Koreya və türk xalqlarının bağları – Şəmil Sadiqin Seul konfransında çıxışı

9 Baxış

22014890_10211368379817595_1100636914_n-768x576

F.ü.f.d., dos. Şəmil Sadiqin Koreyada Altay Xalqları festifalı çərçivəsində keçirilən Beynəlxalq konfransdakı çıxışını təqdim edirik.

Biz, adətən, dünyamıza yerdən baxmağa çalışırıq və bu zaman Yer gözümüzün görə bilmədiyi qədər böyük görünür.  Amma quş baxışı ilə yeri seyr edəndə o qədər də böyük olmadığının, yerdə yaşayanların hamısının vahid vətəni olduğu qərarına çox asan gələ bilirik…

Azərbaycandan  Koreyaya baxmaq istəyəndə Günəşin doğulduğu yer kimi görürük. Günəş isə bütün şərq xalqlarında böyük önəm kəsb edir, işığı, istiliyi, yaradılışı, yaşamı simvolizə edir.

Hər bir xalqın yaddaşında onun öz kimliyi yaşayır. Öz əxlaqı və kültürünü min illər keçsə də, unutmur, sadəcə törəsində-yaşam tərzində sərgiləyir. İlk baxışdan Türk və Koreya xalqları arasında mifoloji təfəkkürdə ortaq nəsə axtarmaq çətin görünə bilər, atalarımızın, uzun zaman öncə bir yerdə yaşaması, qohum xalq olması o qədər də möcüzəvi görünməməlidir. Bunları sübut edən tarixi faktları tapmaq çox çətindir, əlimizdə çox az bilgi var. Amma Ural-Altay dil qrupuna aid olan Türk və Koreya xalqlarının Törəsinə, yaşam tərzinə, inanc sisteminə azacıq diqqət etsək, görərik ki bu gün belə, bir çox ənənlərimiz eynidir və ya çox bənzərdir. Bənzərliyin özü belə milli köklərimizdəki bağın əlamətidir. Bu bağ ilk inanışla da ola bilər, eyni soydan gəlməklə də… Amma çox dərin bağların olması faktlığında qalır. Göydəki Tenqriyə ilk inanan xalqlardan biri olması isə türk xalqları ilə eyni törəməsinin əsas əlamətidir.

Mən də məşhur nəzəriyyəyə əsaslanaraq, Yer insanının kökünün bir qaynaqdan olduğuna inananlardanam. Amma İlk insanla günümüzün insanı arasında  zaman fərqi təsəvvür edilməyəcək qədər uzaq olduğu üçün millətlər günümüzdə bir-birinə olan qohumluğuna inanmaqda çətinlik çəkir. Əgər Biz türklər, yəni asiyalılar Amerikada yaşayan Hindularla 13 min il, Fin-Uqorlarla 3-4 min il öncə eyni törədən ayrı düşmüşüksə, Koreyalılarla birgə yaşamımızın tarixi maksimum 1500-2000 min il öncəyə dayanır. Bu, Şərqi Göy Türk dövlətinin Xaqanı olan Qutluq Kağan dönəminə təsadüf edir. Sadəcə kiçik bir tarixi faktdır bu, lakin bu gün Koreyalıların inanc olaraq yaşadığı Şamanizm, yəni Tanrıçılıq hələ də var… Bizi birləşdirən də məhz bu, təbiətə, kainata inanış dinidir…  Düzdür, Koreyada din məsələsi çox qarışıqdır, hətta xristianlıqla buddizmin, şamanizmlə xristianlığın vəhdətindən yaranan yeni dinləri belə görmək olar.

Bizim törəmizin əsasında duran Tenqriçilik nədir sualına, bu cür cavab verə bilərik: ‘’Tenqriçilik türklərə aid olan bir inanc və düşüncə formasıdır. Tenqriçiliyin müqəddəs kitabı yoxdur. Tenqriçiliyə görə ən böyük müqəddəs kitab təbiətin özüdür. Göy Tanrı inancında fərdlər bir-birilərinin etdiklərinə görə məsuliyyət daşıyırlar. Bir insanın yanlışı eyni zamanda cəmiyyətin yanlışıdır. Bir insanın doğrusu eyni zamanda cəmiyyətin doğrusudur. Bu səbəblə fərdlər bir-birilərinə qarşı məsuliyyətli olmalı və bir-birilərini yönləndirməlidirlər. Göy Tanrı inancında fərdçilik deyil, cəmiyyətçilik vardır. Göy Tanrı inancına görə ölən insanın kölgəsi təbiətə qarışır və kainatın bir hissəsi olur’’.

