Kitablarımız İtaliyanın xüsusi qonağı olacaq

5 Baxış

qala

Mayın 14-dən 18-dək İtaliyanın Turin şəhərində beynəlxalq kitab sərgisi keçiriləcək. Senet.az xəbər verir ki, Azərbaycan bu sərgidə “Xüsusi qonaq ölkə” kimi iştirak edəcək. Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 50 kvadratmetr sahə icarəyə götürülüb. Nazirlik tərəfindən sifariş olunan stend bu il də özünəməxsusluğu ilə seçilir və Qız qalasının, İçərişəhərin qala divarlarının dizaynı ilə hazırlanacaq.

Sərgidə ölkəmizdə işıq üzü görmüş 300 addan çox nəfis tərtibatlı kitab və digər çap məhsulları nümayiş olunacaq, Azərbaycanın zəngin mədəniyyəti, Qarabağ həqiqətləri, “Bakı-2015” birinci Avropa Oyunları, ölkəmizin turizm potensialı təbliğ ediləcək.

Sərgi çərçivəsində Azərbaycanın tarixi, mədəniyyəti, beynəlxalq münasibətləri və digər mövzularda italyan dilində işıq üzü görmüş bir sıra kitabların təqdimatının keçirilməsi, ölkəmiz haqqında təbliğat və reklam materiallarının ziyarətçilərə paylanılması nəzərdə tutulur.

Nazirliyin təşkilatçılığı ilə keçiriləcək tədbirlərdə və ekspozisiyada Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin də iştirakı planlaşdırılır.

Azərbaycanın “Xüsusi qonaq ölkə” olması münasibətilə sərginin açılış günündə – mayın 14-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə xüsusi tədbir keçiriləcək. Mayın 15-də nazirin birinci müavini Vaqif Əliyevin dünyanın ən nüfuzlu kitab sərgisi olan Frankfurt kitab yarmarkasının baş direktoru Yurgen Boos və beynəlxalq layihələr üzrə direktoru Barbel Beker ilə görüşü də planlaşdırılır. Görüş zamanı mədəni əlaqələrin güclənməsində özünəməxsus yer tutan kitab sərgilərinin, o cümlədən bu il sentyabrın 16-18-də IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təşkili, Azərbaycanın Frankfurt yarmarkasında iştirak imkanlarının daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq.

Sərgi müddətində nazirlik tərəfindən müxtəlif kitab təqdimatları da keçiriləcək.

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10