KÜLƏK

184 Baxış

13199137_10209162217951181_18559732_o

Xülya Cəfərova

Külək bir neçə saatdan sonra dünyaya gəlməliydi. Hər kəs kimi ona da seçim şansı veriləcəkdi. Anasının bətnindəki isti sığınacağından məhrum olandan sonra yaşamına harada davam edəcəyini qərarlaşdırmalı idi: ya vücudunun formalaşmağa başladığı ilkin günlərdən bəri sığallarını, şirin sevgi etiraflarını duyduğu, lakin hələ üzünü görmədiyi ata-anası ilə qalmağı seçəcək, ya da cisim halını almadan öncəki mövcudluğuna qayıdacaq və “insan” olmaqdan imtina edəcəkdi.

Bütün doğulmamış ruhlar kimi o da dünya haqqında saysız-hesabsız miflər, əfsanələr eşitmişdi. Sonsuz ənginlikdəki səmanı, çiçəklərin sözlə ifadə olunmaz nəfislikdəki ətirlərini, bir-birindən fərqli və heyrətamiz canlıları görməyə can atırdı. Amma bir tərəfdən də qorxurdu. Çünki dünyada baş verən qəddarlıqlar barəsində də az eşitməmişdi. Onu hər şeydən çox insanlar vahiməyə salırdı. Adətən körpə ruhların əksəriyyəti mavi planetin füsunkarlığına və doğmalarının sevgi dolu təbəssümlərinə alüdə olaraq doğulmağı seçirdilər. Lakin vücuda bürünməkdən qorxaraq imtina edənlər, hətta öz iradəsi xaricində buna məcbur olanlar da az deyildilər. Küləyə qətiyyən aydın olmayan onlarla bəhanə ucbatından doğulmamış övladından imtina edən valideynlər o qədər idi ki… Həmin körpələrin ruhları heç zaman bu zərbənin ağırlığından xilas ola bilməzdilər. Hansısa qəza nəticəsində geri qayıtmağa məcbur qalanlar da olurdu. Onların vəziyyəti nisbətən yaxşı idi. Çünki arzuolunmaz şəxs olmaq duyğusu ilə tanış deyildilər.

Küləyin yaxın dostlarından biri genetik cücəlik xəstəliyi ilə doğulacağı üçün dünyaya gəlməkdən imtina etmişdi. Əlbəttə, boyunun normadan çox qısa olacağını öncədən bilirdi və bu, onu narahat etmirdi. Amma seçim zamanı eyni sindromla doğulmuş qardaşının məktəb yoldaşları tərəfindən necə zorbalığa məruz qoyulduğunu görəndən sonra qətiyyətlə geri qayıtmışdı. Başqa bir yoldaşı isə ata-anası özlərini hələ valideyn olmağa hazır hiss etmədiyinə görə onlar tərəfindən ölümə göndərilmişdi. Və bu yaxınlarda sevimli rəfiqələrindən biri öz atasına qəzəblənərək “şüursuz marionetlər yığınından ibarət olan dünya”dan imtina etmişdi. Çünki atası onun qız olacağını öyrənəndən bəri gecə-gündüz anasına divan tutur, hələ üzünü görmədiyi günahsız övladına kin bəsləyirdi.

Nəhayət seçim günü gəlib yetişdi. Bütün müsbət və mənfi misallara rəğmən, Külək heç kəsin təsiri altında qalmadan öz qərarını vermək niyyətində idi. Doğulmağı seçdiyi təqdirdə, vücudunun dörd yaşında ikən alacağı şəklə bürünərək, ata-anasının da yaşadığı Bakıya göndərildi. Gözlərini açanda qarşılaşdığı mənzərə çöhrəsində təbəssüm və həyəcan yaratdı. Səmanın ucu-bucağı yox idi. Bir tərəfində mavi, həzin dəniz, digər tərəfində yamyaşıl çəmənlik uzanırdı. Sərin havanı ciyərlərinə çəkdi. Xoş bir qoxusu vardı. Əvvəlcədən zehninə yerləşdirilmiş marşrutu üzrə ilk addımını atdı. Daha sonra birini də və başqasını… Addımlamaq elə zövqlü idi ki! Şıltaq bir təbəssümlə tullanmağı sınaqdan keçirdi. Çox keçmədən, öz yerində dairələr cızaraq qaçmağa başladı. “İnsan olmaq necə də zövqlü imiş”, – deyə düşündü.

