Köpük (hekayə) – Bəxtiyar Aslan

18 Baxış

96928_49kouuzmma

Budur, köpük kimi yox olur. Beş şüşəli pəncərənin düz qabağında, taxta çarpayıda yatır. Əhənglə suvanmış divarları nəfəsi ilə soldurur. 

Səhər tezdən güllü pərdələrin aralanmasını istəyir. Təmiz hava və işığı həmişə sevərdi. Pəncərədən düşən günəş işığı köpüyü şuaları ilə yalayıb düz qarşıdakı divara düşür, qırçınlanır ordaca. Yığcam, sərin gölməçə yaranır divarda. Kiçik hərəkətlərlə dalğalanır, çalxalanır, dərinləşir. Sonra bir əl yüngülcə taxta pəncərənin taylarından birini aralayır. Elə bil quş qanadlanır üzündən. Səhər mehi pərdələri yalayıb keçir, gəlib astaca köpüyün üzünə, işıltısına toxunur. Bir az sonra sönəcək köpük, güclə sezilən iz kimi qalacaq taxtın üstündə, iri, bənövşəyi güllərlə bəzənmiş yun döşəkdə. Bəlkə bir xətt, bir balaca nəmlik; sonra quruyub gedəcək.

Ən dibdəki otaqların birində köhnəlikdən üstü qara ləkələrlə örtülmüş tünd qəhvəyi, ardıc dirəkdən asılı duz heybəsi var. Niyəsə o yadına düşür. Qaralı, qırmızılı yun heybə. Quru, göyərmiş dodaqlarını aralayıb sapsarı nəfəslə danışır; “Sənindir o” deyir. O danışdıqca hər şeyin niyə belə tez solduğunu daha yaxşı anlayıram. Durub gedirəm. Son baxışına bütün mənaları yükləmiş nəzərlə baxır. Bu baxış nə qədər şey pıçıldayır, nə qədər şey hayqırır.

Dibdəki otaq köhnə bəhməz və yarma qoxusu ilə qarşılayır məni. O qara xallı, kirli ardıc dirəyə sarılıb ağlayıram. Qaralı, qırmızılı duz heybəsi üz-gözümü öpür. Sürüşüb soyuq, nəmli  torpağa yıxılıram.

Ayaqlarımın dibindən kölgə kimi nəsə yumalanıb keçir. Heybənin içindən çıxmış, kirli qalın dirəkdən sürüşüb enmiş kölgə kimi bir şeydi bu. Qorxaraq baxdığım bu heybəni gecələr çiyninə atıb gedən kimsə var. Qapı-qapı gəzir. Hər qapının qabağında dayanıb tanış kimsəni təqlid edərək səslənir. Hər evi və hər evin sahibini tanıyır. Kim bu səsə aldanıb qapını açsa, heybəsinə atıb aparır.

Bir uzun qış günü bizim qapıya da gəlmişdi. Atamın səsi ilə bir xeyli adımı çağırmışdı. Küləyin uğultusuna qarışıb şüşələri cingildədən səsə az qalırdı ki, inanım. Düz yanımda yatan nənəm oyanıb xəbərdarlıq eləməsəydi, durub qapını açacaqdım. Nənəm ağzını qulağıma lap yaxınlaşdırıb, lap asta səslə “qəti səsini çıxarma, gözlərini bərk-bərk yum və özünü yatmışlığa vur”, – dedi. Külək səhərə qədər uğuldamağa davam etdi. Arada səsini küləyə qarışdırıb adımı hayqırdı. Yerimin içində titrəyərək, kiçilib içimə doğru bükülərək səhəri gözlədim. Səhər əzanı ilə bərabər nənəm təhlükənin keçdiyini xəbər verirmiş kimi yataqdan çıxıb qaz lampasını yandırdı: “Əzanı eşidən kimi dayana bilmir, rədd olub gedər məlun”, – dedi. Kim olduğunu nənəm bilirdi. Amma niyəsə bizim bilməyimizi istəmirdi. Sadəcə adımız çağırılanda eşitməzliyə qoyacaq və özümüzü yuxululuğa vuracaqdıq – bu qədər. Əsla yatağımızdan çıxmayacaq, əzanı eşidənə kimi lampanı yandırmağı ağlımızdan belə keçirməyəcəkdik.

