Kitabxana etikasına dair ilk fundamental milli nəşr

16 Baxış

107851_h9y5z3fz4y

Bugünlərdə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə ithaf olunmuş “Kitabxana etikasıvə kitabxanaşünaslığın linqvo-konseptual məsələləri” adlı monoqrafiya geniş ictimaiyyətə təqdim edilib.

Kitabxana-informasiya, tarix, fəlsəfə, hüquq və dilçilik sahəsinin mütəxəssisləri üçün nəzərdə tutulmuş monoqrafiya Azərbaycan elminin, mədəniyyətinin, xüsusən də kitab mədəniyyətinin inkişafında xüsusi xidmətləri olmuş alimlər tərəfindən hazırlanmış: müəllifləri AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, görkəmli alim Aybəniz xanım Əliyeva-Kəngərli və institutun “Beynəlxalq əlaqələr” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Cavid Cəfərov, elmi redaktoru AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, Humanitar Elmlər bölməsinin akademik-katibi, akademik Teymur Kərimli və elmi məsləhətçisi pedaqogika üzrə elmlər doktoru, Rusiya Milli Kitabxanası “Kitabxanalararası əlaqələr” şöbəsinin müdiri, Rusiya Kitabxanaçılar Assosiasiyasının üzvü, “Rusiya kitabxanaçılarının etik davranış kodeksi”nin müəllifi İrina Truşinadır.

“Müasir elmi ədəbiyyat” seriyası ilə nəşr edilmiş monoqrafiya ilə ilkin tanışlıq onu deməyə əsas verir ki, belə bir sanballı tədqiqat işini hazırlamaq üçün müəlliflər illərlə gərgin əmək sərf etməklə müfəssəl elmi axtarışlar nəticəsində respublika əhəmiyyətli iri kitabxanalar, eləcə də qabaqcıl dünya kitabxanalarının fondlarına, arxivlərə, mümkün olan onlarla mənbəyə müraciət etmiş, hər bir sənədi, hər bir materialı təhlil etmiş, faktları dəqiqləşdirmiş, çox böyük zəhmət sayəsində dəyərli bir iş ərsəyə gətirmişlər.

Kitabxana-informasiya əxlaqı problematikasının bu qədər aktuallıq kəsb etdiyi zamanda belə bir tədqiqat işinin meydana gəlməsi kifayət qədər zəruri və olduqca əhəmiyyətli məsələdir. Uzun müddət kitabxana etikası müstəqil şəkildə deyil, informasiya etikasının, informasiya mədəniyyətinin tərkib hissəsi kimi öyrənilsə də, sözügedən monoqrafiyada kitabın müəllifləri kitabxana etikasını müstəqil anlayış kimi araşdırmış, mahiyyətini açmış, kitabxanaçının oxucu və informasiyaya münasibətdə rəhbər tutduğu peşəkar neytrallıq və sosial məsuliyyətlilik prinsiplərinin əsasını, inkişaf çərçivələrini, həmin prinsiplərin tətbiqolunma dərəcəsini və arealını müəyyənləşdirmiş – “etika nədir və necə yaranır”, “cəmiyyətə necə təsir edir”, “kitabxana etikası necə yaranıb, inkişaf edib”, “kitabxana mədəniyyəti ilə kitabxana etikasının fərqi nədədir” kimi sualları əsaslı şəkildə cavablandırmağa çalışmışlar.

Bu gün respublikada informasiya cəmiyyətinin inkişafı şəraitində ilk dəfə olaraq Azərbaycanda kitabxana əxlaqı fəlsəfəsinin, kitabxanaçı etikasının formalaşması problemi, onun tarixi və inkişafı elmi-nəzəri və milli-mənəvi kontekstdən işıqlandırılmış, bu sahə üzrə hüquqi fəaliyyətin, kodeksləşdirmənin özünəməxsus xüsusiyyətləri tədqiq edilmişdir. Müəlliflər bu tədqiqatda kitabxana əxlaqını kulturolojifenomen kimi öyrənmiş, “kitabxana işi” və “kitabxanaçılıq” anlayışları arasında fərqi müfəssəl izah etmiş, “kitabxanaçılığın” iş və ya peşə olması ilə bağlı tarixi-sosioloji mükalimə yürütmüşlər.

Monoqrafiyada diqqəti cəlb edən məsələlərdən biri də odur ki, ilk dəfə bu əsərdə bəzi anlayışların nümunəsində kitabxanaşünaslığın terminoloji bazası Azərbaycan, türk, ingilis, rus, ərəb, latın və digər dillərin etimoloji qanunauyğunluqları müstəvisində linqvo-konseptual təhlilə cəlb olunmuşdur.

