Kitabın adını isə belə qoyacağam: “Qan qardaşım Azərbaycandan qalan xatirələr”

52 Baxış

hafizSenet.az Mehparə Sultanovanın kosovalı türkoloq Nimetullah Hafiz ilə müsahibəsini təqdim edir:

 
– Balkanlarda, keçmiş sosialist Yuqoslaviyasında türkoloq olmaq asan deyildi. Bu məsələdə ailə faktoru nə dərəcədə təsirli oldu? Bəlkə əvvəlcə ailəniz haqqında məlumat verəsiniz?

 
– Biz tarixən Kosovo torpaqlarında yaşamışıq. Babam, ulu babam Prizren şəhərində yaşayıblar, mədrəsəsində dərs deyib, məsciddə imamlıq ediblər. Mən orta məktəbi Prizrendə bitirmişəm. Sonra Makedoniyanın Üsküp (Skopye) şəhərində türk dilində çap edilən “Birlik” qəzetində çalışdım, Priştinada orta məktəbdə türk dilini tədris etdim. Bunun ardınca Belqrad Universitetinin filologiya fakültəsinin şərqşünaslıq bölümündə ali təhsil aldım. Sonra Prizrene dönərək Tarixi Abidələrin Mühafizə Mərkəzində çalışdım. Həm də Priştina Universitetinin filologiya fakültəsində türk dili üzrə araşdırmaçı kimi fəaliyyət göstərdim. 1968-ci ildə Osmanlı abidələri ilə bağlı bir sıra araşdırmalar apardım, onların qorunması ilə bağlı məsələ qaldırdım. Nəticədə bir sıra abidələrin dağılmasının qarşısı alındı. Orada 4 il çalışdıqdan sonra İstanbula gedib Osmanlı türkcəsi üzrə dərs aldım. 1973-cü ildə vətənə döndükdən sonra Kosovoda ilk dəfə açılan şərqşünaslıq bölümündə çalışdım. 1976-cı ildə İstanbul Universitetində ədəbiyyat fakültəsində doktoranturanı bitirdim. Doktorluq dissertasiyam Prizren xalq ədəbiyyatı ilə bağlı idi. 2000-ci ildə həyat yoldaşım, professor Tacida Hafiz ilə birlikdə qurduğumuz Balkan Türkoloji Araşdırmalar Mərkəzinə rəhbərlik edirəm.

 
– Ədəbiyyatda ilk addımlarınızı nə zaman atdınız?

 
–  Bu 60-cı illərə təsadüf edir. İlk dəfə 1950-ci ildə Kosovoda türk məktəbləri açıldı. “Sevinc” jurnalı vasitəsilə türk ədəbiyyatı ilə tanış oldum. Bundan sonra şeir yazmağa başladım. İlk şeirlərim “Birlik” qəzeti və “Sevinc” uşaq jurnalında yayımlandı. 1964-cü ildə isə uşaqlar üçün “Günaydın” adlı ilk şeir kitabım çap olundu. Jurnal və qəzetlərdə yayımlanan şeirlərimin bir hissəsini illər sonra “Ana qucağı” adı altında kitab şəklində çap etdirdim.

 
– Şeirləri hansı dildə yazırdınız?

 
– Əlbəttə, türk dilində yazırdım. Kosovoda 40 mindən çox türk yaşayırdı. Lakin onların bir qismi məlum siyasi səbəblərlə bağlı, digər qismi də öz həyatlarını təmin etmək üçün Türkiyəyə köçmüşdü. Bəziləri də özlərini alban adlandırmağa başladılar. Həmin vaxtlarda Makedoniya və Kosovoda türk dilində xeyli kitab çap olunurdu və mən bu kitablardan Azərbaycana da göndərirdim. Onu da deyim ki, sosializm düşərgəsində nisbətən daha demokratik ölkə Yuqoslaviya idi. Misal üçün, mən Balkan Türk Ocaqları Mərkəzini qurdum və 20-dən çox kitab çıxardım.

 
– Azərbaycana səfəriniz də sovet dövrünə təsadüf edir. Necə xatırlayırsınız o illəri?

