Kitab oxumaq sizi bu xəstəlikdən qoruyur

144 Baxış

o-READING-BOOK-facebook

 

Mütaliənin əlavə təsiri

 

Kitab oxumağın faydası nədir?

Sanki axmaq suala oxşayır – biz ya bilik əldə etmək, ya da sadəcə asudə vaxtımızı dəyərləndirmək üçün oxuyuruq. Əslindəsə mütaliənin bu aydın faydalarından başqa “bonus”ları da var.

Biz mütaliəni daha çox məşğuliyyət kimi qəbul edirik, amma bu, həm də neyrofizioloji prosesdir. Kitab oxumaq orqanizmimiz üçün bədən təbiyəsi və ya məsələn, ətirli çay içmək kimi müəyyən təsirə malikdir. Onda nəyə görə məşq və ya əksinə, istirahət məqsədilə mütaliənin mümkün təsirlərindən istifadə etməyək?!

 

Mütaliə beyni tonusda saxlayır

 

            Kitab oxumaq beyin üçün kompleks şəkildə isinmə hərəkətinə meydan yaradır. Film seyr etmək və ya mühazirə dinləmək belə güclü effekt verə bilmir. Fikir dağınıqlığı və başqa bu cür narahatlıqlardan əziyyət çəkməyən insanlar üçün bu məşğuliyyət çox sadə gələ bilər. Amma neyrobiologiya nöqteyi-nəzərindən mütaliə nə oxunmasından asılı olmayaraq həddindən artıq çətin prosesdir.

Mütaliə bacarığı insanda şifahi söhbət etmək və anlamaq kimi keyfiyyətlərə nəzərən çox da dərində gizlənməyib. Yazmaq və oxumaq insan beyninin ən müasir formaya düşməsindən sonra yaranıb, odur ki, onun bu funksiyalar üçün xüsusi sistemi yoxdur.

Beyin mütaliənin öhdəsindən gəlmək üçün müxtəlif zonalarını formalaşdırmalı olub: görüntü və hərəkət qabıqları, danışıq və eşitmə mərkəzləri (səsli deyil, daxildə oxumağımızdan asılı olmayaraq), beyincik, yaddaşa cavabdeh olan göz qişasındakı limb sistemləri və s. Təkcə sözdəki hərflərin rabitəsi və tanınması, sonra mənasının qavranılması prosesi beynin səkkiz sahəsini və onlar arasındakı neyron əlaqələrini aktivləşdirir.

 

 

Mütaliə diqqət və yaddaşı məşq elətdirir, Alsheymerdən qoruyur

 

Biz beyni gündəlik yüklənmələrə məruz qoymaqla neyronların (beynin boz mayesini təşkil edən sinir blokları və onlar arsındakı sahələr – sinapsların) iş vəziyyətinə minimum dəstək vermiş oluruq. Əgər bütün bunlarla yanaşı nəsə yeni şey öyrəniriksə, onda beynimizdə yeni neyron sahələri yaratmağı bacarırıq. Deməli, mütaliə prosesində müntəzəm olaraq neyron və sinaps “açmaq”la onların cavabdeh olduğu funksiyaları dəstəkləyirik. O cümlədən, diqqət və yaddaşı. Ahıl yaşda ən çox zərər görən və məşqə meyilli olan da məhz bunlardır.

Elmi tədqiqatlar göstərir ki, erkən və orta yaş dövründə intellektual məşğuliyyətə həddindən artıq meyillilik qocalıqda Alsheymerə tutulma riskini minimuma endirir. Daha güclü təsirə yetişmək üçün intellektual məşğuliyyət rəngarəng olmalıdır. Kitab oxumaq o qədər sadə, eyni zamanda elə təsirli variantdır ki, onu heç çəkinmədən “baza” məşğuliyyət kimi götürmək, üstəlik, xarici dil öyrənmək, şahmat oynamaq, krossvord və tapmaca kimi fəaliyyətlərlə gücləndirmək olar.

 

 

Əsas davamiyyətdir, əgər tamamilə marağınız çərçivəsində kitablar seçsəniz, onda gündəlik mütaliə “məşq”iniz əsl sevincə çevriləcək!

