Koppolanın öpüşü

46 Baxış

a“Zənginliyin arxasında cinayət gizlənir”

O.D.Balzak

“…mən sizə elə bir iş təklif edəcəyəm ki, heç kəs onu rədd etməz”.

 O.D.Balzak–“Qorio Ata”

“Ona rədd edə bilməyəcəyi bir təklif edəcəyəm”

 M.Puzo– “Xaç Atası”

Mən nə Vito Cenovesedən  nə də Frenk Kostellodan danışacağam. Kinematoqrafiya tarixinin ən yaxşı qanqster filmlərindən biri, birincisi hesab olunan məşhur “Xaç Atası” filminin çoxlarına məlum olmayan bir səhnəsindən danışmaq istəyirəm. Məşhur romanın ilk filmi (filmin ssenarisini Ford Koppola və Mario  Puzo yazmışdır) 1972–ci ildə, ikinci filmi 1974–cü ildə və sonuncu üçüncü filmi isə 1991–ci ildə ekranlaşdırılmışdır. Üç filmin üçünün də  rejissoru Frensis Ford Koppoladır. Danışacağım epizod isə “Xaç Atası–2” filmindəndir. Çox güman ki, filmə baxanların böyük əksəriyyətinin bu hissə yadındadır.  Böyük karnaval zamanı atasının işlərini icra edən “ailənin başçısı” Maykl Karleone (Al Paçino) özündən böyük qardaşının (Con Kazale) –hansı ki o artıq bilirdi ki, qardaşı “ailə”yə xəyanət edir– başından iki əlilə yapışıb: “Sən mənim qəlbimi qırdın Fredo” – deyir və dodaqlarını qardaşının dodaqlarına basıb möhkəmcə öpür. “Xaç Atası” filminə hər dəfə baxanda açığı özümü yığışdırıram, hərəkətlərimə fikir verirəm, bir sözlə özümü elə aparmağa çalışıram ki, ciddi görünüm, işdi–şayəd birdən nəsə səhv hərəkətim olar, sonra “böyük qardaş”lar məni qınamasınlar. Amma hər dəfə filmin bu səhnəsini görəndə məyus olurdum. Fikirləşirdim, görəsən, Kopolla burada nə demək istəyir? Demək istəyir ki, Maykl Karleone əslində homoseksualdır? Yazı–pozu işilə bağlı material toplayanda maraqlı bir şeyə rast gəldim və məşhur səhnənin sirri də çözüldü.

Ford Koppola “Xaç atası–2” filmində iki kişini nəyə görə dodaq–dodağa birləşdirib? Xatırladım ki, Puzo, öz “Xaç Atası” romanında eyni səhnəni verməyib. Tarixi köhnə olsa da bəzi mənbələrdə bu öpüş “Il bacio della morte”(ölüm öpüşü–ital) kimi gedib. “Ailə”yə xəyanət edən bir üzvün dodaqlarının üstünə Don tərəfindən qondurulan bu öpüş o deməkdir ki, səninlə işimiz bitdi, öləcəksən. Amma bəzi mənbələrdə qeyd edilir ki, Napolidən başlayıb  ta Amerikaya qədər uzanan bu məşhur öpüşün sirri ondadır ki, “Ailə”nin  bir üzvü həbsə göndəriləndə o digər üzvlərlə bir–bir dodaq–dodağa öpüşür. Açması : Məşhur Omerta ənənəsi “Sirrin sirrimdir, içəridə ağzımı qapayacağam, heç kəs aça bilməyəcək”.

“Kopollanın öpüşü”nün sirri mənə aydın olandan sonra ona  rəğbətim yenidən artdı.

P.S. İtaliyan əsilli amerikalı yazıçı Mario Puzo müsahibəsində demişdi ki,  mən Frenk Kostellonun, Vito Cenovesenin  həyat hekayətindən təsirlənib “Xaç Atası” romanımı yazmışam. Bilmirəm, bəlkə də iki mafiya klanından daha çox Balzakın rolu  böyük olmuşdur. 

 

Asiman Eyniyev

Bölmə : Kino, Manşet, Retro
KÖŞƏ YAZARLARI
TOP 10