 
– Mən azərbaycanlı alimlərlə simpoziumlarda görüşürdüm. Məsələn, dəyərli tarixçi Süleyman Əliyarlını, türkoloq Kamil Vəli Nərimanoğlunu xatırlayıram. Rusiyada olarkən şair Nəbi Xəzri ilə tanış oldum və bu, möhkəm dostluğa çevrildi. Sonra onunla Adanada toplantıda bir araya gəldik. Hətta o məni həyat yoldaşım ilə birlikdə Azərbaycana dəvət etdi. Xatırlayıram ki, o vaxt Bakıda imperiya əleyhinə mübarizə gedirdi. Küçələrdə nümayişlər, mitinqlər indiki kimi gözümün önündən keçir. Bəzən bunları qaldığımız hotelin eyvanından seyr edirdik. Bakıda qaldığımız 15 gündə bir çox yerləri gəzdik, muzeylər, abidələrlə tanış olduq. Azərbaycan rəqslərini çox sevdiyimdən Bakıda olduğum günlərdə həm də rəqslərə tamaşa etməyə, onları öyrənməyə çalışırdım. Hətta milli paltar geyib rəqs də etdim. Bununla bağlı şəkillərim hələ də qalır. O zaman Bakı çox xoşuma gəlmişdi. Deyirlər, indi daha da gözəlləşib.

 


– Azərbaycanda gördüklərinizi qələmə almağı düşünürsünüzmü?

 
– Bu haqda düşünürəm. Yəni Azərbaycanla bağlı bütün materialları, məlumatları, şəkilləri toplamışam. Sadəcə kitab halına salınıb nəşr olunmağı gözləyir. Kitabın adını isə belə qoyacağam: “Qan qardaşım Azərbaycandan qalan xatirələr”.

 
– Kosovoluların türkcəsi ilə digər türkcələr arasında nə dərəcədə fərq var?

 

–  Sadəcə danışıq dilimizdə şivə fərqləri var. Bizim dilimiz türk dilinin Qara dəniz şivəsinə bənzəyir. Bununla bağlı araşdırmalar da apardım və anladım ki, Osmanlı zamanında Qara dənizin şimalında imperiyaya qarşı bir üsyan olmuş və yatırılmışdı. Üsyançıların çoxu Balkanlara sürgün edilir. Həmin qaradənizlilər Balkanlarda ticarətlə məşğul olublar. Ən çox da duz ticarəti edərdilər. Məndə Trabzonda yayımlanan bir broşür var. Orada yazılır ki, bizim dilimiz Kosovoda danışılan türk dilinə bənzəyir.

 
– Maraqlıdır, Kosovoda Azərbaycanı, onun mədəniyyətini necə tanıyırlar?

 
– Kosovoda Azərbaycan mədəniyyəti tanınır, sevilir. Lakin əlaqələr geniş deyil. Yəni bizim əlaqələrimiz genişlənsə, bir-birimizi daha yaxından tanımış olarıq. Balkan Türk Ocaqları Mərkəzinin jurnalı nəşr olunur. Hazırda onun 23-cü sayını hazırlayıram. Bu, Avropada türk dilində yayımlanan yeganə nəşrdir. Müxtəlif Balkan ölkələrində 5 beynəlxalq simpozium keçirmişik. Həmin tədbirlərə Azərbaycandan, Qazaxıstandan da nümayəndələr dəvət edirik. Türk dövlətləri ilə əlaqələrimizi genişləndirmək istəyirik.

 


– Kosovo qədim tarixə malik bir yerdir. Bu tarix necə qorunur?

 
– Kosovo tarixi məkanlar, abidələrlə zəngindir. Məsələn, 1389-cu ildə Kosovo çölündə Osmanlı və serb qoşunları arasında böyük bir döyüş baş verib. Sultan Murad həmin döyüşdə həlak olub. Həmin yerdə o tarixi savaşın xatirəsi qorunub saxlanır. Minarəyə bənzər xatirə tikilisi ucaldılıb. Osmanlılar bu torpaqlara hakim olarkən heç bir kilsəyə toxunmamışdı. Qədim kilsələr bu gün də olduğu kimi qalır. Kosovoda turizm də inkişaf edib. Müxtəlif ölkələrdən turistlər bizim tarixi, görməli yerlərimizi ziyarət edirlər.

 

 

 

“Mədəniyyət” qəzeti

Bölmə : Sənət
KÖŞƏ YAZARLARI
TOP 10