Yaşadığımız informasiya dövründə diqqət məşğələləri hər kəsin işinə yarayır. Və əgər siz mütaliəni sırf diqqət məşğələsi üçün edəcəksinizsə, onda kağız kitablar seçməyiniz məsləhətdir, çünki onlar elektron vasitələrdən fərqli olaraq diqqətinizi başqa (əslində, gərəksiz) resurslara ilişib qalmaqdan qoruyur.

 

Mütaliə bizə başqa dünyaların atmosferinə düşməkdə kömək edir!

 

Bədii ədəbiyyat oxuyarkən təxəyyülümüzün gücü kitabda bəhs edilənləri duymağımıza şərait yaradır. Tədqiqatlar göstərir ki, oxucunun beyni həmin hadisələri gerçək həyatdakı kimi qavrayır, yadında saxlayır və gərəkli reaksiyalar düşünür. Məsələn, “kofe” sözünü oxuyarkən beynimizin bu predmetə reaksiya verən sahəsi aktivləşir və biz sanki kofe ətrini belə duya bilirik. Oxuduqlarımızın beynimizə təsiri, hətta kitabı bağlayıb gerçək həyata qayıdanda da davam edir. Bu məsələ ABŞ-ın Emori Universitetində aparılan araşdırmalarda öz sübutunu tapıb. Orada tələbə-könüllülər on gün hər gecə kitab oxuyub, hər səhərsə onlara beynin maqnit-rezonans tomoqrafiyası edilib. Emori Universitetinin tədqiqatçıları sınaq mütaliə üçün Robert Harrisin “Pompey” romanını seçiblər. Bu əsər kəskin dramatik süjetinə görə oxucunun diqqətini sonadək gərginlikdə saxlayır. Təcrübə müddətində tələbələrin beyninin müxtəlif sahələrində aktiv əlaqələndirici bağlar müşahidə olunub – tədqiqatçılar bu təzahürü şərti olaraq “yüksələn səlislik” adlandırıblar. Yüksələn səlislik təkcə nitqə aid olan sahələrdə deyil, eyni zamanda, somatosensor və hərəkət funksiyalarını həyata keçirən bölgələrində yaranıb. Bu sahələr fiziki duyğular haqqında təsəvvürlərimizin yaranmasında iştirak edir, məsələn, biz qaçışı təsəvvür edərkən, beynimizdə həqiqətən qaçanda yaranan neyronlar aktivləşir.

Romanın hadisələrini təsəvvür edərkən biz sanki onları sözün əsl mənasında özümüz yaşayırıq.

            Maraqlıdır ki, müşahidə olunan “yüksələn səlislik” mütaliənin bitməsindən beş gün sonra da beyində öz təsirini saxlamağa nail olub. Bu elmi təcrübənin aparıcı müəlliflərindən biri neyrobioloq Georgi Berns bunu “əzələ yaddaşı” təzahürü ilə eyniləşdirib. Təsirin nə qədər uzun sürə bilməsi hələ məlum deyil. Bəs bu cür dərin təxəyyül gücünün praktiki faydası varmı? Əlbəttə, var. Bu barədə daha geniş tədqiqatlar mövcuddur.

 

main-qimg-77777c3ccaccce4bc998eea87939600b-c

Mütaliə başqa insanları anlamağımıza yardım göstərir!

 

Psixologiya və neyrofiziologiyada “şüur nəzəriyyəsi” (“Theory of Mind”) adlanan bir anlayış var. Bu termin özgə sarsıntıları özününkü kimi qavramaq və başqa insanların davranışlarını proqnozlaşdırmaq məsələsini aydınlaşdırır. Kimin üçünsə bu bacarıq yüksək dərəcədə doğmadır, başqasına görə empatiyadan yaranan asılılıq və fərqli insanlarla qarşılıqlı münasibət təcrübəsi deməkdir.

