Küçənizdən keçəndə – ŞEİRLƏR

28 Baxış

Sevgi marşırauf


Bu dünya ləzzətə, dada gəlibdir,
Sevginin dadını biləndən bəri.
Elə bil gecə də günəş nur yayır,
Sən mənim üzümə güləndən bəri.
Xoşbəxtlər halıma həsədlə baxır, 
Şimşəklər sevgimin gücündən çaxır.
Gözümün yaşları sevincdən axır,
Qəlbimdən qəmləri siləndən bəri.
Əlvida demişəm kədərə,aha,
Ümidlə baxıram gələn sabaha.
Kimsələr sevgidən ölməyir daha, 
Mən sənin eşqindən öləndən bəri.

KÜÇƏNİZDƏN KEÇƏNDƏ…

Yer dəyişir Günəşlə Ay,
Göy üzünü tutur duman.
Zülmət elə basdırır ki,
Sabaha da qalmır güman.
Bulud yerə daş ələyir,
Daşı odlu səpələyir.
İnsan durub insan yeyir,
Bilinməyir yaxşı yaman.
Yerlər dönüb göy olurlar,
Vaylar toya bəy olurlar.
Ağıllılar səy olurlar,
Dəyərlənir quru saman.
Su insanı zəhərləyir,
Dağ dərəyə başın əyir.
Şərə məğlub olur xeyir,
Yad olurlar oxla kaman.
Bir Qəribəm, ömrüm solur,
Yazıq Anam saçın yolur.
Dünya sanki alt-üst olur,
Küçənizdən keçən zaman,
- Aman Allah,aman, aman.

SƏNSİZ
…Və günlər ötüşdü, aylar ötüşdü,
İlləri illərə caladım sənsiz.
Onsuz da virana dönmüş qəlbimi,
Quldurluq edərək taladım sənsiz.
***
Savaşa girişdim, etmədən bəyan,
Nə amac bəlliydi, nə amal ayan.
Heç zaman demədim, ”ey mən, bir dayan”.
Od üstə odları qaladım sənsiz.
***
Nə vardı yox etdim, dağıtdım, yıxdım,
Kədərin ən dərin yerinə çıxdım,
İşıq gələn yeri qapadım, tıxdım,
Qanımı axıdıb yaladım sənsiz.
***
Tələsdim əcələ yox ikən qovan,
Ətimi çeynədim, yedim mən yavan,
Bir mismar var idi, bir də ki tavan,
Dərd ipin boynuma doladım sənsiz.

SATİRA
İndi tülkü cəng eləyir aslana,
Aslan isə yer axtarır yaslana.
***
Qarğa tutub qartalların yerini,
Qartal isə seçib daha dərini.
***
Çaqqal qurdun əvəzinə ov edir,
Qurda sorsan, deyəcəkdir “ov nədir?”.
***
Bülbül kimi cəh-cəh vurur sərçələr,
Bülbül çətin bundan sonra dirçələ.
***
Siçan isə qovar olub pişiyi,
Pişik çəkir it əvəzi keşiyi.
***
Toyuq təkin qaqqıldaşır xoruzlar,
Qoyun kimi nazla gəzən qoç da var.
***
Dəyişibdir zəmanəmiz, arkadaş,
Qərib, dinmə, bu gün,sabah yağar daş.

OLMAZ OLMAZ (yepyeni)

Payızın sonunda qış olur mütləq.
Hər qışın sonunda yaz olmaz olamaz.
Ağaran saçlarla, bükülən bellə,
İnsanın həyatı saz olmaz olmaz.

Nəsihət qulağa olmalı sırğa,
Qatırı ha çapsan yeriməz yorğa.
Bülbültək çəməndə ötəmməz qarğa,
Toyuqdan həyətə qaz olmaz olmaz.

Cənnətin, bəlkə də, çıxıbdır adı,
Hər daddan əzizdir dünyanın dadı.
Çatsa da yüz yaşa insan övladı,
Sabaha ümidi az olmaz olmaz.

 

Rauf Qərib

Bölmə : Poeziya, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10