Kinorejissor Rasim İsmayılovun şəxsi arxiv fondu yaradılır

0 Baxış

hg

Azərbaycan Dövlət Film Fondunda Əməkdar incəsənət xadimi, Dövlət Mükafatı laureatı kinorejissor, kinooperator Rasim İsmayılovun şəxsi arxiv fondu yaradılır.

AZƏRTAC xəbər verir ki, fonda görkəmli sənətkarın nadir fotoşəkilləri, əlyazmaları və s. arxiv sənədləri daxildir. Arxiv materialları sənətkarın həyat yoldaşı, Əməkdar jurnalist Nadejda İsmayılova tərəfindən təhvil verilib.

Əməkdar incəsənət xadimi Rasim İsmayılovun arxiv fondunun yaradılması sənətkarın 85 illik yubileyinə ithaf olunur.

Qeyd edək ki, Rasim İsmayılov 1936-cı il iyulun 13-də Bakıda anadan olub. 1958-ci ildə Bakı kinostudiyasında operator assistenti olub. 1958–1962-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Operatorluq fakültəsini bitirərək, “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator işləməyə başlayıb. 1963–1978-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında quruluşçu operator kimi, 1977-ci ildən isə quruluşçu rejissor kimi bir neçə bədii film çəkib. O, 2004-cü il mayın 5-də vəfat edib.

Rasim İsmayılov “Yaşamaq gözəldir, qardaşım”, “Torpaq, dəniz, od, səma”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Gün keçdi”, “Nəsimi”, “Dədə Qorqud”, “Xoşbəxtlik qayğıları”, “Babək” və s. filmlərin quruluşçu operatoru olub. “Şir evdən getdi”, “Asif, Vasif, Ağasif”, “Sizi dünyalar qədər sevirdim”, “Alman klinikasına şəxsi səfər” və s. bədii filmlərin rejissorudur. R.İsmayılov Azərbaycanda animasiya televiziya filmlərinin yaradıcılarından biridir. O, “Danışan işıqlar” və “Qırmızılar, qaralar və başqaları” animasiya filmlərinə də quruluş verib.

Bölmə : Kino, Sənət