Küləyə qarşı yeriyən adam

106 Baxış

ilknur

İlknur Salamova

 

Biz adətən, böyük insanları, elm, incəsənət, ədəbiyyat xadimlərini xüsusi günlərdə, əsasən də ölüm və doğum günlərində xatırlayırıq. Məhz həmin günlərdə onların yazdıqları, yaratdıqları yadımıza düşür. Ancaq elə dahilər, elə ədiblər də var ki, onları xatırlamaq, onlara ona sevgimizi ifadə etmək üçün xüsusi günləri gözləməyə ehtiyac duymuruq. Mənim üçün belə insanlardan biri əlbəttə ki, ən sevimli şairim Nazım Hikmətdir – Küləyə qarşı yeriyən adamım…

Küləyə qarşı yeriyirəm,

Yamaqlı küçələrində bu şəhərin…

 

Kimi onu “Romantik kommunist”, kimi də “Romantik inqilabçı” adlandırırdı. Ancaq o, hər şeydən əvvəl bir insan idi. Siyasi seçimləri üzündən dəfələrlə həbs olunan, həyatının böyük hissəsini həbsdə və sürgündə keçirən, vətən həsrəti çəkən, yenə də sevgiyə olan inancını itirməyən bir insan. “Mavi gözlü div” şeirindəki kimi div ürəyinə sahib bir insan…

 

Bir div kimi sevirdi, div.

Və əlləri elə böyük işlər üçün

yaradılmışdı ki, divin,

döyə bilməzdi qapısını

baxçasında ebruli,

xanıməli

açan evin.

 

1902-ci il 15 yanvar tarixində dünyaya göz açanda ona Nazim adını qoydular. Nazim elə adına uyğun olaraq şeirdə, nəzmdə yüksəldi, bütün dünyada tanınan, əsərləri 50-dən çox dilə çevrilən XX əsrin ən böyük şairlərindən biri oldu. Amma, bu, o qədər də asan başa gəlmədi.

 

1951-ci ildə Türkiyə vətəndaşlığından çıxarıldı. Öz ölkəsində yasaqlandı. Yazdıqlarına görə, 11 ayrı iddiadan mühakimə olundu. İstanbul, Ankara, Çankırı və Bursa həbsxanalarında 12 ildən çox yatdı.

 

Nə yazırdı axı, Nazim Hikmət, nədən yazırdı ki, bu qədər müqavimət, bu qədər kinlə qarşılaşırdı?

 

O, həqiqətləri yazırdı, haqsızlıqlara qarşı çıxır və ən əsası xalqının, o cümlədən bütün insanların gözünü açmaq istəyirdi.

 

Bu dünya öküzün buynuzunda yox,

bu dünya əllərinizin üstündə dayanır.

 

-deyirdi, Nazim Hikmət “Əlləriniz və yalanlara dair” adlı şeirində və belə davam edirdi:

 

Və insanlar, ah, mənim insanlarım,

yalanla bəsləyirlər sizi,

halbuki, acsınız,

ətlə, çörəklə bəslənməyə möhtacsınız.

 

Və ağ bir süfrədə bir dəfə

doyunca yemək yemədən

köçüb gedəcəksiniz bu hər budağı təam dolu dünyadan.

 

Nazim insanları kitablarda yazılanlara, televiziyalarda göstərilənlərə inanmamağa çağırır; kinolara, reklamlara, bir sözlə böyük bir yalanın parçası olan hər şeyə qarşı diqqətli olmağı tövsiyyə edirdi:

Elə buna görə də, sevilmir,  yasaqlanır, vətən xainliyi ilə damğalanırdı.  Onu vətən xainliyi ilə ittiham edənlərin “vətənpərvərlik”lərinin iç üzünü açan şair,  “Nazim Hikmət vətən xainliyinə davam edir” şeirində şaiyələrə cavab verir və “Bəli mən vətən xainiyəm” deyirdi:

Vətən fermalarınızdırsa,

kassalarınızın ve çek dəftərlərinizin içindəkilərdirsə, vətən,

….

fabriklərinizdə al qanımızı içməkdirsə, vətən,

vətən dırnaqlarıdırsa, ağalarınızın,

…..

mən vətən xainiyəm.

Yazın üç sütunda, qapqara, hayqıran şriftlərlə:

Nazim Hikmət vətən xainliyinə davam edir, hələ də.

 

Bütün dünyanı gəzib vətən həsrəti ilə yaşayan adam

 

1921-ci ildə getdiyi Moskvada inqilabın ilk illərinə şahid olur və kommunizm ilə tanışlığı da elə burdan başlayır. Türkiyəyə qayıtdıqdan sonra “İşıqlıq Jurnalı”nda işə başlayır, ancaq jurnalda nəşr olunan şeir və yazılarına görə, 15 il həbsi istənilir. Beləliklə də o, təkrar Sovetlər Birliyinə qayıdır. 1928-ci ildə əfvdən yararlanaraq təkrar Türkiyəyə gəlir, ancaq 1938-ci ildə ordunu qiyama səslədiyi iddiası ilə 28 il 4 ay həbs cəzasına məhkum edilir. 12 il həbs yatır. 1950-ci ildə əfv qanunuyla sərbəst buraxılır. Onun Bursa həbsxanasında qaldığı bu illər daha sonra 2007-ci ildə çəkilən “Mavi Gözlü Dev” adlı filmdə öz əksini tapır. Türkiyə vətəndaşlığından çıxarıldıqdan sonra Moskvada yaşayır. Xaricdə keçirdiyi illərdə Bolqarıstan, Macarıstan, Fransa, Kuba, Misir kimi ölkələri gəzir, buralarda konfranslar təşkil edir, müharibə və imperializm əleyhinə olan hərəkatlarda iştirak edir, radio proqramları təşkil edir. Ancaq heç vaxt öz məmləkətini unutmur, həmişə vətən həsrəti çəkir və bu həsrəti də məmləkət, vətən haqqında yazılmış şeirlərində dilə gətirir. Bunlar bəlkə də bir insanın məmləkət sevgisini əks etdirən ən təsirli şeirlərdir:

