Kövrək xəyallarla kənddən boylanan şair

41 Baxış

zelimxanyaqub

  Xalq şairi  Zəlimxan Yaqub

 

 Sazı-sözü qədimdən qədim olan, adət-ənənəsi min illərin qaynağından su içən Borçalı mahalında, Bolnisi rayonunun Darvaz kəndində Təbriz İman adlı bir şairimiz yaşayır.  Adı ən çox sevdiyimiz ana şəhərimiz Təbrizin adından götürülüb. Kəndinin adı Darvazdır. Darvaz kəndinin uca qayaları, sıldırım dağları, əlvan meşələri, qaynar bulaqları, yaşıl çəmənləri poeziyadır, sözün əsl mənasında poeziya. Bu şeiriyyatın içində Təbriz yaşayıb-yaradır. At minənləri, cıdıra çıxanları, qılınc oynadanları, yarışa duranları, uzaq yollar yoranları da, Təbrizin udduğu hava, çəkdiyi nəfəs, içdiyi su, yediyi çörək və qövsü-qüzeh rəngləri də hamısı başdan-başa şeiriyyətdir. Meşələr qoynunda yerləşən Darvaz həm də Borçalıda dağla aranın qovuşduğu, əsrarəngiz təbiəti ilə seçilən bir yerdir.  Bu təbii gözəlliklə hər gün təmasda olan, dağlardan qürur, qocaman palıd ağaclarından məğrurluq, mətinlik, suyu diş göynədən bulaqlardan saflıq, paklıq alan, durulan və durula-durula ucalan  Təbriz aran-yaylaq yollarını hər gün görür və gördüklərini sevə-sevə şeirə gətirir:

 

 

Arı kimi bu çiçəkdən

o çiçəyə qonuram,

Təbrizəm, zövq ala-ala

yaşadır dağlar məni.

 

Doğurdan da, arı kimi güldən-gülə qonmaq, çiçək­lərdən şirə çəkmək, çəkdiyi şirəni bala döndərmək arı­lara və şairlərə qismət olur. Təbriz də belə bir aləmdə yaşayır.

Təbriz şair olduğu üçün üzünü elinə-obasına, yurduna-yuvasına tutur, “uman yerdən küsərlər” deyib məhəbbətə məhəbbət, sevgiyə sevgi umur və haqlı ola­raq deyir:

 

Şair balanızın qədrini bilin,

Bir də doğacaqmı analar məni.

 

İnam sevəndə, seviləndə böyüyür, ucalır. Təbriz də ha­mı kimi böyümək, sevmək və sevilmək istəyir. Bu, onun şair haqqıdır.

 

Şəhər həsrətiylə kənddən boylanıb,

Kövrək xəyallara dalan şairdi.

 

Təbriz İman – onun ömrü kənddən şəhərə boy­la­nan, şəhər həsrətiylə alışıb yanan, ancaq kəndinə-kə­sə­yinə bağlı bir ömürdü. Onun həmsöhbəti təkcə insanlar deyil, yarpaqdı, torpaqdı, daşdı, qayadı, ağacdı, otdu, sudu, göydə süzən quşlar, suda üzən balıqlardı, meşədi, kökdü, budaqdı, bir sözlə, ana təbiətdi.

 

Mənim yolum saz yoludu,

sazın yolu öz yolum,

Aramızda vəhdət qurur

söhbət yolum, söz yolum.

 

– deyən Təbrizin yolu elin, sazın-sözün, məclisin, duyan ürəklərin, sevən könüllərin yoludur. Bu yol onu ucalığa, yüksəkliyə, uğura, zirvəyə doğru aparır, haqqa-həqiqətə doğru çəkir.

Xalq öz şairinə arxa duranda, onu hər bəladan qo­ruyanda şair də, xalq da böyüyür, gərək xalq öz şairinə sahib çıxmağı bacarsın. Vay o gündən ki, şair xalqın yolundan çıxa, xalq da şairin. Dünya onda gözəl olur ki, xalq şairin qədrini bilə, şair də xalqı iki gözü kimi sevə!

 

Küsər dağları, gül açmaz,

Şair yaddan çıxanda.

Günəş də şəfəq saçmaz,

Şair yaddan çıxanda.

 

Tarix susar, il ağlar,

Bəm sızıldar, zil ağlar.

Ağlar, anadil ağlar,

Şair yaddan çıxanda.

 

Yaxşı şairlər, qələm ustaları heç vaxt xalqın ya­dın­dan çıxmır. Allahın da, xalqın da sevimlisi olur.

Təbriz İman Allaha, Tanrıya, yerə-göyə, təbiətə, hə­qiqətə bağlı şair olduğu üçün şeirləri təbii və səmimidir. Onun şeirləri ona görə təbiidir ki, qoynunda yaşadığı təbiəti yaxşı duyur, görür, oxuyur, düşünür və düşündürür. Bir tərəfi Başkeçid yaylaqlarına söykənən Darvaz dərəsi deyilən coğrafi məkan onun ruhunun, ürəyinin, şeirinin baş qəhrəmanıdır. O, ilhamını bu qəh­rə­mandan, yəni torpaqdan, Borçalı torpağından alır. Mən də Borçalı mahalının, Başkeçid yaylaqlarının, Dar­­vaz ellərinin arzularına qoşulub şair dostumuza uğurlar arzulayıram! Təbriz İman! Qoy bu ad adı qü­rurla çəkilən böyük Təbrizimizin cərgəsində səslənsin! Amin! 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Tənqid, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10