Kitabı yazmaq və ya cırmaq olmaz

65 Baxış

sema

Səma Fuadqızı

Sizə kimdən deyim? Kitab yazanlardan.Yox! Mən şairləri, yazıçıları, elm adamlarını və s. nəzərdə tutmuram. Mən artıq yazılmış bir kitabı yenidən yazanlardan danışmaq istəyirəm. Bu kitab yazanlar kitab ziyanverciləridir. Adətən kitabı çox oxuyanlara, sevənlərə kitabqurdu deyirlər. Doğrusu, mən də bu sözü sevirəm, amma yaxşı mənada. Bu mövzuda isə qəhrəmanlarımı kitabqurdu adlandıraraq, bu mövhuma digər baxışdan yanaşmaq istədim. Qurd ziyanvericidir. Mədəsinin tələbatını ödəmək üçün nələrisə yeməli olur ki bu da ətrafa, əsas da insan həyatına ziyan verir. Onu deyim ki, insandan böyük ziyanverici, tanımıram. Yaşadığı dünyada təbiətə, insanlara, digər canlılara qarşı etdiyi vəhşilikləri insan qədər heç bir canlı törətməyib. Bu başqa problemin mövzusu olduğundan kitabqurdlarına qayıdaq.

Bir oxucu olaraq kitab mağazalarına, kitabxanalara tez-tez baş çəkirəm. Kitabqurdlarının “əl işləri”ni, “sənət əsərləri”ni ən çox kitabxanadan götürdüyüm kitablarda görürəm. Kimi kitabın boş və ya dolu səhifələrində riyaziyyat məsələsi həll edib, kimi anket doldururmuş kimi oxuduğu universitetin, fakültənin adını, qrup nömrəsini qeyd edib, kimi it-pişik, dovşan və ya təbiətdə olmayan əndrəbadi heyvan şəkilləri çəkib. Siyahını uzatsam onda gərək mən də bu haqda bir kitab yazam.Hətta kimsə kitabda öz ev və mobil nömrəsini, sosial şəbəkədəki hesab linkini yazsa heç təəccüblənmərəm.

Bu kitabqurdları inanmıram ki, yaşıl kağıza bu cür əzab verərlər. Axı onlar maddi aləmdə bu kağızın sayəsində yaşayırlar, amma bizi mənəvi aləmdə yaşadanlardan biri kitablardır.Bu mövzu haqqında düşündükcə məndə maraqlı suallar yaranır. Görəsən, bu kitabqurdlarının evində kağız tapılmır və yaxud heç olmasa yaraladıqları kitabları oxuyublar? Oxuduqdan sonra etdikləri əmələ görə peşman olublarmı?

Düşünürəm, kitab yazmaq adəti kitabqurdlarının uşaqlıqda hafizəsinə həkk olunub. Zənnimcə, onlar ibtidai və ya orta məktəbdə əsasən ədəbiyyat dərsliklərində şair və yazıçılara bığ, saç-saqqal, papaq, eynək çəkənlər, kitabın səhifələrində, şagird stolunda, məktəbin divarlarında hətta ağacın gövdəsi üzərində yazı yazanlardır ki, indi böyüyüb köhnə adət-ənənələrindən əl çəkə bilmirlər. Uşaqlıqdan belə öyrənmişəm: “Kitabı yazmaq və ya cırmaq olmaz”. Kitabxanalarda milyonlarca yaralı kitab var. Hətta o yaranı ört-basdır etmək üçün ağardıcı belə dərman deyil. Hələ vərəqləri ya köhnəlikdən, ya da vəhşilikdən paramparça olan kitabları demirəm. Elə kitab var açıb oxumağa qorxursan,ona görə yox ki, içində qorxulu hekayə və ya roman yazılıb. Bu qorxuya səbəb kitabqurdları tərəfindən vərəqlərin cırılması, çıxarılmasıdır. Sanki bu dəqiqə uçub gedəcəklərmiş kimi taqətdən düşmüş bu kitablar bir üfürməlik küləyə belə qarşı dura bilməzlər.

Kitabqurdu mövzusu haqqında yazdığım zaman 1979-cu ildə çəkilmiş “Bizi bağışlayın” adlı Azərbaycan filmindən parça yadıma düşür:

-Bu nə uşaqlıqdır? Kitabı cırmaq… Tutaq ki, o sənə gərək deyil, hərçənd mən əmin deyiləm ki, sən onu öyrənmisən. Adam nərdivanla yuxarı qalxdıqda pilləkanları sındırmır, çünki arxasınca başqası gələcək. Bəlkə də, elə sən özün həmin pilləkənlərlə geri qayıtmalı oldun.

PS. Filmdə müəllimənin dilindən verilən bu cümlələrlə yazıma nöqtə qoymaq istəyirəm. Ümid edirəm ki, bu nöqtəyə sonradan vergül əlavə edib mövzuya yenidən qayıtmalı olmayacam.

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10