Kino bizə nə deyir?- “Günah küçəsi”

15 Baxış

Ceyhun Mirzəligünah küçəsi

Kino bizə nə deyir?- “Günah küçəsi”

Dünya kinosunun inkişafı tarixində Fritz Lanqın özünəməxsus rolu olmuşdur. Onun filmlərində əsas mövzu cinayət və təhtəlşüurda gedən proseslərdir. Onun bu motivdə olan örnək filmlərindən biri “Günah küçəsi” filmidir.

Həyatda arzularına çata bilməyən adi bank kassiri olan Kristofer Kross (Edvard G Rabinson) öz rəhbərinin ad günündən qayıdarkən bir qadının öldürülməsinin qarşısını alır. Gənclik dövründə sevgi məsələsində bəxti gətirməyən Kristofer Katerina adlı həmin gənc qadınla bu yolla tanış olur.

Kristofer kifayət qədər sadəlövh insandır. O, evində də rahat yaşaya bilmir. Həyat yoldaşı Adel tərəfindən işlədilir. Gəncliyində rəssam olmaq istəyən, lakin bu arzusuna çata bilməyən Kristofer yalnız həvəskar rəssamlıq edərək vaxtını keçirir. Lakin xanımı onu heç cür anlamaq istəmir. Buna görə də Katerina sanki Kristofer üçün yeni bir şans olur. O, alınmayan həyatını yaxşı formada davam etdirmək üçün bu sevgi oyununda aldanmış şəkildə iştirak edir.

Katerina isə tənbəl həyat tərzi keçirən biridir. Onun öz psixologiyasına uyğun olan Conni ilə yaşayır. Conni də, eyniylə Kristoferın arvadı kimi sənətdən anlamayan biridir. Burada maraqlı çarpaz münasibətlər yaranmağa başlayır.

Katerina işləmədiyinə görə Conninin köməkliyi ilə Kristoferdən pul qopara bilir. Kristofer də sadəlövh olduğundan bankdakı pullarını onun yolunda xərcləyir. Daha sonra isə onun rəssamlığından istifadə etməyə başlayırlar. Katerina və Conni cütlüyü bu işin də öhdəsindən məharətlə gəlirlər.

Film boyu cinayətə yönələn süjet xətti aydın şəkildə sezilməkdədir. Kristoferin arvadı bir gün onun çəkdiyi şəkillərdən birinin qalereyada satıldığını görür. Bu, Kristoferi Katerinanın yaşadığı evə yönəldir. Lakin gözlənilən cinayət baş vermir. Buna səbəb Kristoferin sirli şəkildə Katerinaya inanması olur.   Kristofer Katerina ilə ailə qurmaq xəyaları ilə yaşayır. Hadisələr məntiqi sonluğa doğru gedir. Adelin qeyb olmuş əri ortaya çıxır. Kristofer onunla görüşür. Onun pula ehtiyacı olur. Adelin onun öldürülməsi üçün yığdığı 2000 sığorta pulunu ona verir. Kristofer Adeldən yaxasını qurtarmaq üçün onu evə gətirir. Özü isə Katerinanın yaşadığı evə gedir. Bu an Kristofer aldadıldığını  öyrənir. Katerinanın “çirkin”, “qoca” deməsi isə “onu” həyacanlandırır. Evdəki bıçağı götürərək onu öldürür. Bununla filmdə gedən məntiqli cinayət motivi tamamlanır.  Cinayətə görə isə Katerinanın sevgilisi Conni həbs olunur. Sanki bununla Kristoferin qisası alınır.

Qulağında Katerinanın “Conni, mən səni sevirəm” sözlərinin səslənməsi Kristoferi dəhşətə gətirir. Özünü asıb öldürmək istəyir. Lakin alınmır. O, pul məsələsinə görə işindən də olur. Nəticədə səfil həyat sürməyə başlayır.

Nəticə- İyirminci əsrdə psixoanaliz dünya ədəbiyyatı və kinosunda mühüm rol oynamışdır. “Günah küçəsi” filmi bu cəhətdən bir nümunədir. Filmdə insanların bir-birlərinə olan münasibətində bunu sezmək mümkündür. Kristofer mərkəzi personaj olaraq öz ehtiraslarının və sadəlövhlüyünün qurbanı olur. Həyat onu sonda səfil vəziyyətə salır. Katerinanın ölümü, Conninin həbs olunmasını isə cinayətkarların cəzasız qalmadığı kimi qəbul etmək olar.