Kitabın satışından əldə ediləcək gəlir kimsəsiz uşaq evlərinə bağışlanacaq – Müsahibə

81 Baxış

fd87b43e57fdcee0dca73abe18cedd5acac89a3319b9ef19bd998a4e18f8e733

Senet.az gənc yazıçı Röyal Qabarovla müsahibəni sizə təqdim edirik:

– Mənim artıq xəbərim var, lakin istəyərəm ki, oxucularımıza xəbəri sən verəsən.

 

– Ötən müsahibədə bildirdiyim kimi, şeir və hekayələrimdən ibarət kitabımın redaktə-korrektə işləri gedirdi. Nəhayət, başa çatdı və kitab artıq çapa gedib. Qarşıdakı on gün ərzində (ola bilsin daha tez) kitab dükanlarında öz yerini alacaq. Bu barədə Kitabsevərlər qrupu və Facebook hesabımdan tezliklə oxuculara daha ətraflı məlumat veriləcək.

 

– Röyal, ilk kitabın olduğunu bilirəm. Bəs bu vaxta qədər olan ədəbi fəaliyyətindən danışa bilərsənmi?

 

– 2014-cü ilə qədər müxtəlif saytlarda şeir və hekayələrim dərc edilib. İlk dəfə 2014-cü ildə ölkənin ən böyük kitab qrupu olan Kitabsevərlər tərəfindən ərsəyə gələn “İZ” (Gənc yazarların hekayələrindən ibarət toplu) kitabında “Başqa bir həyat” adlı hekayəm çap olunub. 2015-ci ildə yenə Kitabsevərlər qrupunun təşkilatçılığı ilə çap olunan “Bir nəfəsə sığışmaq” (şeirlər antologiyası) kitabında beş şeirim nəşr edilib.

 

– Səncə, tez deyil? Və deyilsə, niyə?

 

– Əksinə. Açıqlaya bilməyəcəyim bəzi səbəblərdən bu kitab iki il gecikib. Niyəsi – üç illik səssizliyimə baxmayaraq hələ də “İZ” və “Bir nəfəsə sığışmaq” kitablarını təzə oxuyan, ya da təkrar vərəqləyən oxuculardan tərif ismarıcları almağımdır. Hər səfərində təəccüblənirəm. Nəticədə üç il keçib. Üç il az müddət deyil. Üstəlik, həmin hekayə və şeirləri yazanda 21-22 yaşındaydım. Bu, möhtəşəm duyğudur. Amma bu duyğu cavablaya bilmədiyim bir sualla daima qarşılıqlı təəssüf hissinə çevrilirdi: “Niyə öz kitabınızı çıxarmırsınız?”

 

– Gənc yazarların çoxundan fərqli olaraq sosial şəbəkələrdə aktiv deyilsən. Bu, nədən irəli gəlir?

 

– Özünə qapalı olduğuma baxmayaraq, sosial şəbəkələrdə çox vaxt keçirən insan deyiləm. Ayda-ildə bir dəfə ismarıcları cavablamaq, kitab və rəsm qruplarına nəzər salmaq üçün daxil oluram. Qəbul edirəm, bu, mənfi xüsusiyyətdir. Sosial şəbəkələrdə aktiv olmaq əsas da gənc yazıçılar üçün mütləq vacibdir. Yaxın gələcəkdə bu vəziyyəti dəyişdirməyə çalışacam.

 

– Şeirdə özünü daha çox sınamısan. Sənin üçün xüsusi olan şeirindən bir parça yaza bilərsənmi?

 

– Əlbəttə.

 

Eşq – bu dünyaya aid olmayan insanları tapan

başqa bir ölüm şəkli idi.

İnsanlar ölərkən dəyişərlər.

Ölərkən çevrildikləri insan olaraq yaşasaydılar,

bu dünya dəyişərdi.

Sən və Mən – bu dünyaya aid deyildik.

 

– Bir az da kitabda yer alan hekayələrdən danış.

 

– Hekayələrdə cəmiyyətin psixoloji olaraq aşıladığı yazılmamış qanunlardan və bu qanunların insanların həyatında səbəb ola biləcəyi hadisələrdən – hələ də ölkənin müxtəlif bölgələrində (əsasən rayon və kənd yerlərində) orta məktəbi başa vurub təhsilini davam etdirmək arzusunda olan qızların ailə təzyiqilə uçuruma yuvarlanmalarından, müqəssirlik duyğusunun yaratdığı psixoloji travma və bunun mərkəzində həmişə yenidən doğulmaq arzusuyla alışıb-yanan adsız qəhrəmanın həyatından, Murad adlı gəncin ən böyük həqiqətin ölüm, yoxsa sevgi olduğuna aydınlıq gətirməyindən, bir zamanlar iki aşiqin gözlərində parıldayan sonsuz məhbbətin üzbəüz qoyulan güzgülərə çevrilməsindən bəhs etmişəm.

 

– Oxuculara yeni kitabında nə söz verə bilərsən?

 

– Vaxt itkisi yaşamayacaqlarına söz verə bilərəm. Həyatda olduğu kimi Ədəbiyyatda da vaxt itkisi yaşamaq və yaşatmaqdan həmişə ehtiyat etmişəm. Satışdan əldə ediləcək gəlir kimsəsiz uşaq evlərinə bağışlanacağı üçün kitaba ödəyəcəkləri məbləğdən peşmanlıq duyacaqlarını zənn etmirəm. Amma qəbul edək ki, vaxt itkisi yaşamaq fərqli bir duyğudur və hər nə qədər bu duyğunu yaşamatmayacağıma söz versəm də, yenə də cümləni “ümid edirəm” sözləriylə tamamlamalıyam. Ümid edirəm, “Son” kitabım oxucuların həyatında vaxt itkisi olmaz.

Bölmə : Müsahibə
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10