Kitabın missiyası – Kənan Hacı

15 Baxış

author_37

Tale elə gətirib ki, son illərdə tez-tez yaşadığım yeri dəyişmək məcburiyyətində qalmışam və hər dəfə bir yerdən başqa yerə köçəndə mənim üçün ən ağır iş kitabları özümlə daşımaq olub. Bilənlər bilir, olduqca əziyyətli bir işdir, qarışıqlıq düşməmək üçün son dərəcə diqqətli olmaq lazım gəlir, kitabların yerdəyişməsi nəticəsində bütün sistem, düzüm pozulur və sonra sənə lazım olan kitabı heç cür axtarıb tapa bilmirsən. Bu proses insana əsəblərinin pozulması bahasına başa gəlir.

Neçə gündür yeni evə köçməkdən ötrü kitabxanamdakı kitabları qutulara yığmaqla məşğulam. Darısqal, işıqsız otaqda qutular çoxaldıqca sərbəst hərəkət etmək də mümkünsüzləşir. Təxminən beş minə qədər kitabın tozunu almaq, müəlliflərə, kateqoriyaya uyğun formada qutulara yığmaq həm də fiziki güc tələb edir. Səhhətimsə heç qaydasında deyil, amma canımı dişimə sıxıb dözürəm. Çünki mənim üçün dünyada kitablardan qiymətli xəzinə yoxdur. Hardasa 4-5 il bundan əvvəl növbəti dəfə belə əziyyətə qatlaşmalı olanda bir yazı yazmışdım, həmin yazıdan bir hissəni olduğu kimi bura köçürürəm:

“İş belə gətirdi ki, uzun müddətdən bəri yaşadığım evdən başqa bir yerə daşınası oldum. Min-bir əziyyətlə özümə kitabxana yaratmışdım, hər kitabın üstündə əsirdim, məndən icazəsiz o kitablara heç kəs toxuna bilməzdi… Amma evdən çıxanda həmişə əzizlədiyim kitabları fəhlələrin kobud əllərinə etibar edəsi oldum. Dərzi hara köçürsə, iynəsini yaxasına sancıb gedir. Amma biz dərzi qədər qayğısız və xoşbəxt adam deyilik… Yükümüz özümüzdən dəfələrlə ağırdı… Kitabdan başqa heç nəyimiz yoxdu, o da bütün yüklərdən ağır gəlir…

“Qazel” maşını arxasını dəmir darvazaya dirəyən kimi fəhlələr rəflərdə səliqəylə düzülmüş dünya klassiklərinə hücuma keçdilər. Yarım saat ərzində rəflər boşaldı, içi boş qəbir kimi kədərli görkəmə büründü, mənasızlaşdı, yazıqlaşdı… Təxminən iki minə yaxın kitab səliqəsiz şəkildə “Qazel”in kuzovuna səpələnmişdi. Ürəyimin başı göynədi… Qapıda dayanan bir-iki kəmfürsət adam girəvəyə salıb xeyli kitab çırpışdıra bilmişdi.

Təzəcə köçdüyüm evə çatanda yorulub əldən düşmüş fəhlələr bütün yorğunluqlarının acığını kitablardan çıxmağa başladılar. Sanki kitab yox, Türkan daşı boşaldırdılar; kitabları qucaq dolusu götürüb həyətə tullayırdılar. Uzun illərdən bəri boğazımdan kəsib aldığım qiymətli kitablar toz-torpağa bulaşıb əzik-üzük olmuşdu. Fəhlələrdən biri bezgin tövrlə “zalım oğlu, bu qədər kitabı neynirsən, tulla getsin dəə” – dedi. O fəhlə hardan biləydi ki, mən o kitablara həyatımı həsr etmişəm?!..”

Neçə gündür kitablarla uğraşdığımı görən qonşular sözü bir yerə qoyubmuş kimi başlarını bulayıb “niyə özünə bu qədər əziyyət verirsən, bu qədər kitab nəyinə lazımdır, at getsin” deyə mənə “məsləhət” verirlər. 12-13 kvadrat metrlik bir otağa bu qədər kitabı necə sığışdırdığıma heyrətlənirlər və lap açığı, bir az da mənə başdanxarab kimi baxırlar. İnsanların kitaba qarşı bu qədər biganəliyi məni çox qorxudur, bir dəfə görmədim ki, məndən oxumaq üçün hansısa kitabı istəsinlər. Bir neçə dəfə məhəllədəki uşaqları çağırıb özüm kitab bağışlamışam ki, küçədə boş vaxt keçirməkdənsə gedin bir kitab oxuyun. Sonra həmin uşaqlar əlimdə kitab görəndə özləri yaxınlaşıb soruşurdular ki, müəllim, oxumağa təzə kitab var? Valideynləri onları kitabsız qoymaqla bağışlanmaz cinayətə yol verdiklərinin fərqində deyillər. Onların evində kitab yoxdur, bu zavallılar zehni formalaşma dövrünü məhəllədə pis vərdişlərə yiyələnməklə keçirirlər. Bu haqda “Kitabsız uşaq” adlı bir yazı da yazmışam. Lütfən, uşaqlarınızı kitabsız qoymayın, əziz valideynlər. Kiminsə evində kitab görəndə “atın getsin” – deyə cahil münasibət göstərməyin. Kitab oxumayan insan cəmiyyətə heç bir fayda verə bilməz, çünki onun mənəvi dünyası qaranlıqlar içindədir.