Dizlərimin üşüdüyünü hiss edirəm, bir az da nəmlənib. Zəmindəki torpaq necə də köhnədi. Belə köhnəlir torpaq -  bir evin döşəməsində, divardakı bir kərpicdə illərlə əzilərək, örtülüb boyanaraq. Ən çox da insanların üzlərinə baxaraq, onların səs-səmirini toplayaraq. Divar köhnəldikcə ölülər yaşamağa davam edir.

Taxta dirəyin torpaqla qovuşacağı yerə böyük, yastı daş qoyublar. Kiçicik oyuqlarla dolu üzü ordan-burdan kirlənib. Zamanın rəngidi bunlar. Dayandığım yerdəcə dizlərimi boşaldıb uzanıram; başımı söykədiyim daşın danışmasını gözləyərək. Hər şeyi bəlkə də ən çox o bilir. Sərinliyi ilə oxşayır üzümü, bir az tərpənən kimi də alnımı… Şübhəsiz, bunların hamısı sadəcə sözdü. Hər şeyi danışır, durub getməyimi istəyir. Köpük sönəcək, qanun budur. Sonra köpük kimi görünüb sən də sönəcəksən. Həqiqəti, bu möhtəşəm həqiqəti necə də rahat deyir…

Qalxıb bir həmlədə heybəyə girirəm. Daha içinə duz qoymurlar. Eləcə qalıb yerində, bomboş və səssiz. Amma duz qoxusu qalır. Onu yaşadan və qoruyan yeganə şey budur. Tərpənmədən, səssiz və qorxulu həyəcanla gecənin gəlməsini gözləyirəm. bir müddət sonra qapı açılır, kimsə içəri girib küpün qapağını qaldırır, bir tas bəhməz götürüb çıxır. Yəqin salavat çəkməyi unutduğu üçün küpün qapağı açıq qalır. Bəhməz səhərə kimi sızır, yaralı divin qanı kimi. Düşüb qapağı bağlasam…

Otağın bütün döşəməsinə yayılır divin qanı. Qana necə də doyub torpaq…  Bircə damlasını da içmir. Qızılı rəngdən qəhvəyiyə çalan parıldayan göl əmələ gəlir. Heybənin ilmələri arasından baxıram. Əvvəlcə getdikcə qaralır gölün üzü, sonra da halələnəlib parıldamağa başlayır. Otağın balaca pəncərəsi var – bapbalaca, bir gözlü. Tavana yaxın yerdəki bu pəncərə Şərqə baxır. Şərq bu pəncərədən baxır otağa.

Uzaqda beli bükülmüş qoca kimi dayanan dağın belindən yüksələn ay işığı düşür pəncərədən. Zirvədən ayın yüksəldiyini gördükcə uğultulu səslə ovalığa baxdığını bilirəm. Sinəsindən son nəfəs kimi üflədiyi rüzgar ay işığında bütün ovalığı dalğalandırır. Çölə yazmı gəlib, bu nə ətirdir? Amma yox… Çölə qışmı gəlib, bu nə soyuqdur? Zəmilərmi dalğalanır bu uğultuda, yoxsa qarlarmı sovrulur? Neçə mövsümdür gözləyirəm burada, bu heybənin içində?

Qapının ağzında süpürgə xışıltısı ilə dolaşdığını eşidirəm. O gəldi, adım kimi bilirəm, o gəldi. İndi belinə atıb aparacaq məni. İri gövdəsi ilə yavaş-yavaş aralanır qapı. Ay işığında bir kölğə süzülür aralıqdan. Üzü üstə, yerdə sürüşərək irəliləyir. Dayanmadan qanayan bəhməz küpünə sürünür, qıvrımlarında əyilib bükülərək qalxır. Ordan da qarşı divara keçib lap dikəlir. Sonra dönüb otağın ortasına qədər irəliləyir, gəlib dirəyə sarılır, hıçqıra-hıçqıra ağlayır. Gözlərindən axan damlalar yanaqlarından sürüşüb qan gölünə damcılayır, şappıltısı otaqda əks-səda verir. Qaranlıqda kiçicik halqalar yaranıb yox olur. İlahi, yoxsa bu mənəm? Heybəni çiyninə atıb aparmağını boş yerə gözləyirəm? Gəlmədimi, gəlməyəcəkmi? Boş yerə gözləyirəmmi, İlahi?