Gördüyü hər şeyi acgözlüklə beyninə həkk etmək istəyirdi. Sərin mehin təsirilə rəqs edən uzun, buruq saçları arabir koppuş yanaqlarına sığal çəkirdi. İllərlə toplanmış təcrübənin təsirilə baxışlara hopan dərinlikdən hələ ki məhrum olan, sonsuz maraq və heyrətin, öyrənmək şövqünün aşıb daşdığı iri, tünd qəhvəyi gözləri gün işığının təsirilə hərdən qıyılır, ardınca yenidən iri açılaraq öz kəşfinə davam edirdi. “Belə möhtəşəm bir dünyaya kim gəlmək istəməz ki?” – deyə fikirləşdi.

Elə bu vaxt hündür boylu bir qadın qabağını kəsdi. Külək qorxudan udqunaraq üzüyuxarı boylandı.

-  Qızım, bura kiminlə gəlmisən?

Cavab gəlmədi.

-  Anan haradadır?

Qorxudan ürkmüş qızcığaz hiss edirdi ki, nə isə cavab verməlidir. Ona görə də bütün gücünü toplayaraq birtəhər “Evdə…”, – deyə bildi. İlk dəfə özünün zəif, ciyiltili səsini eşitdi.

-  Lap yaxşı. Gəl, səni anana aparım.

Qadın gülümsəyirdi. Amma daxili instinkti Küləyə qaçmalı olduğunu pıçıldayırdı. Belə də etdi. Sürətlə götürüldü və arxasına baxmadan qaçmağa başladı. Ta ki ayağı səkinin küncünə ilişib yıxılana qədər. Yerə zərblə çırpılanda dəhşətli bir hiss keçirdi. Bədəninin müxtəlif yerlərinə hücum edən sızıltının təsirilə gözlərindən yaşlar boşalmağa başladı. “Yəqin ki ağrımaq belə olurmuş”, – deyə düşündü. Göz yaşlarını zəif bir hönkürtü müşayiət edirdi. Elə bu vaxt kimsə onu yerdən qaldırdı. Orta yaşlı bir kişi idi. Yanında bir qadın və elə Külək yaşlarında bir oğlan uşağı vardı. Onlar Küləyin üst-başına yapışan toz-torpağı, dirsəyinin ətrafından axan zəif qanı təmizləyib bint yapıştırdılar. Qadın Küləyin saçlarını səliqəyə saldı. O, Küləkdən “anan haradadır?” – deyə soruşanda qızcığaz başa düşdü ki, bu sualdan qaçış yolu yoxdur. Ona görə də anasının evdə olduğunu və evin yerini özünün tapa biləcəyini dedi. Buna baxmayaraq, təzə dostları onu evinə qədər aparmaqda qərarlı idilər.

Külək yol boyu onlardan xeyli maraqlı məlumatlar əldə etdi. İnsanların əsasən hündür tikililərdə, üst-üstə quraşdırılmış qutularda yaşadıqlarını, yemək, içmək, paltar almaq və digər hər şey üçün “pul” adlanan kağızdan istifadə etməyin lazım olduğunu öyrəndi. Qadın bayaq ona verdiyi şokoladı da həmin kağızla alıbmış.

Əynində cırıq, nazik paltarla camaata yaxınlaşıb əlini açaraq nə isə deyən balaca bir qız uşağı Küləyin diqqətini cəlb etdi. “O, nə istəyir?” – deyə kişidən soruşdu. “Pul istəyir ki, özünə yemək ala bilsin.” “Ata-anası yoxdur ki?” – Külək heyrətləndi. “Bəzi uşaqları ata-anaları atıblar. Ya da bütün yaxınlarını itiriblər deyə kimsəsiz qalıblar”, – qadın dedi. Külək “deməli dünyada da uşaqların atılmaq təhlükəsi var imiş”, – deyə ağlından keçirdi. Bu fikir onun heç xoşuna gəlmədi. Elə bu vaxt balaca qız onlara yaxınlaşdı. Külək əlindəki şokoladı tərəddüd etmədən qıza uzatdı. Həmçinin əynindəki gödəkçəni də çıxarıb ona verdi və ağappaq dərisinin soyuğun təsirilə rəng dəyişməsinə məhəl qoymadan yoluna davam etdi. Onun bu hərəkətindən kövrələn qadın oğlu üçün ehtiyat götürdüyü jaketi Küləyə geyindirdi.

