Kitab sərgiləri və ona maraq

70 Baxış

3

Kitab sərgiləri və ona maraq - Bizdə niyə yoxdur?

Kitab sərgiləri sərgilər arasında ən çox sevdiyimdir. Kitab sevənlər saatlarla çıxmaq istəməz bu cür məkanlardan. Kitabların arası ilə o baş-bu başa gedib- gəlmək, araşdırmaq, “görəsən hansını alım, hansını almayım”, – deyə qərarsız qalmaq, üstəlik spesifik qoxularını duymaq başqa bir zövqdür.

Bu beynəlxalq sərgilərdə olduqca, keçirilmə formalarını xatırladıqca, – “Bizdə niyə olmur belə sərgilər və ya olduqda da nə üçün xarixdə keçirilən sərgilərin effektini ala bilmirik”, – deyə bir sual narahat edir insanı. O sərgilərdə yazıçılardan imza almaq üçün saatlarla gözləyən oxucuları, gözəl təqdimatları, nəfis nəşrləri və üstəgəl insanların maraqlarını xatırlayanda yaxşı mənada paxıllıq etməmək olmur. Düzünə qalsa, son zamanlarda ölkəmizdə yavaş-yavaş bu cür sərgilər, kitab bayramları keçirilir. Amma məsələn, Türkiyədəki kitab sərgisinə olan marağın onda birini bizdə görmək olmur. Bu sual məni olduqca düşündürür.

Keçən 21-ci İzmir Kitab sərgisində (16 aprel-24 aprel arası) oldum. Keçən ilki 34-cü İstanbul kitab sərgisi qədər olmasa da, onun böyük salonunda yüzlərlə nəşriyyatın, minlərlə insanın işitak etdiyini gördüm.

Yaxud 34-cü İstanbul kitab sərgisində Amerikanın ən çox oxunan məşhur yazarlarından Sarah Jio üçün oxucuların 4-5 saat öncədən növbə tutduğunu gördüm. (Elə mən də o sıraya daxildim). Yalan olmasın yazara kitabını beş mindən çox insan imzalatdı. Özü də səbrlə, sevgiylə gözlədilər o anı.

rd

 

Türkiyədə keçirilən kitab sərgilərində mümkün qədər iştirak etməyə çalışıram. Bu səfərki sərgidə də həm endirimlərdən yararlandım, həm də birlikdə çalışdığım insanlarla, dostlarımla  görüşdüm.Və ən əsası sərgidə təşkil olunan imza günlərində iştirak etməyə fürsət tapdım.

Əslində, 21-ci İzmir kitab sərgisi ölkədaxili nəşriyyatların əsərlərini nümayiş etdirirdi. Ona görə də sadəcə Türkiyənin öz məşhur yazarları ora təşrif buyurmuşdular.

İstəyirəm sərginin gedişatı haqqında oxucularımıza qısa bir məlumat verim.

Burda sərgilər adətən bir həftə davam edir. Həftəsonu olduğu üçün sərgi binasına girmək üçün inanılmaz sıra vardı. Bu arada qeyd edim ki, hər dəfə Türkiyə türklərinin sıra anlayışına heyran qalıram. İstər bu tip sərgilərdə olsun, istərsə də avtobus, metro sırası olsun, sıranı pozanı etirazla qarşılayır, iradlarını bildirirlər. Elə bu səbəbdən də sıralar səliqəli olur. Yüz metrlərlə davam edir.

Sərgi iştirakçısı olan yayın evlərindən birinə Azərbaycandan gəldiyimi bildirdim, binaya növbə gözləmədən daxil oldum. Yəni qonağa hörmət var burda.

Azərbaycandan bura sərgi üçün gəlmişdim, ona görə də vaxt itirə bilməzdim.

Sərgi salonuna maraqlı bir mənzərə həm diqqətimi çəkdi, həm də qibtə hissi doğurdu. Yaşlı bir cüt gördüm. İkisinin də əlində əsa, bir-birindən yapışaraq gedirdilər. Yalan olmasın, yaşları altmışdan çox olardı. “Kitab sevgisi bu cür olar”, – dedim içimdə oyanan bir paxıllıqla. Ümumiyyətlə, kitab üzərində qurulan sevgilər, dostluqlar bir başqa olur məncə. Həm təmiz olur, həm də uzunömürlü.

Sərgini ziyarətimin ilk günündə Türkiyənin məşhur yazarlarından Canan Tanın imza gününə təsadüf elədim. Jurnalımız üçün müsahibə aldığımdan, uzaqdan məni gördü, salamlaşdıq. Sırada gözləyənlərə mehribancasına məni təqdim etdi. “Ustad” dərgimizin o zamankı yeni sayını ona uzatdım. Həvəslə səhifələri çevirib, müsahibəsin tapdı, jurnal barədə sırada gözləyən oxuculara məlumat verdi.

3 saat sonra yenidən görüşəcəyimizi vədələşdirərək aralandım. Həmin zaman geri qayıtdığımda hələ də imza üçün sıra uzanmaqdaydı.Və davam edirdi. Yeni kitabını imzalatdım, xeyli söhbət etdik və xatirə olaraq Canan Tanla “”Ustad”la birlikdə əlbəttə ki) şəkil çəkdirdik.tr

Tanıdığım nəşriyyat sahibləri və işçiləri ilə kitab barəsində xeyli söhbət etdik. Elə bilirdim ki, yalnız bizim ölkədə kitab satışı aşağı düşüb. Amma öyrəndim ki, son illər onlarda da eyni problem yaşanır. Səbəb isə davamlı olaraq yeni kitabların çıxması və yazarların sayının artmasıdır. İnsanların gözü doyub bir növ.

Bildiyimiz kimi, Türkiyədə son aylarda baş verən terrorlarda bəzən sərginin keçirildiyi yerdən aslı olaraq insanların sıxlığının azalmasına təsir göstərir. Son olaraq keçən il Bursa kitab sərgisində insan sayı oludqca az idi. Səbəb Bursa bələdiyyə sədrinin Universitet və məktəblərə sərgiyə getməməsi üçün təlimat verməsi idi. Terror qorxusu bunu məcbur etmişdi. Nəticədə sərgi iştirakçılarının və oxucuların üzülməsinə səbəb olmuşdu.

İzmir Kültürparkda keçirilən sərginin son günündə isə həmişəki kimi, imza verənlər çox idi. Ayşe Kulindən tutmuş, Kahraman Tazeoğluna kimi ağlınıza gələcək bir çox yazar vardı o gün. Geri döndüyümdə təyyarədə yükümün çox olmaması üçün çalışırdım ki, az kitab alım, amma acgözlüklə bir çamadan kitab aldım yenə də. İndi isə qaldı onları oxumaq. Hər kitab rəfimin qarşısında durduqda, qəribə oluram, oxunmayan hər kitab üçün utanıram sanki…

Son olaraq demək istədiyim budur ki, kitabları sevirsinizsə əgər, çalışın bu cür sərgilərdə iştirak edin. Bu sizə çox yaxşı təsir bağışlayacaq və heçbir zaman peşman olmayacaqsınız.

“Ustad” jurnalının 4-cü sayından

Bölmə : Redaktorun seçimi