Küçənin ürəyində qətl

76 Baxış

 Kamran Süleymansokak

Gecə, küçənin ürəyində guruldayan atəş səsinə diksindi…Çoxdandır sükut buralarda gəmi kimi lövbər salıb yatmışdı deyə bu səs hər kəsi təşvişə saldı. Saniyələr sonra küçədə uzaqlaşan kölgə və addım səslərindən başqa heçnə gözə dəymirdi. Hadisənin şahidi olan pəncərələr, işıqlar, boş skamyalar və bir də kölgənin arxasınca dikilən gözlər – susurdu…
Üstündə xırda daşlar döşənmiş eniş yoldan üzüaşağı süzülən və az irəlidə laxtalanmış qan, ölüm mələyinin biraz öncə buradan keçdiyinə işarə verirdi.  Artıq hadisədən on dəqiqə keçmiş və küçə adamla dolmuşdu.  Cəsəd hər kəsin qorxuyla gizlədiyi sirrə çevrilmişdi elə bil. Dövrəyə alınan cəsədin gözləri açıq, rəngi solğun, üzündə qorxu ifadəsi getdikcə daha da əcaibləşməkdəydi… Üzündə zaman donmuşdu. Qəribədir ki, insan ölümün şəklini necə bu qədər mahircəsinə çəkə bilmişdi.
Yığılan adamların pıçıltılarından məlum oldu ki, mərhum heç də məsum biri deyil. Küçələrdə veyillənən vecsiz küçə oğrusudur və necə deyərlər bu gecə də ova çıxarkən özü ovlanıbmış. Tində dayanıb gəlib-gedəni hədələyən, pul istəyən bu adamın köhnə, paslanmış soyuq silahı bu dəfə ona heç bir kömək edə bilməmişdi. Çox güman ki bu gecə artıq özü “öz sənətinin” qurbanı olmuşdu.  Naməlum qatil sadəcə bir dəfə atəş açmışdı. O da alnından. Səbəb isə məlum – məqtul  öz içki pulunu bu gün də əziyyət çəkmədən qazanmaq istəmiş və “gəmisi sərt qayaya rast gəlmişdi…”
Mənsə olanları izləyərkən plaşımı küləyin əlindən alıb bərk-bərk qucaqladım, küçənin sonundakı işıq dirəyinə söykənib siqaret yandırdım. Gecə hələ uzun və darıxdırıcı görünürdü.  Hər kəsin üzündə qəribə sükut hökm sürürdü nədənsə.
Artıq hadisədən təxminən bir saata yaxın vaxt keçmişdi və yağışın yağmasını gözləməyən süpürgəçi qoca qadın laxtalanmış qanı küçə boyunca yuya-yuya dodaqaltı nəsə mızıldanırdı.  Anlamsız sözlər ağzından çıxan kimi havaya qarışırdı.  Yenə səssizlik və yarpaqların xışıltısı… Ölüm küçəyə bu qədərmi yaraşardı görəsən? Bilmirəm…
Qatilin kimliyi isə yaddaşlarda hələ bir xeyli vaxt yalnızca kölgədən ibarət olaraq qalacaqdı…
Mən kiməm?…Kim olacam ki…

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10