Kitablar otağın hər tərəfinə səpələnib, bir-bir onların tozunu alıb səliqə ilə qutulara yığıram. Bir kitabı ayırıb kənara qoymuşam, yorulanda oturub beş-on səhifə oxuyuram. Bu, unudulmaz xalq yazıçımız Yusif Səmədoğlunun “Deyilənlər gəldi başa” kitabıdır. Yarımçıq qalmış bu romanı ikinci dəfə mütaliə edirəm və bu yad adamların əhatəsində özümü Uçqunlu kəndində  romanın mistik qəhrəmanı lal-kar Səməndər kimi hiss edirəm. Ömrümün 10 ilini keçirdiyim bu dar-düdək otaqla vidalaşmaq ərəfəsində Yusif Səmədoğlunun romanının əlimə keçməsində də nəsə mistik bir əlamət axtarıram. Kitabları yığanda bu kitab gözümə sataşdı və götürüb bir kənara qoydum, bir də baxdım ki, Sarı hamam məni də ovsunlayıb. Sarı hamamın xofu içimə dolmuşdu və qəlbimin dərinliyində mənə elə gəlirdi ki, bu sirli məkan hardasa lap yaxınlıqdadır, nə qədər ki, hal arvadı məni yanına çağırmayıb, buralardan biryolluq çıxıb getməliyəm.

“Mən öləndə dünyanın ən xoşbəxt adamı kimi öləcəyəm… İnanan inansın, inanmayan inanmasın…”. Səməndər günlərin bir günü bu iki cümləni qeydlər apardığı sarıcildli dəftərinə yazmışdı.

Bir də bir qəzet parçası qarşıma çıxdı, həmin parçada Herman Hessenin kitab haqqında essesi çap olunmuşdu. Hesse bu yazıda kitabxanasını necə qaydaya salmağından bəhs edir və üstəlik yazıdakı ovqat mənim indiki halımla üst-üstə düşürdü! Bu, doğrudanmı təsadüf idi?! Görək Hesse kitablarını qutulara necə yığırmış:

“İndisə bu kitablar lal-dinməz, bir-birindən fərqlənmədən, qarışıq şəkildə kağıza bükülüb dəstə-dəstə rəflərə yığılıb, qutulara qablaşdırılıb başqa bir evə, başqa bir otağa köçürülməklərini gözləyir. Qutuları açanda onlardan bəzilərini kitabxanamdan kənarlaşdıracağam.

Bu kitab işinə mən demək olar ki, bir həftəmi sərf etdim. Bu cür kitabxana artıq yükdür. Müasir insanlar kitablarla özünü yükləyib zəhmətə salmağın, ömür boyu onları özünlə daşımağın gülməli və lazımsız olduğunu hesab edirlər. Onlara nə Vergili (qədim Roma şairi) lazımdır, nə də Ludoviko Ariosto (italyan şairi, dramaturq). On il bundan qabaq “Tarzan”ı alıblar və indinin özündə də bu cür kitablar almağa davam edirlər. Onların mütaliə barəsindəki devizi: kitabdakı fikirlər bəzəkli və çox dərin olmamalıdır ki, bir dəfə oxuyub başından ata biləsən! Bizdə isə tamamilə başqa prinsipdir: kitabxanaya heç bir cəfəngiyyatı daxil etməmək və heç vaxt qiymətli kitablardan ayrılmamaq! Və nəhayət, o gün gəlib çatıb ki, artıq yaşlanmış kitab həvəskarı “Avropanın qürubu”nun (alman tarixçisi və filosofu Osvald Şpenqlerin “Avropanın qürubu” əsəri nəzərdə tutulur – K.H.) tozunu çırparaq dərindən fikirləşəndə bu kitabın artıq çoxdan öz “xidmətini” bitirdiyini və əslində lazımsız olduğunu düşünür. Lakin o, öz dövrünün simasını formalaşdıranlardandır. Və buna görə də xüsusi hörmətə, ehtirama ehtiyacı var…

Yaxşı ki, cavanlar bizi zir-zibilimizi, dəyərsiz şeylərimizin tozunu siləndə, təmizləyəndə görmürlər! Və nə yaxşı ki, onların özlərinə də bir zaman saçları seyrəlmiş, dişləri tökülmüş halda, ömür boyu sadiq qaldıqları şeylərə necə baxış keçirəcəklərini görmək imkanı verilməmişdir”.

Herman Hessenin bu essesini oxuyandan sonra dərin sarsıntı hissi keçirdim. Kitabxanama yenidən nəzər saldım, düşündüm ki, görəsən bu rəflərdə missiyasını başa vurmuş nə qədər kitab var? Stefan Sveyqin Avropanın böhranı ərəfəsində yazdığı “Dünənin dünyası. Bir avropalının xatirələri” kitabını xatırladım. Bu kitab zamanında Avropanı və müəllifini xilas edə bilməsə də, Avropanın keçdiyi tarixi yolu öyrənmək baxımından bu gün də əvəzsiz mənbə kimi oxunur. Demək, missiya davam edir.

Mən kitabxanamdan heç bir kitabı atmayacağam!