Koreyalıları və Azərbaycan-Türklərni birləşdirən ən əsas inanc Tenqriçilikdir. Tenqriçilik nə idi, təbiətə inam, Kainata sayğı… Bu gün Koreya xalqının alt şüurunda, evindəki ənənədə bunlar yaşanmaqdadır. Heç biri dini ənənə deyil, sadəcə bizim ortaq törəmizdir.

Bu gün bütün xalqlar öz adət və ənənələrini dinlərə qurban verib və ya həmin ənənəsinə dini don geyindirib. Biz sadəcə bu dini donu düşüncəmizdən soyundursaq, o zaman törəmizin, inancımızın eyniliyini daha aydın görə bilərik. 50 milyon əhalisi olan Koreyada yüzdə 40 Ateizmin (əslində, ateizm indiki anlamında koreyalıları ifadə etmir, tam olaraq. Çünki Koryadakı Ateizm Nitşe düşüncəsinin məhsulu deyil məncə, sadəcə totemizmin, inancların təbii yolla sıradan çıxmasının məhsuludur. Hansısa dinə və ya onun allahına üsyanın məshulu deyil.), yüzdə 30 xristian (protestantizm və katolizm təqribən eynidir), yüzdə 24-nü isə buddistlər, çox az hissəsini isə şamanistlər və ya digər inanclar təşkil edir, Bizim Azərbaycanda isə hardasa yüzdə 95 müsəlmandır. Bu qədər qarışıq bir dinə sahib olan bir xalqla, dini dünyagörüşü həmən-həmən sabit və vahid olan bir xalqın yaşam tərzlərindəki onlarla ortaq əlamət heç bir halda uydurma və ya təsadüfü ola bilməz.

Bəzən bizə elə gəlir və ya elə təqdim edirlər ki, sanki hansısa millət dinləri tanımadan öncə (Din dedikdə Kitabı, peyğəmbəri, ibadət məkanı olan 4 dini nəzərdə tuturam) heç bir yaşam tərzi, törəsi yox idi. Əminəm ki, Koreyada da belədir. Ərəbistanda yaranan dinlər istər xristianlıq, istər islam, istərsə də musəvilik sözsüz ki, bir mədəniyyət formalaşdırdı, amma bu mədəniyyət müxtəlif xalqların törəsinin, ənənəsinin toplusudur. Hər kəs öz həyatını yaşamaq və ya missionerlər dinin yad bir şey olmadığını vurğulamaq üçün milli adətlərə dini don geyindirdi. Beləliklə də millə ənənələr dinləri böyütdü, gücləndirdi və yaşatdı. Heç kim etiraz edə bilməz ki, bu gün islamın islam olmasında ən böyük rolu türklər oynadı. Günümüzdə türk xalqları İslamı Ərəbdən daha mükəmməl yaşayır, amma bu mükəmməlizim heç də islam deyil, bu mükəmməlizm türk törəsidir ki, adı islam adlanıb. Sübut üçün ərəbin 1500 il bundan öncəki əxlaq və mədəniyyətinə baxmaq lazım deyil, bugünkü durumuna baxmaq yetərlidir.

Bu səpkidən bir koreyalının xristianlığı yaşaması ilə uzaq şərqdəki yunanın, romalının xristianlıq yaşamı qətiyyən eyni ola bilməz. Onlar da xristianlığın, büddizmin və sairə dinlərin bir iki formal ritualını götürməklə yetinmiş amma bunun fonunda öz ənənəsini yaşayır. Çünki dini əxlaq ifadəsi yoxdur, din qadağaları müəyyənləşdirir, törəni yox, törə isə təkcə qadağalardan ibarət deyil.

Yakutiyada yaşayan bir araşdırmaçı alim, Tenqriçilik inancına mənsub Nuralgiya Egerova ilə söhbətlərimizin birində deyirdi ki, ‘’Törə dediyimiz bir zihniyyətdir. Əslində, bütün türk dünyasına nəzər salsaq, axtarışdaymış kimi görünürlər, axtarış içərisindədirlər. Törəmizi bilməyimiz, öyrənməyimiz, yaşatmağımız gərəkdir. “Törə nədir?” deyə sual verirlər, “Özümüzə dönməyimiz lazımdır” deyirlər, amma diqqətinizi bir məsələyə çəkmək istəyirəm:  mən bütün türk ölkələrini gəzdikdən sonra türk törəsini tamamilə yaşayan, amma bunu anlamayan bir millət gördüm. Bəziləri bunu islam, bəziləri xristianlıq sanır. Əslində isə eyni mədəniyyəti yaşayırlar. Bu o deməkdir ki, türklər özünü yaşayır, ancaq bunu beyinlərində fərqli yerə yozurlar. Bu törə onların içində var. Bu insanın şüuraltında törə var, amma şüurda dini yaşadıqlarını sanırlar. Hara getsəm, eyni zehniyyəti görürəm – eyni qonaqpərvərlik, eyni açıqlıq. Biz çox açıq insanlarıq, pozitiv insanlarıq, budur türk törəsi! Axtarış lazım deyil, türk törəsini yaşayırıq, sadəcə bunu anlamağınız lazımdır. Fərqli dinlərə sitayiş edirik deyə, bəzən mübahisələr yaranır. Mən Anadoluda olanda onlara belə bir sual verdim: “Siz suya tüpürürsüz?”, “Yox, günahdır” dedilər, “Siz oda tüpürürsüz?”, “Yox, günahdır” dedilər. Bunlar islamda yoxdur, türk törəsində var. Bunları bilir, bunları yaşayır, amma İslamın tələbi kimi qavrayırlar’’.

