Kommunist, yurdumu buraxdın yetim

24 Baxış

ehmed cavadƏhməd Cavad

“Bir kərə yüksələn bayraq bir daha enməz!”

Rəsulzadə Məmməd Əmin

 

Kommunist, yurdumu buraxdın yetim

Sanma ki, bununla ölən igidəm.

Sənə baş əyməyən nasionalistəm,

İstiqlalımın ilk qurbanı mənəm.

 

Səndə “oraq” varsa, mənim “ay”ım var,

Oğuzdan aldığım altun yayım var.

Milliyyət deyilən bir sarayım var,

Yaşıl diyarın göy pasbanı mənəm.

 

Əsir edəməzsən məni, uluyam,

Uzaqlaş, ey düşmən, pək qorxuluyam.

Dədəsi Nuh olan Yafəs oğluyam,

Cəddimin yaşayan tufanı mənəm.

 

Enəməz xalqımın milli bayrağı,

Gavurda qalamaz türkün torpağı.

Saçına dəyəməz rusun darağı,

Azəri qızının cananı mənəm.

 

Rusa yoldaş deməm, düşmanımdır o,

Yurdumu buraxmam, cananımdır o.

Torpaq deyib keçməm, vətənimdir o,

Azərbaycanın hökmranı mənəm!

 

28 may, 1925