Kimliyini axtaranlar…

67 Baxış

yaqut-huseynovaYaqut Hüseynova

Kimliyini axtaranlar…

    Elə mövzular var ki, nə qədər müzakirə olunsa da, daha doğrusu ən çox müzakirə olunan mövzu və problemlər olsa da nə bir konkret nəticəsi var, nə də bir cavabı. Məhz yazacağım mövzu kimi…

Bu günlərdə sosial şəbəkələrin birində şəkil paylaşılmışdı. Çox maraqlı və düşündürücü mənzərə əks olunmuşdu. Cəmiyyətin acı gerçəkliyi vurğulanırdı.

Şəkildə qəribə mağaza təsvir edilmişdir. Mağazanın vitrin və rəflərində müxtəlif simanı əks etdirən çoxlu sayda başlar düzülmüşdür. Alıcı isə rəflərdəki başlardan hansını seçəcəyini bilməyən BAŞSIZ BƏDƏN idi. Şəkildəki mənzərə mənə çox təsir etdi. Eyni zamanda düşüncələrimə çözüm tapmağa çalışdım. Hətta bir atalar sözümüzü də xatırlatdı mənə: “Axtaran tapar”. Amma özümə də gülməli göründü bu xatırlatmam. Çünki yanaşma tamam fərqli idi. Başsız bədənin əlindəki səbəti dolduracaq qədər rəflərdən baş axtarması, seçməsi çirkli xislətini gizlətmək, var olmayan “varlığını” xarici vizuallıqla yaratmaq istəməsindən başqa bir şey deyildi. Xarici vizuallıq heç vaxt insana cəmiyyətdə həqiqi ehtiram , sevgi və hörmət gətirə bilməz. Əksinə, bunu edənlərin iç dünyasının bataqlıqdan ibarət olduğunu anladır hər kəsə. Bir də xarici vizuallıq mənəviyyatı zəif , yaxud da mənəviyyatı olmayan gözləri aldada bilər!!! Cəmiyyət, təəssüflər olsun ki, xarici vizuallığı önəmsəyir. Bəşəriyyətin ümumi bəlası da budur. Bəlkə də həqiqəti susdurmaq üçün dırnaqarası cəmiyyətin “yüksəlişlərinin” təminatıdır belə yaşam. Hər addımda şəxsi mənfəətlər önə çəkilir, ümumi mənafelər tapdanaraq yox edilir.

KİMLİK… Var olmanı sübut edən önəmli məqam və atributdur! Məişətdə işlətdiyimiz əşyaların çoxunun belə sənədi olur. Aldığımız zaman orijinalı saxtadan seçməyə çalışırıq. Ağrılı və təzadlı məqama yol açır qələmim. Belə mövzuda yazdıqca qəribə bir vahimə duyuram. Bəlkə də , ALLAH eləməmiş elə bir zaman gələcək ki, Yer üzünün əşrəfi adlandırılan və bütün mənəvi gözəlliyi ilə təcəssüm edən İNSAN sözünə lüğətlərdə rast gələcəyik. Dünyada, cəmiyyətlərdəki bugünkü hadisə və proseslərə nəzər salsaq, bu bəlanın qaçılmaz olduğunu görərik. Əşyaların belə sənədləri olduğu halda, insanların çoxu kimliklərini müəyyənləşdirə bilməyib, yaxud da geyindiyi maskalar məhv edib varlıqlarını!

MASKALANMAQ… CİLDDƏN CİLDƏ GİRMƏK… Məncə öz yolu və düşüncəsi olmayanlar belə edir həmişə. TƏQLİD edərək yaşayırlar. Çünki özləri mövcud deyil, yaxud da özlərini yarada bilməyirlər. Problemdən doğan faciə isə budur ki, artıq belələri daşıdıqları maskaların öldürdüyü kimliklərini, əvvəllər kim olduqlarını, ən əsası dünyaya hansı cilddə gəldiklərini xatırlaya bilməyir!!!

Tarixin səhifələrinə diqqət yetirsək, heç vaxt mövcud olmayan vətənini, kimliyini axtaran “toplum” və “xalqları” da görmək olar. Qondarma “həqiqətlər” ində, başqa dövlətlərin qulu, köləsi olaraq, murdar varlığını sübut etməyə çalışan mənfur düşmənlərimiz ermənilər kimi!..

KİMLİYİMİZİ unutmayaq, XİSLƏTİMİZİ dəyişməyək! Bizi izah edəcək iç dünyamızı olduğu kimi yansıdaq, bir simamız olsun! Taxdığımız saysız – hesabsız maska və üzlərimizlə çaşdırmayaq özümüzü! İNSAN kimi yaşayaq. Son nəfəsdə, kəfənə büküləndə yadımıza düşməsin RƏBBİMİZİN buyurduqları! Əməllərimizlə adına fani dedirtdiyimiz dünyadan müttəhimlər tək ayrılmayaq!..

Cibran Xəlil Cibranın TANRI sevgisi və insanlıq haqda söylədiyi bir kəlmənin nuruyla bitirmək istəyirəm. O deyirdi: “TANRI – ağıl dünyasının vicdanıdır!”