Nuralgiya xanımın fikrinə birini də mən əlavə edim, Koreyada insanlar gecələr dırnaq tutmaz, tutsalar belə onu atmazlar, bu eynisi ilə Azərbaycanda da belədir. Demək ki, bütün bunlar bizim birgə törəmizdir. Ona görə dırnağı kəsəndən sonra atmarıq ki, orda bizim ruhumuzun bir parçası var, o bizim, insanın bədəninin bir hissəsidir.

‘’ Türk millətinin dilində ”Kut” deyə anlam var, bir də ”Tin“ var. Məsələn, Saxa (Saxa türkləri Tenqriçiliyə inanırlar) mədəniyyətində heç dəyişməmiş türk törəsi  saxlanılıb. Orda “Kut“ anlayışı üç cür yozulur: birinci “bor kut – torpaq kut”, ikinci ”hava kut – salqın kut”, üçüncü “ana kut – iyye kut”. Bədənə torpaq kut deyirlər. Niyə torpaq deyiblər? Çünki ana yumurtasıyla atanın sperması birləşincə insan olur. Bəs hardan gəlir bunlar?! Torpaqdan. Sonra uşaq doğulur və torpaqdan gələnlərlə qidalanır. Heyvan olsun, bitki olsun – hamısı torpaqdan gəlir. Hər şey torpaqdan gəlir, bu səbəbdən bizim bədənimiz böyüyür və torpaq başqa bir şəkil alır’’ (N.Egerova).

Azərbaycan türkləri ilə Koreya türkləri arasındakı ortaq yaşam tərzinə diqqət çəkim. Koreyalılar böyüklərimizə çox hörmət edir, bir məsələdə qərar alarkən ailəsinə, atalarına, analarına, böyüklərinə danışır, ailə birliyi ilə qərar verir. Adi günlərdə, bayramlarda, xüsusi günlərdə bir-birimizə qonaq gedir. Əgər evə daxil olurlarsa, ayaqqabılarını çıxarır, tərliklərini geyinir. Koreyalıları qonaqpərvər, gülərüzlü, paylaşmağı sevən millət olaraq adlandırsam, məncə yanılmaram. Diqqət etdinizmi, bu saydıqlarım bizlər üçün nə qədər doğma gəldi, sanki bizi anladırmışam…

Məsələn Koreyada işığa, oda olan inancla biz müsəlman türklərlərlə, xristian olan qaqauz türklərinin yanaşması, sayğısı eynidir. Biz odu müqəddəs hesab edirik, bir-birimizə alqış deyəndə ocağın sönməsin deyirik, biz bu gün də Novruz bayramında odun bizi pisliklərdən təmizlədiyinə, şər qüvvələri sadəcə odun yandırdığına inanırıq, həmçinin də Koreyada insanlar evdə lampanın belə sınmasını, işığın sönməsini bədbəxtlik hesab edirlər. Avropada, Ərəbistanda və bir çox xalqlarda od cəhənnəmi ifadə etdiyi halda, bizim ulu babalarımız ona səcdə etmiş, onun müqqəddəsliyinə inanmışlar. Maraqlı məqamlardan biri də budur ki, Od kultuna sayğı təkçə Koreyada, Azərbaycanda, Türkiyədə, Yakutiyada deyil, 2-3 min il öncə bizlərdən uzaq düşmüş və avropanın göbəyində yaşayaraq xristian olmuş Qaqauz türklərində də var bu gün. Onlar da bizim kimi hər ilin mart ayında ocaq qalayar, üstündən tullanar, bizi şərdən, bədlikdən qoru, təmizlə, ey od,- deyərlər…

