Komputer önündə səni düşünərkən

22 Baxış

divara121Gənc yazar Vasif Əlihüseynin “Qanun” nəşriyyatında “Divara yazılmış AZADLIQ sözü” adlı kitabı dərc olunub. Kitabda gənc yazarın şeir və esseləri toplanıb. Kitabın redaktoru və ön sözün müəllifi Məlahət Yusifqızıdır. 

Vasif Əlihüseynin oxucularla ikinci görüşü olan bu kitabda ictimai – siyasi, vətənpərvərlik notları ilə yanaşı, haqq – ədalət, sevgi motivləri də önə gəlir.

Senet.az kitabda yer alan şeirlərdən seçmələri təqdim edir:

Azadlıq

Azadlıq,
başqa bir varlıqdı, dostum!

Azadlıq üçün haykıranların
gözlərinə
gözyaşardıcı qaz püskürür zaman.

Gəl, gedək dostum!
Gəl, gedək!
Nə qədər ki, zamanın dəyənəyi
kürəyimizə dəyməyib.

Gəl gedək,
divara yazılmış
“Azadlıq” sözünü
ürəyimizdə oxumağa.

 

 

Şəhidlər üçün
Bu yazı hardan yazılıb,
bu acı yüz dərd bitirir.
Oğlunu itirmiş anam,
məzara köynək gətirir.

Qoy başını bu şəkilə,
bu şəkilin üzündən öp.
Bu şəkilin biri azdı,
bu şəkilin yüzündən öp.

Öldü qurtardı adamlar,
o da bəy-gəlindi Allah.
Bu qədər canından keçən
bəs sənin nəyindi Allah?

 

 

Komputer önündə səni düşünərkən

Yadımdan çıxmırsan nə edim axı,
payız da yağışın, qış da qarımın.
Mən hansı küçəyə baxsam nə fayda,
reklam lövhəsisən qayğılarımın.

Durub, taleyimə baxıram indi,
səni sevməsəydim, gülə bilərdim.
Ürəyim komputer yaddaşı olsa,
mən ordan adını silə bilərdim.

Geriyə dönməyə çalışma daha,
bəlkə gənc olmuşam, yolu azmışam.
Mənə eylədiyin xəyanət üçün,
ömrümə ən yeni virus yazmışam.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10