, yəni vəkilləridir. Məmləkətin rəisinə prezident deyilir. Prezidenti ya millət özü seçir, ya parlaman, yəni millət vəkilləri seçir. Prezident məmləkəti idarə etməyə özünə köməkçi hesabına vəzirlər təyin edir…”

XX əsr Azərbaycan ictimai bədii fikrinin parlaq simalarından olan Cəlil Məmmədquluzadə çoxcəhətli fəaliyyəti ilə Azərbaycan ədəbiyyatında tənqidi realizmi yeni və satirik istiqamətli bir mərhələyə çatdırdı. Novator sənətkarın yaradıcılığı, klassik sənət əsərləri ilə yanaşı duran bədii nəsri mövzu-ideya, poetik forma etibarilə kamil sənətkarlıq nümunələridir. Ədibin milli şüurun oyanmasına ciddi təsir göstərən yaradıcılığı bədii nəsrində də müəllif qayəsinin, sənətkarın estetik idealının, fəaliyyətinin təcəssümüdür. Təbiidir ki, ideya nə qədər ali, nə qədər mütərəqqi olsa da, xalq dilinə, ruhuna yaxın forma və məzmun vəhdətində cilalanmasa nə bəyənilə, nə də istənilən şəkildə qavranıla bilər. Cəlil Məmmədquluzadə sənətkarlığının ümumi qayəsi də məzmun və formanın poetik baxımından yetkin inkişaf səviyyəsi, ifadə üslubunda zəngin bədii ifadə vasitələri sisteminin bütövlüyü və rəngarəngliyi ilə şərtlənir.

Müasir dövrdə Cəlil Məmmədquluzadənin bədii irsi müxtəlif dillərə tərcümə olunur. Ədibin ayrı-ayrı hekayələri rus, ingilis, fransız, ərəb, gürcü, özbək, Ukrayna, tacik və s. dillərə tərcümə edilmişdir. Cəlil Məmmədquluzadə haqqında xarici ölkələrdə bir neçə kitab çap olunmuşdur. Ədəbiyyatşünas alimlərdən Abbas Zamanovun İranda fars dilində, İsa Həbibbəylinin Türkiyədə türk dilində, Moskvada rus dilində çap olunmuş kitabları bu sahədə görülmüş işlərin başlanğıcıdır. Bununla bərabər böyük ədib haqqında Avropa ölkələrində müxtəlif dillərdə kitabların çap olunmasına ehtiyac var. Son dövrlərdə Cəlil Məmmədquluzadənin əsərlərinin Macarıstanda çap olunması bu sahədə ehtiyacın tezliklə təmin ediləcəyinə ümidləri artırır.

Ümumilikdə Cəlil Məmmədquladənin yaradıcılığında toxunduğu mətləblərin bir çoxu günümüzdə də aktualdır. Bu baxımdan ədib nəinki öz dövrünün həm də müasir dövrümüzün azərbaycanlısıdır. Cəlil Məmmədquluzadənin milli-mənəvi oyanış, tərəqqi və dirçəliş, milli istiqlal, vətənçilik məsələlərinə həsr edilən, həmişə də müasir səslənən ölməz bədii publisist əsərləri Azərbaycanda hazırkı milli və müstəqil dövlət quruculuğuna uğurla xidmət edir.