Kökünə muğayat ol

67 Baxış

 Şair Vaqif Aslan 2Vaqif Aslan

RUHLARLA SÖHBƏT                          

(Poemadan növbəti parça)

Poemadan bir parça- Ruhların məhkəməsi

 

 

I

Ey əslini, nəslini, kökünü axtaran kəs,

Burda ehtiyatla gəz!

Bura – qəbristan yeri.

Qəbristan – bostan yeri.

Soyuq olsan, göyərməz

bura əkilən toxum.

Yer üstə olan – varın,

yer altda qalan – yoxun.

Yox olmasa, var olmaz.

Bir ağac – min bir budaq,

hər budaqda bar olmaz.

Düşünmə bu dünyanın suyu, günəşi bol-bol,

Kökünə muğayat ol.

Ey əslini, nəslini, kökünü axtaran kəs,

Bura əkilən toxum imisti göz yaşıyla

Sulanmasa, göyərməz.

 

II

ULU RUHLA GÖRÜŞ

Qəbristan… Hər tərəf somsoyuq sükut,..

Hər məzar üstündə bir Ruh oturmuş.

Bir səs pıçıldayır: – O Ruhu ovut,

Gör niyə əlləri qoynunda durmuş?

Bismillah eləyib, söylədim: – Salam.

Aldı salamımı nurani bir kəs.

Dedim: – Nə qulluğun? Dedi: – Ay balam,

Ruh ehtiram umar, çörək istəməz.

Dedim: – Bəs göyərib yolların nədən?

Dedi ki, üstümə yox gəlib-gedən.

Dedim: – Ziyarətə gəlmişəm səni.

Dedi: – Qurumuşdum, göyərtdin məni.

Ən qoca quluyam ulu Tanrının,

Səninçün açıqdır yolu Tanrının.

Bu yoldur alnına yazılan yazı.

Ruhlar görəcəksən yola tamarzı.

Onlar səni görüb ləliyəcəklər,

Üstəlik salam da diləyəcəklər.

Olmaya-olmaya salam verərsən,

Versən, özünü də yolsuz görərsən.

 

III

XEYİR -DUA

Atamın, anamın qoşa məzarı

Çəkir xəyalımı özünə sarı.

Həmən o yerdədir köklərim mənim.

Yaddaşı toz bassa, kəsilər qənim

kökünə insan.

Göyərmək çətindir, qurumaq asan.

Bəs məndən o qoşa məzara sarı

Uzanan bu yolun sonu o Ruhmu?

Atamın, anamın əziz ruhları

Mənim gəlişimdən görən duyuqmu?

Çıxarkən ömrümdən uzun yollara

Ən ulu bir Ruhla tapışdım, atam.

İşin asandını qoyub kənara,

İşin çətinindən yapışdım, atam.

Tutub ətəyindən ulu Tanrının

Haqqın haqq yoluna suvar olmuşam.

İnanıb gücünə göz yaşlarının,

İnsan bostanında cuvar olmuşam.

Anamın qəlbinə düşməmiş olmaz,

Yəqin ruhu gəzir başımın üstə.

Üz qoyub dincimi alıram bir az

Atamın, anamın daşının üstə.

Balışdan yumşaqdır, yorğandan isti,

Bu torpaq mənə.

Atam da, anam da sordu əlüstü:

– Ay oğul, səfərin haradır yenə?

Dedim: – Bu gün varsa, dünənimiz var,

Bizim min bir arxa dönənimiz var.

Kimdən kimə qədər uzanır bu kök?

– Oğlum, gəl bu daşı ətəyindən tök:

Türk qoca palıddır yer üzərində,

Başı göylərdədir, kökü – dərində.

Allaha çatarsan yuxarı qalxsan,

Gözlərin qaralar aşağı baxsan.

Altına girmisən çox ağır yükün,

Birinci qatdadır kökləri türkün.

Nə vaxt ki, edilib bu dünya bina,

Türk qövmü ilk sakin olubdur ona.

Bu qatdan o qata getmək olarmı?

Bu kökün sonuna yetmək olarmı?

– Arxa duracaqdır Ulu Ruh mənə.

– Qulaq as, nə deyir gör anan sənə.

– Mənim gözəl  balam, ağıllı balam,

Şirinli, şəkərli, noğullu balam,

Atanın sözünə qulaq as, qayıt.

Bu yola bir ömür bəs olmaz, qayıt!

Anacan, üz vurma, aman günüdür.

Bu günlər türklərin yaman günüdür!

Bir nəsil yetişib, yaramaz nəsil,

Çoxu haramzada, çoxu bədəsil.

Başları yadların qapazı altda,

Hərə – bir ləqəbdə, hərə – bir adda.

Haram qatışıbdır halala, anam!

Bizi hədələyir min bəla, anam.

Rüşvət çoxumuzun canına hopub.

Qorxuram, türk qövmü kökündən qopub,

Cırlaşa-cırlaşa heç olub gedər.

Mən yola çıxmasam, gec olub gedər.

Atamın, anamın kövrəldi ruhu:

– Daşa toxunmasın heç kimin oxu.

Sevinib çağırdım: – Nənə, ay nənə,

Gedirəm, dur, xeyir-dua ver mənə.

– Buğda cütləyirdim, tək gəlib, – dedi.

Narahat ürəyim dincəlib, – dedi.

Evim-eşiyim, balam.

Dolu beşiyim, balam.

Haqq yolun yolçusu ol,

Çəkim keşiyin, balam.