Amerikalı psixoloqlar Devid Komer Kidd və Emanuel Kastano 2013-cü ildə sübut etdilər ki, bədii ədəbiyyat oxumaq yad şüuru anlamaq bacarığını inkişaf etdirir. Əsas şərt budur ki, oxunulan kitab keyfiyyətli ədəbiyyata aid olsun. Eksperimentin minlərlə iştirakçısına qiymətini artıq almış ədəbi nümunələr, yüngül, kütləvi kitablar və elmi-fantastik romanlardan hissələr oxumaq təklif edilib. Birinci siyahı üçün son dövrlərin beynəlxalq ədəbiyyat mükafatlarını almış kitablar, ikinci siyahı üçünsə Amazonun bestsellerlərini seçiblər. Mətnlər müxtəlif tərkib və mövzudan ibarət olub. Təcrübənin iştirakçıları mətnləri oxumağa başlayandan sonra, psixoloqlar onların özgə şüuru necə anladıqlarını yoxlayıb. Eksperimentin müəllifləri bu məlumatları böyük ədəbiyyatda hər şeyin həyatdakı kimi olduğuyla izah edirlər: qəhrəmanlar mürəkkəb şəxsiyyətlərdir, onların daxili dünyalarısa bir obraz vasitəsiylə oxucu üçün tamamilə açılmağa kifayət etmir. Oxucu qəhrəmanı təhlil etməli olur, ya da başqa cür desək, intellektual əmək və yaradıcı düşüncədən istifadə edir. Uydurulmuş qəhrəmanlara qarşı anlayış göstərmək təcrübəsini sonradan gerçək həyata daşıyır.

Bəhs etdiyimiz eksperiment həm də bizim fiziki olaraq həmin obrazlara alışdığımızı göstərdi.

 

Mütaliə stressi götürür

 

Gerçəklikdən qopma effektinə görə mütaliə stressi gəzinti və musiqi dinləməkdən də yaxşı aradan qaldırır. Üstəlik, kitab oxumağa əlində bir fincan çay və ya kofe ilə otursanız, təsir lap tez və güclü olar. Bu məqamda nə oxuduğunuzun elə də fərqi yoxdur: Pulitser mükafatı almış hansısa roman və ya bəsit detektiv kitab eyni təsirə malikdir. Əsas odur ki, mütaliə sizi özünə çəksin.

2009-cu ildə Böyük Britaniyanın Sasseks Universitetində maraqlı bir təcrübə keçirilib. Əvvəlcə könüllülər qrupunun stressini süni şəkildə qaldırıb, sonra onlara gümrahlaşmaq üçün bir neçə vasitə təklif edib, ardınca stressin dərəcəsini ölçüblər (göstəricilər ürək döyüntüsü və əzələlərin gərginliyi olub). Gümrahlaşma vasitələri kitab oxumaq, musiqi dinləmək, video-oyun senası, gəzinti, bir fincan çay və ya kofe olaraq müəyyənləşib.

Mütaliə ən təsirli vasitə kimi qeydə alınıb – təcrübəçilərin cəmi 6 dəqiqə kitab oxumasına baxmayaraq mütaliə stressin dərəcəsini 68 faizədək azaldıb.

İkinci rahatlaşdırıcı vasitə musiqi dinləmək olub – bu məşğuliyyət stressin dərəcəsini 61% endirib. Bir fincan çay və ya kofe onu 54%, gəzinti 42%, video-oyunlarsa cəmi 21% aşağı sala bilib.

Bu eksperimenti keçirənlərdən biri koqnitiv neyropsixoloq Devid Lyuis mütaliənin sakitləşdirici təsirini bununla izah edir: “İnsanlar təxəyyül məhsulu olan kitab dünyasına o qədər qapılır ki, gerçək dünyanın stress və qayğılarını unudur”.

“Razıyam ki, hətta ən yüngül, populyar ədəbiyyatın da faydası var, – deyə Moskva Pedaqoji Universiteti Sosiokultroloji Araşdırmalar Laboratoriyasının baş elmi işçisi Yelena Romançeva bildirir, – Ən tipik bir vəziyyətə fikir verin: insan məişət qayğıları içində itib-batıb, maddi vəziyyətisə qənaətbəxş deyil. Misal üçün, səyahətə çıxmağa da imkanı yoxdur. Amma bütün günü bu cür yüklənmiş vəziyyətdə gəzmək ona psixoloji cəhətcə ağır fəsadlar verə bilər, odur ki, kitabı götürüb, hər şeyin fərqli və rəngarəng olduğu təxəyyül dünyasına səyahət edir. Bu, mütaliənin kompensator-hedonik funksiyasıdır”.

 

Hazırladı: Səbuhi Şahmursoy

Bölmə : Araşdırma, Manşet
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10