Kukla Teatrında növbəti premyera – “Oyaq gözəl”

36 Baxış

sislDekabrın 20-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Oyaq gözəl” tamaşanın premyerası keçiriləcək. Tamaşa tanınmış rus uşaq yazıçısı Vladimir İlyuxovun fransız yazıçısı Şarl Perronun “Yatmış gözəl” nağılından bəhrələnərək qələmə aldığı ikihissəli “Oyaq gözəl” pyesi əsasında hazırlanıb.

Anar Məmmədovun quruluşunda hazırlanan səhnə əsərinin əsas qayəsi böyükləri dinləmək, qəhrəmanlıq, güclə ağlın bərabərliyi və məntiqə əsaslanmaqla bütün maneələri dəf etməkdir.

Komik elementlərlə zəngin nağıl-tamaşa müasir üslubda hazırlandığından burada dövrün uşaqlarının yaxından tanıdığı və sevdiyi nağıl qəhrəmanlar da sintez olunub.

Uşaqlara dostluq, qəhrəmanlıq, qorxmazlıq, haqsızlığa qarşı mübarizə, çeviklik və məqsədyönlülük kimi keyfiyyətləri ayrı-ayrı situasiyalarla göstərən tamaşada canlı plan və kukla oyunu vəhdətdə təqdim edilir.

Birhissəli uşaq tamaşasının bəstəkarı Əməkdar İncəsənət Xadimi Cahangir Zülfüqarov, rəssamı Əfşan Əsədovadır.

Tamaşada əsas rolları Cəmilə Allahverdiyeva, Rəhilə İbadova, Elnur Xəlilov, Cavid Telman, Samirə Nəcəfova, Elmira Hüseynova, Elnarə Hacıyeva və Araz Həsənov ifa edirlər.

Qeyd edək ki, teatr uşaqların qış tətili və Yeni il bayramı günlərində də məhz bu tamaşa ilə çıxış edəcək. Qış pərisi, Yatmış gözəl, Cəngavər Pişik, xeyirxah Dəniz qulduru, sadiq dost Gonbul, yaraşıqlı Şahzadə kimi personajların yer aldığı tamaşa uşaqlara xoş anlar yaşadacaq. Bundan başqa balacalar teatrda hər tamaşanın ardınca Şaxta baba və Qar qız, eləcə də məşhur nağıl qəhrəmanlarının ifasında əyləncəli proqramı da izləyə biləcəklər.

 

KÖŞƏ YAZARLARI
TOP 10