Kino bizə nə deyir? – “Günahsız”      

71 Baxış

inconnet

Ceyhun Mirzəli

 

XIX  əsr ədəbiyyatında qadın-kişi münasibətləri haqqında bir çox bədii əsərlər yazılıb. Tolstoyun “Dirilmə”, Şarlotta Brontenin “Ceyn Eyr” romanlarında və başqa bədii əsərlərdə bu mövzu işlənilib. İtaliyan yazıçı Qabriel de Annunsonun “Günahsız” romanı da, bu mövzudadır.                          

Lukino Viskonti 1976–cı ildə  romanı eyniadla ekranlaşdırdı. Bu rejissorun sonuncu filmi oldu. Filmdə ər-arvad olan Tuliyo Hermil (Giancarlo Giannini) və Culiyana Hermil (Laura Antonelli) arasında baş verən münasibətlər daha çox cəmiyyətdəki proseslər konteksində göstərilib. Filmdə zadəgan təbəqəsinin həyat tərzi xüsusi şəkildə əks etdirilib. Tuliyo zadəgan olsa da, zadəgan qayda-qanunlarına tabe olmayan, toplumdakı əxlaq qanunlarına qeyri-ciddi baxan şəxsdir. Onun həyat yoldaşıyla münasibətlərində sevgi hissi tamamilə yox olur. Tuliyo özünü ona dost kimi göstərməyə çalışsa da, burada o qədər də səmimi görünmür. Məşuqəsi Tereza Raffoyla olan münasibətlərini Culiyanaya açıq şəkildə danışır. Onu çox ağır mənəvi durumla üz-üzə qoyur.

Film boyu klassik musiqinin müşayiətiylə, biz cəmiyyətin mənəvi çürüklüyünü görürük. O dövrün yazıçısı Dorborya şöhrətiylə bir çox qadınların rəğbətini qazanır. Dobroya Culiyanayla münasibətləri yaranır.  Tuliyo evində onun kitabını görəndə qəzəblənir. O həyat yoldaşını qısqanmağa başlayır. Bu zaman onda anlaşılmaz vəziyyət yaranır. Tuliyo sevmədiyi xanımını sevməyə cəhd edir. Bundan sonra onlar yasəmənli villaya gedirlər. Lakin Tuliyo Culiyanaya qarşı özündə sevgi yarada bilmir.

Culiyananın Dorboryadan hamilə qalması vəziyyəti daha da, dramatikləşdirir. Bu zaman Tuliyonun içindəki nifrət hissi daha da alovlanır.  Tuliyo qılıncoynatma idmanıyla peşəkar şəkildə məşğul olur. Qardaşı Federiko ondan bu işdə özünə kömək istəyir. Qardaşıyla ilə məşq edən zaman az qala onu öldürsün. Buna səbəb onun yazıçı Dorboryoya olan nifrətinin onun bütün düşüncəsinə hakim kəsilməsinə bağlı olur.  O daha sonra qardaşının köməkliyi ilə Dorboryo ilə görüşmək istəyir. Lakin Dorboryonun Afrikada tropik xəstəliyə düçar olması bunun qarşısını alır. Yağışlı bir gecədə Culiyananın körpəsi dünyaya gəlir. Bu zaman Tuliyo arvadınını günahsız körpəni niyə vaxtında öldürmədiyini soruşur. Culiyana isə körpəyə nifrət etdiyini söyləyir. Bir müddət Culiyana körpədən uzaq durur. Daha sonra ona yaxınlaşıb əzizləməsi Tuliyonu özündən tamam çıxardır.

Mildad bayramı günü bütün ailə kilsəyə ibadətə gedir. Tuliyo dinə mənfi münasibət göstərməsi üzündə bu dini mərasimdə iştirak etmir. Elə bu zaman körpəni öldürmək üçün fürsət tapa bilir. Evdəki qulluqçunu kilsəyə göndərərək özünün məqsədini həyata keçirir. Körpəni qar yağan zaman pəncərini açıb onun qarşısına qoymaqla onu soyuqdan öldürür. Bundan sonra insanlar evə qayıdırlar. Körpənin ölümünü bilən ana Culiyana buna görə ərini ittiham edir. Tuliyo bu zaman özünə bəraət qazandırmaq üçün Culiyananın sağ olarkən körpəyə nifrət etdiyini ona xatırladır. Culiyana bu zaman anlaşılmaz şəkildə özünü müdafiə etməyə çalışır. Bu körpə hər iki tərəfin ehtiraslarının qurbanı olur. Dollayı yolla bu da cəmiyyətlə bağlı olur. Əslində bütün bu hadisələrin ifrat şəkildə cəmiyyətlə bağlanması bir o qədər də məntiqli görünmür. Sanki film boyu tərəflərə bu səbəbdən haqq qazandırılır.

Tuliyo sonunda tamamilə çıxılmaz duruma düşür. Bütün olanları öz məşuqəsi Tereza Rafoya danışarkən “Yer üzərindəki heç bir məhkəmənin məni mühakimə etməsinə haqqı yoxdur” – deməsi onun dünyaya olan üsyanını göstərir. O son ana qədər özünü günahkar saymır. Böyük mənəvi iztirablardan sonra “Bu hələ son deyi” – deyərək özünü tapançayla vurub öldürür.

Yuxarıda qeyd etdiyimiz kimi XIX əsr ədəbiyyatında qadın-kişi münasibətlərinə həsr olunmuş romanlarlar yazılıb. “Günahsız” romanı əsasında çəkilən eyniadlı filmdə Tuliyo “Dirilmə”dəki Nexlyudov və yaxud “Ceyn Eyr”dəki mister Roçester kimi heç bir mənəvi yüksəkliyə çata bilmir. Hər şeyə nifrət edərək dünyadan gedir.

 

 

 

 

 

Bölmə : Bölməsiz
KÖŞƏ YAZARLARI
TOP 10