Kirlənmiş sevgilər, saf ayrılıqlar… – Cəlil Cavanşir

104 Baxış

4f0689c48a1f26b48ebfa887f1c47a24

 

Kirlənmiş sevgilər, saf ayrılıqlar…

 

indi sən,

əllərini harda gizlədirsən ki,

üşüməsin,

indi sən

bu ayrılığın harasında darıxırsan,

ki öpüşlərim yadına düşməsin?

 

ah talesiz sevgilim mənim,

yəni keçmiş sevgilim,

hələ də sevdiyim…

gülüşlərin heç dəyişmədi,

saçların hələ də iyirmi beş yaşında,

heç solmadı gözlərin,

yorulmadın, yaralanmdın, ağrımadın.

getdin, heç arxana baxmadın.

yeni bir oyuna başladın, üzün gülsün

yeni bir sevdaya tutuldun, böyüsün,

yeni həyatın olsun, yeni sevgilin olsun

yeni yalanlar öyrənsin dilin

Ah talesiz sevgilim mənim…

 

indi sən

bakirəliyini itirmiş bədənini harada gizlədəcəksən ki,

ağrı çəkməsin?

indi sən

yaralanmış ruhunu necə qoruyacaqsan ki,

daha da çirklənməsin?

ah unudulmuş sevdam mənim

saçlarını dağıdırmı bakı küləyi?

yenə də hər ay eyni ağrılarla qıvrılırmı bədənin?

gerçəkdən, nə idi dərdin?

üç yüz min əlli altıncı dəfə soruşuram:

–       niyə getdin?

üzdün sevdiyim, çox üzdün.

üzün…

üzün yenə də hüzn dilində yalan danışırmı?

bədənin yeni bədənlərə alışırmı?

baxışlarındakı ağrını gizlədirmi kosmetikan?

indi hansı sabahlara oyanırsan?

indi kimə “günaydın” yazırsan?

 

indi sən

yeni sevdanın yeni aylarında yenilmiş adamsan

indi neçənci sevgilinə dəlicəsinə bağlanmısan?

indi sən,

mənim unutduğum yerlərdə donursan,

bir içki xumarında keçmiş xatirələrə dalırsan

indi sən,

bəlkə də yeni sevgilinə məni danışırsan

məni parça-parça yad bədəndə unudursan…

 

ah yorğun sevdaların qorxaq yolçusu

lütfən, yeni sevgilin çox sevsin səni

sən çox sevilincə xoşbəxt oyanırsan yuxudan,

ümidli qalxırsan yataqdan

sən sevilincə ərköyün, dəcəl olursan.

nə olar yeni sevgilin pis adam olmasın,

yəni səni getməyə qoymasın

darıxsın sənin üçün, çox darıxsın, lütfən darıxsın

yollarına baxsın, küçələrdə qarşına çıxsın, sonra daha çox darıxsın

yəni çox sevsin səni, çox sevsin və sonra yenə çox sevsin

“canım” desin, “qızım” desin, “əzizim” desin…

bir də çox sevsin…

məndən daha çox sevsin…

 

indi sən

hansı qapının kandarında çıxarırsan ayaqqabılarını?

indi hansı divana uçur çantan?

hansı balkonda ananla danışırsan?

indi sən

hansı yataqda axşamın düşdüyünə üzülürsən?

indi sən

ən səfeh şeylərə kiminlə gülürsən?

 

ah ürkək baxışlım, ruhu yaralanmış qadınım

bir diz tap başını qoymağa,

bir əl tap yapışmağa,

bir adam tap yalanlar danışmağa

bir çiyin tap sığınmağa…

heç kəsin bilmədiyi gizli yerlərdə kirlən,

təkliyinin içində gizlən

yanındakı başqa bədənlər isitdikcə səni

paklığın solduqca, məsumluğun çəkildikcə üzündən

öyrən, fərqli bədənlərlə ovunmağı,

fərqli dodaqlarla öpülməyi öyrən…

 

indi sən,

günün ən soyuq saatlarında dizlərini qucaqla,

bir xatirə tap yaddaşının küncündən,

varaqla…

indi sən,

durmadan, dayanmadan, yorulmadan səni düşündüyümü bilirsən,

indi sən,

yaşının sevmək və unutmaq çağındasan,

indi sən eşqin uzun sürmədiyinə inanırsan,

indi sən

aldanırsan…

və mən bütün mövsümlərdə unudulmuş, atılmış ruhumla

bütün gecələri ağlamaqla ovuduram özümü

itib günlərimin düzümü…

 

və mən bütün gecələri səni düşünürəm

ağrıyan və ağlayan gözlərimlə

yavaş-yavaş qızınıram sənli xatirələrlə,

əllərinçün darıxıram

indi daha çox özümlə danışıram, özümlə…

 

indi sən

bütün sevgilərin uzağındasan…

yəni yoxsan…

yəni, olmayacaqsan…

 

 

 

 

 

 

 

USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10