Kukla Teatrının növbəti uğuru

3 Baxış

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin, eləcə də Azərbaycanın Yunanıstandakı Səfirliyinin dəstəyi ilə 28 may-6 iyun 2016-cı il tarixlərində bu ölkədə Azərbaycan Mədəniyyəti həftəsi reallaşıb.

Qədim mədəniyyət beşiyi, teatr, sənət ocağı olan Yunanıstanın paytaxtı Afina başda olmaqla bir neçə şəhərini əhatə edən mədəniyyət həftəsi boyunca yunanlı sənətsevərlər Azərbaycan mədəniyyəti və incəsənəti, onun musiqi və teatrı ilə yaxından tanış olmaq imkanı qazanıblar.

Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin baş məsləhətçisi Vəfa Novruzova, Azərbaycan Dövlət Kukla Teatrının direktoru, UNİMA Milli Mərkəzinin prezidenti Rəşad Əhmədzadə, teatrın baş rejissoru Qurban Məsimov, baş rəssamı İqbal Əliyev, aktyorlar Cavid İbrahimov, Rəhim Rəhimov və Lina Məmmədovanın təmsil olunduğu heyət milli mədəniyyətimizi layiqincə təmsil edə bilib. Kollektiv səfərdə teatrın repertuarında xüsusi yer tutan və bir neçə beynəlxalq festivalda uğurla nümayiş olunan Kamran Şahmərdanın “Ağ və Qara”, Qurban Məsimovun “Çanta trio və …”, eləcə də yeni səhnə işlərindən olan “Zəng” adlı mono tamaşalarla çıxış ediblər.

Kollektiv bir həftə ərzində Afina, Haniya, Retimnon, İraklion, Sitian şəhərlərinin ən qədim teatr səhnələrində gündə bir neçə seans olmaqla ümumilikdə on tamaşa göstəriblər.

Istənilən yaş kateqoriyasındakı çoxsaylı yunanlı sənətsevərə Azərbaycan kukla teatrı, tamaşa, oyun üslubunu, müasir ifa texnikasını fərqli mövzulu üç tamaşada ustalıqla təqdim edən aktyorlar sənətsevərlərin rəğbətini qazanıblar.

Səfər müddətində Afinadakı Uşaq Onkoloji Mərkəzində də uğurla çıxış edən kollektivin tamaşası YUNESKO-nun xoşməramlı səfiri xanım Marianna Vardinoya tərəfindən mükafatlandırılıb. Belə ki, teatra “ELPİDA” Uşaq və Dostlar Assosiasiasının təşəkkür məktubu, nümayəndə heyətinin hər bir üzvünə isə dostluq medalları təqdim olunub.

Beləliklə, mədəniyyət həftəsi müddətində kuklaçılar həm qədim Yunanıstanda, həm də egey mədəniyyətinin mərkəzi Krit adasında Azərbaycan teatrını layiqincə təmsil edə və tələbkar yunanlı sənətsevərləri təsirləndirə biliblər.

Bölmə : Sənət xəbər, Teatr