Yakutiyada yaşayan türklərdən başlamış, ta ki Türkiyə də daxil olmaqla bütün türklər qeyd etdiyi bir bayram var, adı Novruzdur. Novruz Mart ayının ilk həftəsindən başlayaraq qeyd edilir. Bir təbiət bayramıdır. Qışın getməsi, yazın gəlməsi ilə bağlı olan bu bayramda insanlar yaşamlarının bütün sahələrində Novruzu ifadə edərlər. Hər kəs evini təmizlər və deyər ki, Bahara çox təmiz çıxmalıyıq, hər kəs yeni geyim hazırlar özü üçün, hər kəs öz süfrəsinə baharın gəlişini ifadə edən ən az 7 nemət qoyar ki, yeni il bərəkətli, bolluq olsun. Bütün küsülülər barışar, kəndlərdə, şəhərlərdə qəsəbələrdə əyləncəli şənliklər keçirilər, tamaşalar göstərilər. Novruz Yeni Gün deməkdir. Fikrimcə, bu bayram bir başqa formada bu gün Koreyada da yaşamaqdadır. Bu həmin təbiət bayramı, festifalıdır ki, o zaman nə biz müsəlman idik, nə də Koreyalılar Butpərəst, xristian və sairə… Bu o zaman yaranmışdır ki, Tenrqiçiliyin, şamanizmin fəlsəfəsi olan təbiətə inam var idi.

Koreyadakı Samjianal adlı bahar festifalı ilə türklərin yaşadığı bahar bayramının çox incə detalları da bir-biri ilə eynidir. Hər iki xalq bu bayramı mart ayında keçirir, hər iki xalqın yaşatdığı bu gələnəkdə həmin günlərdə milli yeməklər bişirilir, milli geyimlərə üstünlük verilrir. Həmin bayram günlərində bizim ellərdə od yandırıb, ocaq qurarıq. Bu çərşənbə günü adı ilə qeyd edilir. Od insan oğlunun yaşam simvoldur və ta qədimdən türklərin oda ciddi bir sayğısı olmuşdur. Həmin ocaq sönəndə ailə böyüklərimiz odu 7 yerə dağıdar və deyər ki, bahar təkcə bizim üçün deyil, həm də heyvanlar üçün gəlir. Ona görə də yeddi yerə dağıdılan odun hərəsini bir heyvana göndərirmiş kimi edir. Bu ilanın payı, bu qurdun payı, bu quşun payı və s. Koreyadakı Samjinnal bayramında da heyvanlara sayğı var.

Digər bir tərəfdən Koreyada samjinnal bayramında  çiçəklərdən hazırlanan Sumyeon adlı yeməklə, Azərbaycanda Buğdadan çıxan yaşıl otdan hazırlanan səməni halvası da eyni məqsəd və inanca xidmət edir.

Bu araşdırmanı edərkən mənim üçün ən böyük tapıntı alma oldu…

Türk xalqlarının çoxunda olmasa da, Azərbaycanın tarixi bölgələrindən biri olan Naxçıvanda insanlar Novruz bayramında önəm verdikləri insanlarla görüşərkən əllərində qırmızı alma götürürlər. Bayramlaşma məqsədi ilə əl-ələ görüşmək almasız da olur, amma alma ilə görüşmək, könlü xoş etmək, hörməti bildirmək deməklə yanaşı, kimsə kiminləsə küsülüdürsə, alma sayğını, barışma təklifini ifadə edir. Və bu gün Koreyda insanlar bir-birlərinə üzrxahlıq etmək istərkən alma verərlər və alma sözü həmdə üzr istəmək mənasını daşıyır.

Mən Şərqin bu başındakı bir xalqla o başındakı bir xalqın törəsində (yaşamında) olan bu hadisəni heç bir halda təsadüfi hesab edə biləmərəm. Bəzi tədqiqatçılar sübut etməyə çalışır ki, Novruz Dini (islami) bir bayramdır. Əgər islama aid bir bayram olsa idi, o zaman İslamı son 50 ildə tanıyan bir koreyada bunu eynisi keçirilməzdi.

Bir törəni həyatımızda yaşamağımıza, eyni dil qrupuna mənsub olmağımıza baxmayaraq, min illərdir bir-birimizdən ayrı düşmüş, xəbərsiz yaşamışıq. Ümid edirəm ki, öz törələrimizə sahib çıxacaq, onu yaşadacağıq. Əminəm ki, araşdırsaq, yüzlərlə ortaq əlamətlirimizi mifoloji təfəkkürümüzdə tapa bilərik.

Fikrimi Hüseyn Cavidin ‘’ Mənim Tanrım gözəllikdir, sevgidir’’ misrası ilə bitirib, bütün insanlığa sevgi və gözəllik arzu edirəm… Yaşasın, cinayətdən, qandan, terrordan, hiylədən uzaq, dini ideologiyaların əsiri olmayan, barış sevdalısı insanlıq!

KÖŞƏ YAZARLARI
TOP 10