Ehtiyatla heybədən çıxıram, sıyırılıb enirəm dirəyin kirli üstündən. Düşəndə onun yerə, torpağa uzandığını və başını həmin kirli üzü oyuqlarla dolu daşa söykədiyini görürəm. Yanına gəlib çatanda durub dirəkdən yapışır, bir anlıq eləcə dayanır. Həmin andaca, o bir anlıq boşluqda qaranlığı dəlib keçən gözlərini görürəm. Sürüşüb yerə düşürəm, ayaqlarının dibinə yıxılıb qalıram. Olduğum yerdə az əvvəl gördüyüm gözlərin mənə aid olduğunu anlayıram.

Heybəni çiynimə atıb otaqdan çıxıram. Əvvəlcə qaranlıq və soyuq dəhlizdən keçirəm. Bu dəhlizin məni geniş aynabəndə aparacağını, aynabəndin qibləyə tərəf baxacağını bilirəm. Aynabəndi keçib həyətin ortasında dayanıram. Əvvəl dönüb aynabəndə, sonra səmaya baxıram. Aynabənd əhənglə suvanmış divarı ilə birlikdə böyük, qaranlıq səhnənin ortasındakı aydınlıq üz kimi gülümsəyir. Səma ayın sarı parçasının arxasında ən lacivərd donunu geyinmiş zərif qadın kimidir. Səsi lap uzaqdakı lacivərd çini fənər kimi dayanmadan cingildəyir. Ayaqlarımın altında çil-çil parıldayan qarı tapdalaya-tapdalaya çıxıram həyətdən.

Hansı qapıya yetdimsə, öz səsimlə öz adımı səslədim. Heç kim açmadı. Fəsillər dəyişdi, dayanmadan yeridiyim torpaq çiçəklərlə bəzəndi, ürküdücü zərifliklə dolaşdım qapıları. Uşaqlı evlərin qabağında  daha çox ləngidim, heç kim oyanmadı, heç kim açmadı qapıları. Axırda dönüb-dolaşıb gəldim çıxıb getdiyim aynabəndə. Belimdəki heybədə daşıdığımın elə mən olduğunu bilə-bilə dayandım və adımı çağırdım.  Nənəm ağzını qulağıma lap yaxınlaşdırıb mümkün ən asta səslə “qətiyyən səsini çıxarma, gözlərini bərk-bərk yum və özünü yatmışlığa vur”, – dedi. Ardını bilirdim: səhər əzanı oxunacaq və rədd olub gedəcəkdi məlun.

Sübh çağı təndirdə cing-cing cingildəyən sacın səsi ilə oyandım. Hər tərəfi çörək ətri bürümüşdü. Dürüb köpüyün yanına getdim. Pəncərənin bir tayı açılmışdı, yüngül və təzə meh dolurdu otağa. Günəş üzünə toxunur, bir an duruxduqdan sonra qarşı divarda gölməçələnirdi. Üzümə baxdı, “hardaydın?” dedi. Bir xeyli danışdım. Gülümsəyib, uşaq məsumiyyəti ilə dinlədi. Halbuki o danışar, mən dinləyərdim. Bəlkə də bunu fikirləşdi. Təbəssümü bütün otağa yayıldı, divarlarda gəzindi xeyli.

İkindi çağı hekayətimi tamamladım. Axşam kölgələri kimi uzun nəzərlə baxdı üzümə: “Bir adamı kim apara bilər özündən qeyri?” – dedi. Sonra ahəstəcə sönüb getdi. Yatağının iri bənövşəyi güllərinin birinə iz qoydu, nəm və sərin. Şəhadət barmağımın ucu ilə ehtiyatla toxundum, dodaqlarıma aparıb öpdüm.

Dodaqlarıma aparıb öpdüm, ana.

Tərcümə: Cavid QƏDİR

Mənbə: 525.az

KÖŞƏ YAZARLARI
TOP 10