Kitab festivalı başlandı

131 Baxış

25

Mayın 6-da Filarmoniya bağında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) təşkilatçılığı ilə “Kitab bayramı-2015” adlı tədbir keçirilib. Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilib.

Tədbiri giriş sözü ilə BŞMTİ-nin rəhbəri Əlikram Əliyev açıb. O, Kitab Bayramının artıq ənənəyə çevrildiyini, bu bayramın hər il paytaxtımızın kitabsevərlərinin böyük marağına səbəb olduğunu deyib.

Daha sonra çıxış edən şair Vaqib Bəhmənli Kitab Bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Xalq şairi Sabir Rüstəmxanlı Kitab bayramını yüksək qiymətləndirdiyini qeyd edib. O, bu tip tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyindən danışıb.

Kitab bayramında “Kitabevim.az” Mağazalar şəbəkəsi, “Hədəf”, “Qanun”, “Qələm” “İpək yolu”, “Ali və Nino” kitab mağazası kimi 22 tanınmış  nəşriyyat və mağaza iştirak edib.

Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən Moskvada nəfis tərtibatla nəşr edilmiş 126 müəllifin 309 adda rus dilində kitabı paytaxtımızın kitabxanalarına hədiyyə edilib.

“Kitab bayramı-2015” çərçivəsində “Canlı klassika-2015” gənc qiraətçilərin beynəlxalq bədii qiraət müsabiqəsində iştirak etmək üçün milli seçim mərhələsinin qaliblərinin mükafatlandırma mərasimi də keçirilib. Səbail Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin oxucusu Svetlana Mustafayeva, Nizami rayonundan Fərhad Rüstəmov, Binəqədidən Nicat Əhmədov qalib seçiliblər. Müsabiqənin beynəlxalq onlayn final mərhələsi mayın 15-dək həyata keçiriləcək və qaliblər iyun ayında Moskvada keçiriləcək “Canlı klassika-2015” yarışmasında ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, “Kitabevim.az” Mağazalar şəbəkəsi 120 adda kitabla sərgiyə qatılıb. Tədbir işitrakçıları “Hədəf” Nəşrləri və “XAN” nəşriyyatına aid kitabları endirimli qiymətlərlə əldə edə bilərlər. Bununla yanaşı Kitab bayramında saat 15:00-da yazıçı Şəmil Sadiqin, 16:00-da isə detektiv yazıçı  Müşfiq XANın imza mərasimi keçiriləcək.

KÖŞƏ YAZARLARI
TOP 10