Kitabda kitabxanaçı professionallığı ayrıca bölmədə əhatə edilməklə peşəkarlıqla professionallıq arasında fərqli cəhətlər araşdırılmışdır, müəlliflərin məsələnin tədqiqinə xüsusi elmi yanaşması və yüksək səriştəsi nəticəsində həm kitabxana qaydaları, həm kitabxanaçı professionallığı, həm də kitabxanaçı etikası nöqteyi-nəzərindən yanaşmaqla, kitabxanaçının etik davranış qaydalarının çərçivələrini müəyyənləşdirərkən nələrə diqqət etməli olduğu göstərilmişdir.

Fikrimizcə, monoqrafiyanın ən mühüm məziyyətlərindən biri də əsərdə bir sıra dünya ölkələrindən-Türkiyə, ABŞ, Almaniya, Birləşmiş Krallıq, Fransa, İtaliya, Rusiya, Ukrayna kitabxanaçılarının etik davranış kodeksinin təqdim edilməsi və aparılan tədqiqatın məntiqi nəticəsi kimi “Azərbaycan kitabxana əməkdaşlarının etik davranış kodeksi”nin geniş kitabxana ictimaiyyətinin müzakirəsinə verilməsidir. Dünyanın bir çox ölkələrində milli kitabxana assosiasiyalarının, birliklərinin, cəmiyyətlərinin təşəbbüsü ilə kitabxanaçıların etik davranışını, peşə etiketini tənzimləyən qaydaların artıq müəyyənləşdirildiyi, kitabxana fəaliyyətində uğurla tətbiq olunduğunu nəzərə alsaq, təqdim edilən bu konseptual layihə Azərbaycan kitabxanaçılarının etik davranış kodeksinin yaradılmasına təkan verəcəkdir.

“Əlavələr” bölməsində verilmiş milli etik kodekslər, o cümlədən, IFLA-nın etik davranış qaydaları tarix üzrə fəlsəfə doktorları C.A.Cəfərov və N.X.Babaxanova tərəfindən ixtisarla ilk dəfə ingilis, fransız və rus dillərindən Azərbaycan dilinə tərcümə olunmuş, eyni zamanda, 33 müxtəlif ölkədə kitabxana etikası kodekslərinin qəbul olunması üzrə cədvəl təqdim edilmişdir. Adı çəkilən əlavə materiallar və sonda verilmiş Azərbaycan, türk, rus və ingilis dillərində istifadə edilmiş zəngin elmi məxəz haqda biblioqrafik informasiya mütəxəssislər üçün xüsusi əhəmiyyət kəsb edir.

Belə dəyərli elmi tədqiqat əsərinin meydana gəlməsi AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun Azərbaycan elminə, eləcə də milli kitabxana-informasiya resurs bazasına növbəti çox mühüm və qiymətli töhfəsidir. Ümidvarıq ki, “Kitabxana etikası və kitabxanaşünaslığın linqvo-konseptual məsələləri” kitabxana etikası probleminin öyrənilməsi istiqamətində yeni mərhələnin başlanğıcı olacaq və bu sahədə yeni-yeni elmi tədqiqatlara yol açacaqdır.

Təqdirəlayiq haldır ki, əsərin məzmunu və elmi əhəmiyyəti ilə yanaşı, onun tərtibi xüsusiyyətləri, yazı və kitabçılıq mədəniyyəti məsələləri də yüksək səviyyədə həll edilmiş, kitabın titulu peşəkar zövqlə seçilmiş, onun üz və arxa hissəsində Avstriya əsilli görkəmli Fransa şərqşünas-rəssamı Lüdviq Doyçun “Alimlər kitabxanada” və “Kitabxanada qiraət” adlı rəsm əsərlərindən istifadə olunmuşdur.

Bütün kitabxanaşünasları, ziyalıları, alimləri, tədqiqatçıları, mütəxəssisləri, geniş kitabxana ictimaiyyətini və oxucu kütləsini monoqrafiyanın nəşri münasibətilə təbrik edir, müəlliflərə yeni yaradıcılıq uğurları arzulayır, Azərbaycan elminin, kitabxanaşünaslıq mədəniyyətinin, tarixinin qarşısında durmuş mühüm aktual məsələlər üzrə növbəti elmi-tədqiqat əsərlərini gözləyirik.

Adilə ABDULLAYEVA
tarix üzrə fəlsəfə doktoru

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10