Bir azdan Külək üçün yeni bir təəccüb səbəbi peyda oldu. Küçənin ortasında bir-birilə əlbəyaxa olan, qışqırıb-bağıran adamları görəndə qorxudan yerindəcə quruyub qaldı.

-  Bu insanlar neyləyirlər?, – deyə soruşdu.

-  Dalaşırlar, – bayaqdan susan balaca oğlan dilləndi.

İnsanların yola gedə bilməyəndə bir-birlərinə qışqırıb bağırdıqlarını, vurduqlarını, hətta bəzən xətər yetirdiklərini öyrəndikdə, Külək doğulub doğulmamaq barəsindəki qərarını ciddi-ciddi götür qoy etmək qərarına gəldi. Sürətlə şütüyən avtomobilləri, onun gözünün qabağındaca yaşlı bir qadının çantasından gizlicə nə isə götürən cavan oğlanı, həyətdə yığışıb oyun oynayan uşaqlara uzaqdan boynunu bükərək baxan balaca qızı, sözünə qulaq asmadığı üçün oğlunu hamının içində danlayıb pərt eləyən atanı görəndə tərəddüdü daha da çoxaldı. Bütün bu çətinliklərlə necə başa çıxacağını bilmirdi. Amma dünya elə gözəl və məsum idi ki…

Tezliklə Küləyin ata-anası ilə birlikdə yaşayacağı evə çatdılar. Zəngi bir neçə dəfə basdılar, amma qapını açan yox idi. Elə bu vaxt qonşu qapıdan çıxan qadın dedi ki, ev sakinləri elə indicə çıxıblar. O, uşağın doğulmaq üzrə olduğunu və təcili xəstəxanaya getdiklərini də əlavə etdi. Külək başları qonşuya qarışan dostlarının yanından astaca aralanaraq bayıra qaçdı. Onları görən kimi tanıdı. Maşına minmək üzrə idilər. Biraz da yaxınlaşdı.

Atası narahat olsa da, özünü təmkinli aparırdı. Anası gərgin halda qaşlarını çatmış, dişlərini bir-birinə sıxaraq oturmuşdu. O, bir anlıq pəncərədən boylandı və Küləklə göz-gözə gəldi. Külək çox həyəcanlandı. Anasının isə onu görən kimi simasına rahatlıq və fərəh qondu. Ana ilə gələcək qızı bir-birlərinə isti bir təbəssüm bəxş etdilər. Və Külək hiss etdi… Anasının baxışlarındakı doğmalıqdan onu tanıdığını duydu. Maşın sürətlə uzaqlaşır, balaca qıza ayrılan müddət isə azalırdı.

Külək artıq qərarını vermişdi. Dünyada ona bəxş ediləcək yerə bərk-bərk sarılmaq, anasını və atasını sonsuz bir sevgi ilə mükafatlandırmaq, hələ xəbərsiz olduğu minlərlə möcüzədən, gözəllikdən xəbərdar olmaq üçün doğulmaq istəyirdi. Bir neçə saatlıq qısa sınaq ona “insan” olmağın heç də asan olmadığını öyrətmişdi. Lakin ona veriləcək bu nemət hər cür çətinliyə dəyirdi. “İnsan” olma prosesi yalnız doğulmağı seçməklə başa çatmırmış. Sən demə dünyaya gələndən sonra da insan adına layiq yaşamalı və insanlığını qorumalıymışsan. Əks təqdirdə, cisimdən ayrılan bir ruh deyil, ruhsuz qalan bir cismə çevrilə bilərmişsən…

Elə bu vaxt güclü bir külək əsdi. Piyadaları yerlərindəcə dayanıb gözləməyə, indicə məktəbdən qayıdan balacanın gözlərinə dolan tozdan qurtulmaq üçün onları bərk-bərk ovuşdurmasına, təzə yuyulmuş paltarları ipə düzməkdə olan qadının əlindəki köynəyin uçub uzaqlara getməsinə, evlərdən birinin pəncərəsinin qarşısına ehtiyatsız halda qoyulmuş dibçəyin xoşbəxtlikdən kiminsə başına deyil, yerə düşüb sınmasına səbəb olacaq qədər güclü külək idi. Hər şey öz axarına qayıdanda isə Külək səssiz-səmirsiz qeyb olmuşdu. Bir neçə saatdan sonra növbəti və daha şiddətli bir külək əsdi. Bu dəfə onu yeni doğulmuş bir körpənin qışqırıqları müşayiət edirdi…