 

IV

HAQQ DA VAR, DİVAN DA

Nənə-nəvə, ata-oğul, ana-bala

Halallaşdıq, düşdüm yola.

Bir də gördüm öz başına döyür biri,

Çiynində də iki mələk…

Sağ çiynində oturanı mürgü basıb.

Sol çiynində oturansa yazır hələ.

Nə saydırır mələklərə görən fələk?

Dedilər ki, belə, …belə…

Stalindir.1, …hər sorğudan sonra onu yandırırlar.

Nəfəs verib dindirirlər.

 

Məni görüb diz çökdü o,

Gildir-gildir yaş tökdü o:

– Sizi qırdım, bağışlayın.

Kəllənizdən saray qurdum, bağışlayın.

Qanınızı qədəh-qədəh Mikoyana2  içirtmişəm,

bağışlayın.

Türk qövmünü Axalsıxdan qovlamışam,

Yerevandan köçürmüşəm, bağışlayın.

Günahımı yazan mələk yazır hələ, qurtarmayıb.

Mənə quyu qazan fələk qazır hələ, qurtarmayıb.

Bir türk məni bağışlasa, rahat olar ruhum bir az.

Ulu Ruhdan səda gəldi: – En aşağı, dinmək olmaz.

Stalin onda kövrəldi:

– Qorbaçovu görəndə mən neyləmişəm sizə axı?

Nəyə görə almalıyam öz boynuma hər günahı?

O ləkəli, zədəli baş

Daş üstündə qoymadı daş.

Bu da deyil bəsi onun,

Danışdıqca batıb getdi səsi onun.

Baxıb gördüm,.. qara-qara zindanlar var.

Zindanlara pərçim olan insanlar var.

Qara-qara çəkiclər var,

Başlar üstə enib-qalxır.

İti dişli oraqlar var, kəsib-tökür,

Qara-qara qanlar axır.

 

V

ŞƏHİD RUHLAR

Qulağıma bir səs gəldi qəhərli:

– Həyat var ki, ölüm qədər zəhərli3.

Bir ruh gördüm boynuburuq, gözü nəm:

– Bu dünyadan mən əl çəkə bilmirəm4.

Bir ah qopdu, az qaldı ki, yanam,oy!

– Azərbaycan, mənim bəxtsiz anam,oy!5.

Beynimizi dəlib keçdi bir nida:

– Yerə yatın, kazaklardır atanlar!6.

Aman allah, nələr varmış dünyada?

Kimlər imiş aramızı qatanlar?

Bir də gördüm al şəfəqlər saçıldı,

Yolum üstə öz bayrağım sancıldı.

O, qırmızı rəng almışdı qanımdan,

Bir gizilti gəlib keçdi canımdan.

Göy rəngindən göy türklüyüm göründü,

Yaşılından dünya yaşıl büründü.

Ulduzunda səkkiz guşə var imiş.

İndi bildim tale mənə yar imiş.

Aydınlıqda səda verdi haman səs:

– Demədimmi qalxan bayraq enəmməz?7.

Qanı, canı, dini birsə torpağın,

Yiyəsini bu üç rəngli bayrağın

Heç bir qüvvə diz çökdürüb yenəmməz.

Enə-enə üzüm güldü bir anlıq,

Yenə çökdü gözlərimə qaranlıq.

Bir də gördüm Şəhid Ruhlar oyanmış…

Sıralanıb qabağımda dayanmış…

Dedilər ki, uğur olsun yoluna!

Salam söylə o ulu türk oğluna.

Türkün kökü qurumasın deyə biz

Qanımızla suvarmışıq tərtəmiz.

Amma haman o qaranlıq zamanda,

O köklərə qızıl qanlar damanda,

Qanımızın üzərindən adlayıb,

Bəziləri baş oldular ad üçün.

Bax,  gör neçə Şəhid qəbri çatlayıb,

Neçə heykəl qoyulubdur yad üçün.

Zəngəzuru, Qarabağı pay deyib,

Bu vətəni didim-didim diddilər.

Qəbristanlıq yerini park eyləyib,

Sümüyümüz üstündə rəqs etdilər8..

 

Belə nadan nəsil ilə gəl barış.

Üstümüzdə ot bitsə də bir qarış,

Bu qaranlıq yadımızdan silinməz.

Türklüyümüz adımızdan silinməz.

En aşağı, kökümüzə qədər get.

Bizim xeyir-duamızı qəbul et.

********

1.Stalin İosif Vissarionoviç Cuqaşvili (1879-1953-cü illər). Keçmiş Sovetlər Birliyinin rəhbəri, türk xalqının böyük düşməni.

2. Mikoyan Anastas İvanoviç (1895-1978). Keçmiş Sovet dövlət xadimi, qatı millətçi, türklərə qarşı genosid siyasətinin təşkilatçılarından biri.

3 H.Cavid (1882, Naxçıvan -1941,İrkutsk. Stalin repressiyasına məruz qalmışdır.

4. M.Müşfiqin (1908-1938) “Bu gözəl dünyadan necə əl çəkim?” misrasına işarə.

5.Mühacirətdə ömür sürən A.İldırımın sözləridir.

6. C.Cabbarlının (1899-1934) “1905-ci ildə” əsərinə işarə.

7.M.Ə.Rəsulzadənin(1884-1955,Anqara) “Bir kərə yüksələn bayraq bir daha enməz” sözlərinə işarə.

8.Şəhidlər xiyabanı bir vaxt Kirov parkı idi.