 

Sən indi yalnız saçımın ağında,

damarında ürəyimin,

alnımın cizgilərindəsən məmləkətim,

məmləkətim…

 

başqa bir şeirində isə belə deyir, usta şair:

 

Məmləkətimi sevirəm:

Çinarlarında gəzdim, həbsxanalarında yatdım.

Heç bir şey unutdurmaz sıxıntımı

Məmləkətimin mahnıları və tütünü kimi.

 

Nazim Hikmət Türkiyə vətəndaşlığından çıxarılmışdı, amma onun əlindən alınması mümkün olmayan bir vətəndaşlığı daha vardı – o, dünya vətəndaşı idi. Elə 1950-1963-cü illər ərzində yazdığı şeirlərində də dünyanın gəzib gördüyü yerlərini, şəhərləri və həmin şəhərlərdə keçirdiyi hissləri yazıb Nazim. İstanbul, Moskva, Paris, Sofya, Roma, Praqa, və doğma Bakımız Nazimin şeirlərində ən gözəl şəkildə təsvir olunub:

 

Gecə vaxtı ulduzsuz, ağır dənizə qədər

Gecə zülmət qaranlıqda günəşli buğda tarlasıdır, Bakı şəhəri.

 

Sevgililəri dünyanın ən şanslı qadınları olub

 

Nazim Hikmət şeirlərində sevginin hər halı əks olunub. Məmləkət sevgisi, həyata olan sevgi, qadına olan sevgi… Nazim Hikmətin sevgililəri bəlkə də dünyanın ən şanslı qadınları olub. Çünki, onlar, haqlarında ən gözəl eşq şeirləri yazılan qadınlardır. Nüzhet, Pirayə, Münəvvər, Qalina və Vera- hamısı da Nazimin şeirlərində eşq təcəssümünə çevriliblər. Belə deyilir ki, Nazim bu qədər çox qadına şeir həsr etsə də, axtardığı sevgini heç vaxt tapa bilməyib. Ancaq bu fikir o qədər də inandırıcı deyil, həqiqi sevgini tapmayan bir insan belə şeirləri necə yaza bilər?

 

Sevirəm səni

Çörəyi duza basıb yemək kimi

Gecə vaxtı atəşlər içində oyanaraq

ağzımı bulağa dayayıb su içmək kimi

 

………….

 

Xoş gəldin qadınım mənim, xoş gəldin!

Ayağını basdın otağıma

….

Güllər açıldı pəncərəmin dəmirlərində.

Ağladın,

ovuclarıma töküldü incilər;

könlüm kimi zəngin,

azadlıq kimi aydınlıq oldu otağım.

Xoş gəldin qadınım mənim, xoş gəldin…

 

Ölümü qorxudan adam

 

1963-cü il iyulun 3-də, səhər saat 06:30-da qəzet almaq üçün ikinci mərtəbədəki mənzilindən binanın qapısına gedən Nazim Hikmət qəzeti götürərkən infarkt keçirir.

Sovet Yazıçılar Birliyinin salonunda keçirilən hüzr mərasimdə yerli və xarici yazıçılar iştirak edirlər. Nazim Hikmət Moskvada məşhur Novo-Deviçye qəbristanlığında dəfn olunur. Məzar daşının üzərinə “Küləyə qarşı yeriyən adam” şeirindəki adamın fiquru çəkilir.

 

Nazimi sevənlər deyirlər ki, ölüm ondan qorxurdu. Çünki ölüm bu böyük şairin bədənini alsa da ruhunu, misralarını insanların yaddaşlarından silə bilməyəcəyini bilirdi. Onun şeirləri Bilqamışın axtarıb tapa bilmədiyi ölümsüzlük zərdabı oldu, Nazimə ölməzlik bəxş etdi. Onu sevənlər, sevməyənlər, hətta siyasi görüşlərinə görə onu tənqid edənlər belə, bu böyük insanın sənəti qarşısında baş əyməli oldular. Əgər onun şeirini bəyənmədiyini deyən biri varsa, bilin ki, o yalan danışır. Bəli, onun şeirlərində elə bir sehr, elə bir sirrli qüvvə var ki, insan oxuduqca təsirinə düşür və Nazimi sevməmək mümkünsüz olur.

 

Nazim yaşayır və yaşamağa da davam edəcək!

 

Artıq 111 ildir ki, Nazim Hikmət küləyə qarşı yeriyir və küləyin sürəti artdıqca onun addımları da yeyinləşir. Çünki, onun xəyalında “Gülüşü dəniz mavisi uşaqlar” olan bir məmləkət var.

 

Sanki mən min yaşında bir dəliyəm

Bu şəhərin yamaqlı küçələrində

Küləyə qarşı yeriyirəm

Xəyalımda “Gülüşü dəniz mavisi uşaqlar”

 

P.S: şeir parçalarının tərcüməsi müəllifə aiddir.

 

 

 

 

 

Bölmə : Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10