Kitab insan həyatını necə dəyişə bilər?

77 Baxış

Qalib Cəlil“Mütaliə etmək- yaxşı kitab, yaxşı süjetli əsər insanın taleyində dəyişiklik də eyləyə bilər. Məsələn, S.Rəhimovun “Mehman” əsərini oxuyandan sonra gənclər o dövrdə müstəntiq sənətinə, BDU-nin hüquq fakültəsinə çox böyük axın etdilər”. “Məşhur oxucu”nun növbəti müsahibi Qalib Cəlil kitabın həyatda istiqamətverici bir qüvvə olduğunu düşünür. Bəs bu gün necə belə əsərlər yazılırmı? Ədəbiyyata xüsusi maraq göstərən, həvəskar yazıçı olan “Məşhur oxucu”muzun fikirlərini təqdim edirik.

-      İşiniz haqqında qısa məlumat verərdiniz. İşiniz mütaliə etməyinizə mane olur, yoxsa əksinə? 

-      Hal-hazırda Azərbaycan Texniki Universitetində təhsil alıram. İmkan tapdıqda, çalışıram ki, mütaliə edim.

 

-      Sonuncu dəfə hansı kitabı almısız və son oxuduğunuz kitab? 

-      Sonuncu dəfə Onore de Balzakın “Qorio ata” kitabını almışam və son oxuduğum kitab isə Kənan Hacının “Ədəbiyyatın kulisi” kitabıdı. 

 

-      “Yaxşı kitab insanda yaşama ruhunu, inamı artırır”- deyirlər. Siz necə düşünürsünüz?

-      Bu fikirlə razıyam. Həm də həyat yolunu istiqamətləndirir, insanın düşüncə tərzini dəyişir. Ümumiyyətlə, mütaliə etmək- yaxşı kitab, yaxşı süjetli əsər insanın taleyində dəyişiklik də eyləyə bilər. Məsələn, S.Rəhimovun “Mehman” əsərini oxuyandan sonra gənclər o dövrdə müstəntiq sənətinə, BDU-nin hüquq fakültəsinə çox böyük axın etdilər. Yəni, o istiqamətverici bir qüvvədi. Kitab oxumaq insanın həyatının istiqamətini yönəldə bilir.

 

-      Bu gün hansı əsərin “Mehman” əsəri kimi təsirli ola biləcəyini düşünürsünüz? Varmı elə əsər?

-      Oxuduqlarım arasında belə əsər yoxdu. Yəqin ki, gələcəkdə bu reallaşacaq.

 

-      Müasir texnologiyanın insan intelekti və təhsili üzərində dominantlıq etməsi bir həqiqətdir. Sizcə, bunu necə uzlaşdırmaq lazımdır? Siz bunun öhdəsindən necə gəlirsiniz?

-      Yeni texnologiyalardan istifadə edirəm. Amma o mənim həyatımın bir mənası deyil. Ona həyatımın mənası kimi baxmıram. Onsuz yaşaya bilmərəm yox. Amma o da bir köməkdi.Məsələn, nə isə lazımdı,axtarıram tapıram. Müəyyən ehtiyacları,elmi məlumatları… Amma ona aludə olmaq. O yoxdusa,məndə yoxam həyatda. Yox bu,heç də belə deyil.

 

-      Uzaq yol gedərkən vaxtınızı necə dəyərləndirirsiniz? Yolda kitab oxuma vərdişiniz varmı?

-      Musiqi dinləyirəm və kiçik həcmli kitablar olanda oxuyuram. Çünki, yolda xoşlamıram kitab oxumağı. İctimai nəqliyyatda olanda az-az kitab oxuyuram. Yolda musiqi dinləməyi çox sevirəm.

 

-      Oxuduğunuz əsərlərdə hansı qəhrəman Sizə ruhən daha yaxın olub?

-      Məsələn, S.Rəhimovun “Saçlı” romanında Rüxsarə, M. Hüseynin “Yeraltı çaylar dənizə axır” əsərində Səmirə obrazını, S. Rəhimovun “Mehman” əsərində Mehman obrazını xoşlamışam.

 

-      Əgər bir əsər yazsa idiniz, mövzusu nə olardı?

-      Həyat.

 

- “Məşhur oxucu”lar arasında daha dolğun cavabları kim verib, Sizin fikrinizcə?

-Mənim fikrimcə, “kitabevim.az” mağazasının unudulmaz siması Tariyel Əliyev.

 

-      Siz “Məşhur oxucu”da kimi görmək istərdiniz? Səbəbi

-      Mən “Məşhur oxucu”da Nicat Həşimzadə və dostum Cavanşir Muradovu görmək istəyərdim. Mənim fikrimcə, onların fikirlərini oxumaq mənə çox zövq verəcək, həm də oxucular çox bəyənəcək. ”Məhşur oxucu” rubrikasına uğurlar arzu edirəm. Uzunömürlü olsun.

 

-      Oxuduğunuz hansı kitabları gənclər üçün tövsiyyə etmək olar?

-      İlyas Əfəndiyevin “Kənddən məktublar”, M.Hüseynin “Yeraltı çaylar dənizə axır”, Salam Qədirzadənin əsərlərini, lirikadan Nəriman Həsənzadə, Səməd Vurğunun “Komsomol” poeması, müasirlərdən Müşfiq Xan, Mirmehdi Ağaoğlu, Qanturalı, Kənan Hacının əsərlərini gənclərə tövsiyyə edərdim.