Kim haqlıdır?

21 Baxış

14652_1634746006745079_1030871412719397489_n(İnsanların şəxsi həyat problemlərini gündəmə çevirməyə etiraz olaraq)

Neçə gündür işdə eyni söhbəti eşidirəm…
Birinci dəfə bunu eşitdim ki, filan rayonun filan kəndində filankəsin qadını, beş uşaq anası qoşulub başqasına qaçıb. Çox müzakirə etdilər, qınadılar. Hətta qonşu otaqdan bu söhbəti eşidən ən qocaman işçimiz – Rasif müəllim də müdaxilə etdi söhbətə:
- Üzr istəyirəm, biz tərəflərdə bir söz var: O, filan, filandır…
Amma dəqiq də bilmədən ki, həqiqətən başqasıyla qaçıb, ya başqa problem var ortada. Çünki saytlar da qəti bir söz yazmırmışlar. Bunu da onlardan eşidirdim, başımı aşağı salıb guya heç nə eşitmirmişəm kimi… Çox danışdılar, bitmirdi söhbət. Axır kompyuterdən ayrılıb, stulumu elə yerindəcə fırlayıb döndüm onlara sarı:
- Olar mən də öz fikrimi deyim?
- De, əlbəttə, o nə demək?!
- İnciməzsiniz ki?
- Yox, niyə inciyirik?!
- Elə isə, sizin nəyinizə lazımdır kim kiminlə qaçıb?!
Xasiyyətimi bilirlər, incimədilər. Amma söhbətimin ardı olacağını sezib sual dolu baxışlarla üzümə dikdilər nəzərlərini, üzlərində də bir az təbəssüm.
- Kim nə bilir, o, nə həyat yaşayıb, hansı problemləri var… Bəlkə psixoloji sarsıntısı var, nə bilirsiniz?
- Psixoloji sarsıntısı var, gərək təzədən ərə gedə? – bunu Südabə dedi.- Mənə belə gəlir ki, bir dəfə əli yanan ikinci dəfə ərə getməz.
- O, sənə elə gəlir. Niyə düşünürsən ki, hamıya belə gəlir?
Amma Südabə ilə bu barədə danışmağın bir şeyi dəyişdirəcəyinə ümidim də yox idi. Çünki yaşı çox olsa da, o, hələ ailə qurmayıb.
55 yaşında olan Səmayə xanım da bayaqdan Südabə ilə gah pıçıldaşır, gah da açıq müzakirə edirdi tanımadığımız o qadını. Amma indi məni təsdiq edirdi… Rasif müəllim də səhvini anlayıb keçdi tərəfimə.
Növbəti gün işə gedən kimi eşitdim ki, demə, o biçarə qadın qayıdıb geri. Amma hələ də bilmirlər ki, qoşulub qaçıbmış, ya harasa gedib,qayıdıb…
Yenə müzakirələr başladı.
- Əri pis idi, niyə indiyə kimi yaşayırdı?
- Hələ beş uşaq da gətirib dünyaya,üzr istəyirəm, ərini sevməyən qadın bu qədər uşağa razılaşardımı?
-Əşi, əri pisdir, gərək təzə ərə gedəydi? Ayrılsın, getsin işləsin.
Bu bəsit müzakirələr təngə gətirdi yenə də məni:
-Siz necə düşünə bilirsiniz ki, ucqar bir kənddəki savadsız qadın sizin kimi fikirləşməliydi? Insana yaşadığı şərait aspektindən baxmaq lazımdır. Həm də yəqin belə bir hədis eşitmisiniz: Qınadığın başına gəlməyincə can verməyəcəksən…
Üzdə razılaşırlar kimi göründülər, amma hər kəs, elə mən də, öz fikrində qaldı.
Hadisə müzakirə olunurdu biz ziyalılar arasında. Mətbuat hər gün car çəkir… Camaat, oxuyur, bir az da qıy çəkir. Hər yerdə müzakirələr, qınamalar… Ən yaxşı halda isə mənim kimisinin analizi…
O qadın kim idi, başına nələr gəlirdi, nəyimizə lazım, bizə aid deyil ki… Bizə maraqlı olan situasiyadır, müzakirə edirik özümüz üçün. Öz dərdimiz başımızdan aşır. Işimiz-gücümüz var. Başımızı salaq aşağı işimizi görək, böyük işdir…
Hə, yenə gəldim işə. Bəd xəbər birisi dedi:
-Bilirsən nə olub? Həmin qadın özünü öldürüb…
-Hansı qadın?
-Həmin o qadın də… Beş uşaq anası, başqasına qoşulub qaçan.
Pis xəbər idi. Sarsıldım:
- Hə, nəhayət ki, bu cəmiyyət öldürdümü onu?
- Hə… – içdən təəssüfləndilər.
Bu gün elə bil acığa, yeni adamlar da qoşuldular söhbətə.
Elşad (otuz yaşı var, ailəlidir, iki övladı var):
- Mən hakim olsaydım, o qadını özüm asardım.
Aha, Südabə ürəkləndi:
-Mən elə qadına nifrət edirəm.
Bircə iyirmi bir yaşlı Rəhilə susurdu hələ…
Südabə zarafatla mən tərəfə boylanaraq:
- Görək alimə nə deyir?
Özümü eşitməzliyə vurmaq istədim, amma o da susmadı:
-Səninləyəm ey…
-Mənimləsən? Eşitmədim. Nə deyirdin:
-Deyirəm ki, mən elə qadınlara nifrət edirəm.
Elşad da mənim söhbətə qoşulduğumu görüb bir az da coşdu:
- Mən hakim olsaydım, asardım, deyirəm, elə qadını…
- Nə qəddarsan, Elşad?! Ona görə Allah dəvəyə qanad verməyib də…
Südabə xanım, insana niyə nifrət edirsiniz. Niyə etməlisiniz? Kimin burada ailəsində problem yoxdur?
Səfurə xanım bilir ki, onun problemindən hamının xəbəri var:
- Hə, problemsiz ailə yoxdur…
Mən isə artıq bir insan kimi hamımızı qınayırdım ucqar bir kənddə tanımadığımız bir qadının ölümündə:
- İnsana nifrət etmək lazım deyil. Onu anlamağa çalışmaq doğru olmazdımı? Yanlış yola gedibdisə, qaytarmağa çalışmaq olmazdımı? Hara baxır QHT-lər (Qeyri Hökumət Təşkilatları). Hara baxır onların psixoloqları. Qadın hüquqlarını əlində şüar edən təşkilatalar hara baxırdı? Mətbuatın nəyinə lazım idi kim kiminlə qaçmışdı? Bu mətbuat bağıranda təşkilatlar niyə susurdular? Bu cəmiyyət öldürdü o insanı.
Amma nə faydası, biri sağ tərəfimdə hələ də asırdı onu, o biri sol tərəfimdə nifrət edirdi ona.
Axır Rəhilə ürəkləndi mənim çıxışımdan:
- O qadın mənim yaşadığım, yaxşı tanıdığım rayondandır. Orada kişilər nə vəziyyətdədir bir özləri, bir də Allah bilir. Hər gün otururlar iynəyə… Görürsünüz, hətta mən də əzbərləmişəm o ifadələri…
Bu da heç kimi sakitləşdirmədi. Düşündülər ki, özü günahkar idi ki o qadın, nəticəsi də belə olmalı idi.
Mən də bunu düşünürdüm:
“Demə, ətrafımda hamı mələk imiş, amma qanadları yoxmuş…”

Könül Nəhmətova, filologiya üzrə fəlsəfə doktoru

Bölmə : Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10