Kukla Teatrında yeni ildə 4 tamaşa hazırlanacaq

29 Baxış

kuklaYeni ilə yeni yaradıcılıq axtarışları və rəngarəng repertuar seçimi ilə başlayan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında səhnələşdiriləcək əsərlər müəyyən olunub.

Senet.az xəbər verir ki,  il ərzində hər rübə biri olmaqla ümumilikdə 4 yeni tamaşa hazırlanaraq teatrsevərlərin ixtiyarına veriləcək.

İlk olaraq balacaların sevimli məkanında böyüklər üçün tamaşa təqdim olunacaq. Belə ki, teatrın baş rejissoru Qurban Məsimovun rejissoru olduğu “Melodiya” adlı tamaşanın artıq məşqlərinə start verilib. Ailə-məişət mövzusundakı sözsüz, musiqi və hərəkət üzərində qurulan tamaşa yanvarın sonunda təqdim olunacaq.

Teatr builki repertuarına məşhur Avropa nağılı “Gözəl və bədheybət”i də daxil edib. İkinci rüb üçün nəzərdə tutulan tamaşaya teatrın gənc rejissoru Anar Məmmədovun quruluş verməsi planlaşdırılır.

Balacaların sevimli nağıllarının müəllifi, məşhur nağılçı Şarl Perronun əsərlərinə də repertuarında geniş yer verən teatr bu dəfə onun “Qırmızı papaq” əsərinə müraciət edib. Klassik nağıl nümunəsinə teatrın baş rejissoru Qurban Məsimov tam fərqli bir yozumla quruluş verəcək.

İlin sonlarında rus xalq nağılı əsasında hazırlanacaq “Ziyankar dovşan” tamaşasına isə Moskvadan dəvət olunacaq tanınmış rejissor Stanislav Jelezkinin quruluş verməsi nəzərdə tutulub.

Qeyd edək ki, ilin birinci rübündə teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının təqdimatında ərsəyə gələn “Oyaq şahzadə” adlı nağıl-tamaşa da nümayiş etdiriləcək.

Bölmə : Sənət xəbər